AZ

Yaponiyada “Azərbaycanın milli rəqsi” adlı tədbir keçirilib

Yaponiyanın Vakayama prefekturasında “Vakayama Beynəlxalq Mübadilə Mərkəzi”nin ev sahibliyi ilə “Azərbaycanın milli rəqsi” adlı mədəni tədbir keçirilib. Tədbirdə yerli sakinlər və şəhərdə yaşayan əcnəbilər Azərbaycan mədəniyyəti ilə yaxından tanış olublar.   

Üç hissəli tədbirin birinci hissəsində qonaq məruzəçi Minarə Şükürova iştirakçılara əyani materiallarla Azərbaycan milli geyimləri, musiqisi və rəqs sənəti haqqında məlumat təqdim edib. Azərbaycan mədəni irsinin bir sıra elementlərini əhatə edən bu təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

İkinci hissədə isə tədbirə Bakıdan onlayn qoşulan rəqs üzrə mütəxəssis, “Mənimlə rəqs et” layihəsinin rəhbəri Lalə Aslanur “Şuşanın dağları” və “Yallı” rəqsləri barədə seminar keçib. O bu rəqslərin tarixindən, mənasından və ifa üslublarından danışaraq iştirakçıların suallarını cavablandırıb.

Tədbirin üçüncü hissəsində Minarə Şükürova çay mədəniyyətimiz haqqında təqdimatla çıxış edib. İştirakçılar Azərbaycan çayından dadıb və milli geyimlərimizlə şəkil çəkdiriblər.

Azərbaycan mədəniyyətinin müxtəlif aspektlərini özündə birləşdirən bu tədbir iştirakçılar arasında böyük maraq doğurub və mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verib.

Seçilən
65
4
xalqqazeti.az

6Mənbələr