AZ

Azərbaycanın və SSRİ-nin ilk türk-müsəlman admiralı - Cəlil Cavadov

Cəlil Məmmədəli oğlu Cavadov (1 avqust 1918 – 6 fevral 1980) – tanınmış azərbaycanlı hərbi xadim, SSRİ tarixində ilk türk və müsəlman kontr-admiral, hərbi dəniz zabiti, ictimai-siyasi fəal. 1954–1971-ci illərdə Azərbaycan SSR Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri, 1959–1963-cü illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Uşaqlığı və təhsili

Cavadov 1918-ci ildə Abşeronun Fatmayı kəndində ziyalı ailəsində anadan olub. Atası Məmmədəli Cavadov neft sənayesində çalışıb, anası Həmidə xanım isə yerli məscid axundunun qızı idi. Cəlil Cavadov 1929-cu ildə Fatmayı kənd məktəbini, 1935-ci ildə isə Bakıda Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsini bitirib. Bir müddət “AzNeft” sistemində çalışdıqdan sonra təhsilini Moskva Kimya-Texnologiya İnstitutunda davam etdirmiş, lakin hərbi xidmətə cəlb olunaraq Sevastopoldakı P.S.Naximov adına Hərbi Dənizçilik məktəbinə qəbul olunub.

Cəlil

Böyük Vətən müharibəsində iştirak

Cavadov İkinci Dünya Müharibəsinin ilk günlərindən etibarən Dunay Hərbi Donanmasında xidmətə başladı. Miçman, sonra isə leytenant rütbəsi ilə Dunay çayında, Qara dənizdə, Sevastopolda, Tuapsedə və Şimal Donanmasında döyüşlərə qatıldı.

O, desant əməliyyatlarında, strateji şəhərlərin təxliyəsində, artilleriya dəstəyində və dəniz yollarının minalardan təmizlənməsi əməliyyatlarında xüsusi qəhrəmanlıq göstərmişdir. Sevastopolun müdafiəsi, Kerç–Feodosiya əməliyyatı, Qafqazın müdafiəsi, Liinaxamari desantı, Bratislava və Vyana uğrunda döyüşlər onun iştirak etdiyi mühüm hərbi əməliyyatlardır.

Müharibə dövründə Cavadov bir neçə dəfə yaralanmış, mühasirədən döyüş gəmiləri çıxarmış və kəşfiyyat əməliyyatlarına rəhbərlik etmişdir. O, göstərdiyi igidliyə görə iki dəfə “Qırmızı Ulduz” ordeni, “Sevastopolun müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “Qələbəyə görə” medalları və digər mükafatlarla təltif edilib.

Sülh dövründə hərbi və ictimai fəaliyyət

Müharibədən sonra Cavadov Xəzər Donanmasında xidmətini davam etdirmiş, daha sonra Donanmaya Yardım Könüllü Cəmiyyətində rəhbər vəzifələrdə çalışıb. 1954-cü ildən etibarən Azərbaycan SSR OADKYC Respublika Komitəsinin sədri kimi hərbi-vətənpərvərlik tərbiyəsi, gənclərin hərbi hazırlığı və dəniz biliklərinin yayılması sahəsində ciddi fəaliyyət göstərib.

Cavadov həmçinin Bakı Hərbi Dəniz Klubunun formalaşmasında, dəniz idman növlərinin inkişafında mühüm rol oynamışdır. Onun təşəbbüsü ilə müxtəlif təlim-məşq bazaları və kurslar təşkil olunub.

Cəlil

Ali rütbə və siyasi fəaliyyət

1968-ci ildə Cavadov SSRİ Ali Sovetinin qərarı ilə kontr-admiral rütbəsinə layiq görülmüş və bu, onu SSRİ-də bu rütbəyə yüksəlmiş ilk türk və müsəlman zabit etmişdir. Eyni zamanda o, SSRİ və Azərbaycan Kommunist Partiyası qurultaylarının nümayəndəsi, Təftiş Komissiyasının üzvü, SSRİ OADKYC Rəyasət Heyətinin üzvü olub.

Cavadov SSRİ-ni təmsil edən nümayəndə heyətlərində iştirak etmiş, o cümlədən Bolqarıstana və Macarıstana rəsmi səfərlərdə olmuşdur. Onun rəhbərlik etdiyi OADKYC Azərbaycan gəncləri arasında hərbi-vətənpərvərlik işini canlandırmışdır.

Son illəri və vəfatı

1971-ci ildə səhhəti ilə bağlı vəzifədən istefa verən Cavadova Müdafiə Nazirliyi tərəfindən “Silahlı Qüvvələrdə qüsursuz xidmətə görə” təşəkkür və fəxri saat təqdim edilib.

Cəlil Cavadov 1980-ci il fevralın 6-da vəfat edib, Bakıda hərbi ehtiramla dəfn olunub. Onun xatirəsi Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılıb.

Xanım Aydın

Seçilən
31
50
herbiand.az

10Mənbələr