AZ

Alyaska görüşündə hansı tərəf hədəflərinə çatdı? - RƏY

"15 avqustda ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən Alyaska görüşündə hansısa tərəfin əsas hədəflərinə çatdığını düşünmürəm". 

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu danışıqlardan yekun bir nəticə çıxmadı:

"Tərəflərin daha çox hansı nəticəyə yönələcəkləri istiqamətində addımlar gördük. Bəs onda ABŞ Alyaska görüşünü nə üçün təşkil etdi? Tramp açıq şəkildə Rusiyanı sanksiyalarla hədələyirdi. Bu sanksiyaların tətbiq olunmaması qarşılığında isə Putini təcili atəşkəsi qəbul etməyə çağırırdı. Amma yekunda gördük ki, Rusiya atəşkəsə əməl etməklə bağlı bir öhdəlik götürmədi. Hərçənd ki, Tramp bunu şərt kimi qoymuşdu". 

379946

Ekspert qeyd edib ki, Rusiya qarşı yeni sanksiyaların da tətbiq olunmayacağını açıqlandı:

"Yəni Tramp təhdidlərinin əksinə olaraq Ukraynadan müəyyən güzəştlərə getməsini istəyir. Ukraynanın bu güzəştlərə gedəcəyi isə çox böyük sual altındadır. 

Çünki ilk növbədə, güzəşt tələb olunan ərazi 50 kilometrlik dərin müdafiə qalasıdır. Hansı ki, məhz bu ərazilər uzun müddətdir Rusiyanın qarşısında dayanıb. Ona görə rus hərbçiləri Ukraynanın içlərinə doğru irəliləyə bilmir. İndi isə könüllü şəkildə, sülh və ya atəşkəs qarşılığında həmin ərazidən imtina edilməsi istənilir". 

Politoloq onu da vurğulayıb ki, xüsusilə Xerson şəhərinin Rusiyaya verilməsi artıq Ukraynanın dörd vilayətinin real olaraq əlindən çıxmasına səbəb olacaq:

"Ona görə də Ukrayna Prezidenti Volodimir Zelenski bu əraziləri verə bilməz. Hər nə qədər çalışsa da, Rusiyanın əlavə ərazi istəməməsi qarşılığında atəşkəsə hazır olduğunu bildirsə də, bir tərəfdən Amerikanın da dəstəyini itirə biləcəyini düşünür. 

Təkliflə razılaşmayaraq sadəcə Avropa İttifaqı və Böyük Britaniya ilə birlikdə Rusiyaya qarşı müqavimət göstərilə bilər. Digər tərəfdən, əgər Ukrayna bu şəhəri itirsə, o zaman Zelenskinin də siyasi karyerası bitmiş olacaq. Çünki faktiki olaraq, ölkənin 25 faizini Rusiyaya peşkəş verəcək". 

Turab Rzayev hesab edir ki, hətta Zelenski Putinin istədiyi əraziləri versə də bu, Rusiyanı saxlamağa kifayət etməyəcək:

"Düşünürəm ki, Rusiya üçün indiki halda yeni sanksiyaların tətbiq olunmaması və embarqoların dayandırılması daha uyğun olar, nəinki davamlı bir atəşkəs və sülh. 

Çünki Kreml də yaxşı bilir ki, indiki halda bir atəşkəs Ukraynaya 5-10 il ərzində daha yaxşı ordu, texnologiya və güc toplayaraq yenidən Rusiya ilə müharibəyə başlamasına şərait yarada bilər. 

Amma real atəşkəsin olmaması Rusiyaya imkan verir ki, az-az da olsa cəbhədə irəliləsin, istədiklərini həyata keçirsin və sanksiyalar tətbiq olunmadan fəaliyyətini davam etdirsin". 

Müsahibimizin sözlərinə görə, burada hər şey daha çox ABŞ-nin nə qədər israrlı olmasından asılı olacaq:

"Çünki ABŞ-də Trampdan başqa Pentaqonun və dərin dövlətin fərqli maraqları ola bilər. Əgər onlar da Ukraynada atəşkəsin olmasına dəstək versələr bu şəkildə bir atəşkəsə nail olunması mümkündür. Amma mən hələ ki, sülhdən yox, sadəcə atəşkəsdən danışmağın mümkün olduğunu düşünürəm. Konkret olaraq, Rusiya ilə Ukrayna arasında yaxın perspektivdə sülhün əldə ediləcəyinə inanmıram". 

Pərviz

Seçilən
94
33
hit.az

10Mənbələr