AZ

Putin-Tramp görüşünün PƏRDƏARXASI

“Valday” Beynəlxalq Diskussiya Klubunun eksperti Andrey Kortunov, Alyaskada baş tutan Putin-Tramp görüşü gözləntiləri tam olaraq qarşılamadığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Kortunov üç saat davam edən görüşmələrin pərdəarxasını və mümkün nəticələrini təhlil edib.

Onun sözlərinə görə, zirvə ərəfəsindəki nikbin gözləntilərin əksinə olaraq, danışıqlarda məhdud irəliləyiş əldə olunub.

Görüşün "5+5" formatında deyil, "3+3" formatında keçirilməsi, birgə naharın ləğvi və mətbuat konfransının qısa çəkməsi tərəflərin ayrılarkən tam mənada məmnun olmadığını göstərir deyən, Kortunov Trampın çıxışının da gözləniləndən daha qısa olduğuna diqqət çəkib.

Zirvənin konkret bir razılaşma ilə nəticələnməməsinin bazarlara da təsir etdiyini bildirən ekspert, “Rusiya birjalarındakı eniş, gözləntilərin doğrulmadığının göstəricisidir” şərhini verib.

Ekspert ABŞ-nin daha sərt addımlar atması halında digər sahələrdəki danışıqların da dalana dirənə biləcəyi barədə də xəbərdarlıq edib:

“İndi ən vacib sual budur ki, Amerika tərəfi görüşdə hələ "razılaşma" adlandırdıqları mərhələyə çatmamış olmasına necə reaksiya verəcək. Burada seçimlər var: reaksiya daha sərt də ola bilər, daha yumşaq da. Tramp görüş ərəfəsində Rusiyaya ikinci dərəcəli sanksiyalar şəklində iqtisadi təzyiq göstərməyə nə dərəcədə hazır olduğuna dair müxtəlif açıqlamalar vermişdi. Əks halda, sürətlə irəliləyə biləcək digər mövzularda danışıqlar aparmaq daha çətin olacaq”.

ABŞ Prezidentinin prosesi tamamilə tərk etməsinin gözlənilmədiyini deyən Kortunov, “Tramp, Rusiya–Ukrayna böhranına həll tapmaq cəhdlərinə böyük siyasi sərmayə yatırıb. Onu itirmək istəməz” fikrini söyləyib.

Ekspert əlavə edib ki, Avropa və Kiyevdən gələn təzyiqlər Trampı Bayden dövrünün siyasətlərinə qayıtmağa məcbur edə bilər:

“Qarşıdakı həftələrdə, hətta günlərdə həm daha ölçülü, həm də daha sərt ola biləcək bir növ Amerika reaksiyasının olacağı aydındır. Yəqin ki, Trampın qapını çırpıb həll tapmaq prosesindən imtina etməsi çətin olacaq. O, Rusiya–Ukrayna razılaşması üçün çoxlu şəxsi siyasi sərmayə qoyub və bu sərmayəni itirmək onun üçün yaxşı olmaz.

Amma Trampa qarşı təzyiqlərin, ilk növbədə Avropadan və təbii ki, Kiyevdə, başlanğıcdan bu cür dialoqa qarşı çıxan və Trampın Rusiya–Ukrayna münaqişəsinə dair sələfi Co Baydenin strategiyasının əsaslarına dönməsini istəyən qüvvələrin təsiri ilə indi daha da artacağı da güman oluna bilər”.

Kortunovun təhlilinə görə, Alyaska zirvəsi tərəflər arasında dialoqu canlandırsa da, Ukrayna müharibəsinin sona çatdırılması kimi əsas məsələlərdə konkret addımlar atılması üçün daha çox diplomatik səylər tələb olunur.

Seçilən
31
50
cebheinfo.az

10Mənbələr