AZ

Ədəbiyyat sahəsində məşhur Pulitser mükafatı kimlərə verilir?

Pulitser mükafatı – ədəbiyyat sahəsində ən çox müzakirə olunan mükafatlardan biridir. Müxtəlif illərdə onun laureatları sırasında Ernest Heminquey, Uilyam Folkner, Harper Li, hətta Con Kennedi də olub. Gəlin, mükafatın banisi kim idi, bu gün kimlərə təqdim olunur və hansı əsərləri mütləq oxumaq lazımdır – bunlardan danışaq.

Pulitser mükafatı nədir?

Pulitser mükafatı – ən nüfuzlu jurnalistika mükafatı, həm də ədəbiyyat, fotoqrafiya və musiqi sahəsində ən vacib mükafatlardan biridir. Hər il 21 nominasiyada təqdim olunur.

Əslində “Pulitser mükafatı ədəbiyyat üzrə” ifadəsi tam düzgün deyil, çünki bu mükafat bir deyil, beş ədəbiyyat nominasiyasında verilir: “bədii nəsr” (1947-ci ilə qədər sadəcə “roman” adlanırdı), “tarix”, “bioqrafiya və ya avtobioqrafiya”, “poeziya” və “publisistika”. Bundan başqa, dram sahəsində də mükafat mövcuddur.

Adətən “Pulitser mükafatı ədəbiyyat üzrə” deyəndə ilk növbədə “bədii nəsr” kateqoriyasının qalibləri nəzərdə tutulur. Bu mükafat belə təqdim olunur: “amerikalı yazıçıya məxsus, kitab şəklində dərc olunmuş və üstünlük təşkil edən mövzu olaraq Amerikanın həyatına həsr edilmiş ən yaxşı bədii nəsr əsərinə görə”.

Cozef Pulitser kim idi və niyə mükafat onun adını daşıyır?

Macarıstanın Mako şəhərində doğulmuş Cozef Pulitser amerikalı jurnalist, nəşriyyat sahibi və siyasətçi idi. Onu qəzetçiliyin islahatçısı sayırlar: böyük və cəlbedici başlıqlar dəbinin əsasını o qoymuşdu.

1904-cü ildə o, vəsiyyət yazaraq Kolumbiya Universitetinə 2 milyon dollar miras qoydu. Bu məbləğin böyük hissəsi Jurnalistika Məktəbinin yaradılmasına, qalanı isə istedadlı amerikalı jurnalist və yazıçıların mükafatlandırılmasına ayrılmalı idi.

Cozef Pulitser 1911-ci ildə vəfat etdi, amma ilk dəfə mükafat yalnız 6 il sonra təqdim olundu. Əvvəllər poeziya, musiqi və fotoqrafiya üzrə nominasiyalar yox idi, lakin sonradan bunlar da əlavə edildi.

Kimlər Pulitser mükafatına namizəd ola bilər?

Namizəd hər hansı amerika vətəndaşı olan yazıçı ola bilər. Üstəlik, namizədliyi yalnız başqası yox, yazıçının özü də irəli sürə bilər. Bunun üçün 75 dollar iştirak haqqı ödənilir və həmin ilin ABŞ-da çap olunmuş kitabının 6 nüsxəsi Pulitser komissiyasına göndərilir.

Hətta vəfat etmiş yazıçını da namizəd göstərmək olar. Məsələn, Uilyam Folkner ikinci Pulitser mükafatını ölümündən sonra alıb.

Qaliblər necə seçilir?

Əvvəlcə 5 nəfərlik xüsusi komissiya bütün göndərilmiş əsərlərdən 3 finalçını seçir. Daha sonra təxminən 20 nəfərdən ibarət Pulitser Şurası gizli səsvermə ilə qalibi müəyyənləşdirir. Onların sırasında tanınmış KİV rəhbərləri, nəşriyyatçılar, jurnalistlər, yazıçılar və alimlər olur.

Qalib sadə səs çoxluğu ilə müəyyənləşir. Əgər heç kim kifayət qədər səs toplamasa, mükafat verilmir. Tarixdə 11 dəfə belə olub; sonuncu dəfə 2012-ci ildə “bədii nəsr” üzrə qalib müəyyənləşdirilməmişdi.

Qaliblərin adları ənənəvi olaraq apreldə elan olunur, mükafatlandırma mərasimi isə may ayında Kolumbiya Universitetində keçirilir. Qalib 15 min dollar mükafat alır.

Hansı məşhur yazıçılar Pulitser mükafatı alıblar?

Pulitser mükafatını alan məşhur yazıçıları təqdim edirik:

“Qəzəb salxımları” – Con Staynbeck
“Qoca və dəniz” – Ernest Heminquey
“To kill a Mockingbird” (Bir bülbülü öldürmək) – Harper Li
“Gone with the Wind” (Küləklə sovrulanlar) – Marqaret Mitçell
Uilyam Folkner, Con Apdayk, Filip Rot, Enn Tayler və başqaları
Dram sahəsində isə mükafat sahibləri arasında Tennessi Uilyams, Artur Miller, Uilyam Saroyan var. ABŞ prezidenti Con Kennedi isə 1957-ci ildə bioqrafik əsərinə görə Pulitser mükafatı qazanıb.

Oxumağa dəyən 4 Pulitser qalibi əsər

“Pərvanə və Kleyin heyrətamiz macəraları” – Maykl Şeybon
“Yol” – Kormak MakKarti
“Oliviya Kitteric” – Elizabet Strout
“Bütün görünməyən işıq” – Entoni Dorr

İmran Kərimli

Seçilən
18
30
tribunainfo.az

10Mənbələr