AZ

Avtomobildə oturub tıxac var deməklə problem həll olunmur, piyada və ictimai nəqliyyata şərait yaradılmalıdır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sumqayıt yolunda olan tıxac uzun illərdir ki, müzakirə mövzusudur. Müxtəlif zamanlarda,müxtəlif təkliflər irəli sürülüb, yol genişləndirilib, zolaqlara bölünüb və s. və ilaxır. Dəyişən heç nə yoxdur. Sözün əsl mənasında, "köhnə hamam, köhnə tas".

Bu günlərdə hərəkət iştirakçılarını narahat edən digər səbəb avtobus zolaqlarının olmasıdır. Deyirlər ki, Bakı-Sumqayıt yoluna "Şamaxinka"dan daxil olan istiqamətdə avtobus yolunun ayrılması hərəkəti çətinləşdirib.

Nəqliyyat məsələləri üzrə eskpert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunda çoxluqdan danışırıqsa, çoxluq ictimai nəqliyyatla hərəkət edir və ictimai nəqliyyatın səviyyəsi artırılmalıdır.

Rauf Ağamirzəyev

“Biz bu günə kimi elə həmin Bakı-Sumqayıt yolunun genişləndirilərək tıxaca son qoyulacağı barədə xəbərlər eşidirik. Faktiki genişlənirsə daha çox avtomobillə səfər etməyi təşviq etmiş oluruq və nəticədə bu qərar məsələni həll etməyəcək”-deyən ekspert qeyd edib ki, ictimai nəqliyyatın, xüsusən reys növünün inkişafı mütləqdir, hansı ki, dövlət proqramında da nəzərdə tutulub. Rauf Ağamirzəyev bildirib ki, ilin sonuna kimi dəmiryolu Dərnəgül dayanacağının təhvil verilməsi gözlənilir, həmçinin bu il üçün günlük səfər sayının 50 minə yaxın və beş il üçün bu səfərlərin ümumi sayının 250 minə çatdırılması nəzərdə tutulub.

Rauf Ağamirzəyev qeyd edib ki, digər məsələ metronun tikilməsidir və burada bənövşəyi xəttin şəhərin mərkəzinə çatdırılması nəzərdə tutulub.

“Bugün metro “Avtovağzal” stansiyasından yeddi dəqiqəlik intervalla hərəkət edirsə, bu interval 1-2 dəqiqəyə düşəcək. Eyni zamanda yeddi vaqonluq platformaların hərəkəti nəzərdə tutulub. Belə ki, keçid stansiyalarınıtəmin etməklə avtovağzaldan düz şəhər mərkəzinə “Ağşəhər”ə kimi getmək imkanı yaranacaq. “Avtovağzaldan bu gün əgər təkcə “Memar Əcəmi”yə keçid varsa, növbəti illərdə tikilən stansiyalarla “Nizami”yə bir keçid sonradan “Sahil” metrosuna keçid imkanı, “Xətai” metrosuna keçid imkanı və ilkin olaraq “Ağşəhər”də son dayanacaq olaraq təşkil olunacaq ki, üzü Sumqayıt istiqamətinə yəni avtovağzala getmək daha sürətli imkan yaradacaq. Və əksinə, avtovağzaldan üzü şəhərin mərkəzinə getmək imkanları yaranacaq. Bu da mövcud olan ayrılmış avtobus zolağı ilə ekspress avtobusları ilə gələnlər üçün çox gözəl bir fürsətdir ki, həm komfortlu avtobusdan sürətli ayrılmış zolaq ilə “Avtovağzal”a daha tez çatacaq və “Avtovağzal”dan da şəhər mərkəzinə ictimai nəqliyyatla getmək imkanı yaradacaq”-deyə Rauf Ağamirzəyev bildirib.

“Digər layihələrdən biri şəhərin ətrafında dairəvi yolların tikintisidir ki, bu da “20 Yanvar”a olan yükü azaldacaq. Buna 2007-ci ildən başlanmış yolun artıq tamamlanması layihəsi deyə bilərik. “Koroğlu” - “Hava limanı”, “Mərdəkan”, “Kürdəxanı” əgər 2014-cü ilə kimi tikilmişdisə, onun ardı olaraq “Pirşağı”, “Xırdalan” M1, M4 magistralı tikilir və o da şəhərə daxil olmadan Şamaxı və Sumqayıt istiqamətindən çıxış imkanı verəcək. Həmçinin dairəvi yollardan digəri “ Böyükşor” üzərindən dənə yol çəkilməsi və “Baksol” yolunun genişləndirilməsidir.

Ziya Bünyadov prospekti ilə yanaşı, həmçinin də “20 Yanvar” dairəsindəki vəziyyətə birbaşa təsir edəcək bir layihə də nəzərdə tutulub. Binəqədi-Azadlıq Prospekti boyu tamamlama nöqtəsindən üzü Binəqədi şosesi və ordan da üzü Sumqayıta yolunçəkilməsi də ümumi konseptual yanaşmadan biridir”-deyən ekspert hesab edir ki, eyni anda daha çox sərnişinin hərəkət etməsini deyiriksə, burada relsli nəqliyyat-dəmiryolunun payı böyükdür və bu dəmir yolunun özünün də əlavə dayanacaqlarının da təşkilini gündəmə gətirir.

“Burada baş planda nəzərdə tutulmuş Binəqədi, Rəsulzadə qəsəbəsində Xırdalan-2, Xırdalanın digər tərəfində, həmçinin Sumqayıt-2 kimi dayanacaqların da yaradılması, həmçinin sərnişin və yük qrafikinin ayrılması layihəsi, hansı ki, üzü Bakı-Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində birbaşa intensiv hərəkətə gətirib çıxaracaq. Bu gün səhər 10- dan 16-ya kimi orada qatar hərəkət etmir. Səbəbi yük qatarlarının həmin saatlarda hərəkətidir. Yük trafikini sərnişin trafikindən ayırmaq lazımdır ki, bu fasilə aradan qaldırmış olacaq.

Ümumi olaraq bizim hədəfimiz Xırdalan və Sumqayıt istiqamətində və ya ümumi Abşeron dairəsində 15-20 dəqiqəlik intervalla qatarların hərəkətinin təmini yönündə işlər olmalıdır. Bu da daha stabil, daha komfortlu, daha təhlükəsiz bir hərəkəti özündə ehtiva edəcək və insanlar fərdi nəqliyyatdansa qeyri-qanuni sərnişin daşımadansa keyfiyyətli, komfortlu, təhlükəsiz ictimai nəqliyyata yönələcək.

Qısası, rejim olaraq biz əgər tıxacının həll olunmasını istəyiriksə, biz fərqli hərəkət iştirakçıları üçün fərqli növlərə, xüsusən də ictimai nəqliyyata investisiyalarımızı, diqqətimizi, təbliğatımızı və tələbimizi artırmalıyıq. Avtomobilin pəncərəsindən baxıb qiymət verməyi kənara qoymalıyıq. Hamının avtomobili yoxdur. Hamının keyfiyyətli ictimai nəqliyyatı olmalıdır ki, avtomobil çox zəruri hallarda səfər üçün bir vasitə olsun.

Bakı şəhəri, əslində o qədər də böyük şəhər deyil. Səfərlərə baxsaq, bir çox səfərlər çox qısa məsafəlidir. Bakı-Sumqayıt arası olan məsafə o qədər böyük məsafə deyil ki, bunu əsasən fərdi nəqliyyatla səfəri təşkil edəsən. Buna görə ictimai nəqliyyata yaxın beş il üçün yatırımlar nəzərdə tutulub və bu yöndə diqqətimizi artırmalıyıq.

Ötən günlərdə Biləcəri kimi tarixi bir qəsəbədə olan vəziyyət məni sözün açığı təəccübləndirdi. Biləcəri özü həm sərnişindaşıma üçün həm yükdaşıma, həmçinin qovşaq rolunu oynayır. Qəsəbənin özündə piyada infrastrukturu bərbad, yəni yalnız küçənin hərəkət hissəsinə diqqət ayırıblar. Çox geniş bir hərəkət hissəsi var, amma piyadalar hərəkət iştirakçısı kimi kənarda qalıb. Səkilər ensiz, davamlı deyil, baryerlidir və bu da yekun insanların hərəkətinə birbaşa təsir edir. Qəsəbədə 150 minə yaxın insan yaşayır. Amma bu da hələ şəhərin giriş nöqtəsidir. Yəni bizdə bu cür misallar saysız çoxdur. Biz əgər şəraitimizi yalnız avtomobili əsas gətirib qururuqsa, yekun nəticə bu cür tıxaclardan qurtula bilməyəcəyik. Rahat avtomobildə oturub, “bura tıxacdır” demək düzgün deyil. Tıxac ona görədir ki, hamı avtomobilə yönəlir. Amma şərait yaratmaq lazımdır ki, insanlar bu məsafələri həm piyada, həm avtobus və digər növlərlə təşkil edə bilsinlər”-deyə ekspert bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
7
bizimyol.info

1Mənbələr