Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
UFC Çikaqoya səkkiz dəfə "qonaq" olub. MMA (qarışıq döyüş sənəti - red.) sevənlərin ən böyük yarışı ABŞ-nin bu şəhərində sonuncu dəfə 8 iyun 2019-cu ildə keçirilib və UFC tarixinin ən effektiv nokautlarından birini əks etdirən möhtəşəm gecə ilə yadda qalıb.
O gecənin baş döyüşündə Henri Sexudo Marlon Moraes üzərində üçüncü raundda texniki nokaut ilə qalib gəlib və UFC-nin (Mütləq Döyüş Çempionatı - red.) "bantamweight" (61 kq) kəmərini qazanıb.
Ekspertlərin fikrincə, həmin gecə yaddaqalan döyüşlərlə xatirələrə hopsa da, Çikaqoda ümumən UFC-yə tamaşaçı marağı arzuedilən həddə deyil. Şəhərin son altı ildə turnirsiz qalmasının əsas səbəblərindən biri kimi məhz bunu göstərirlər.
Bu gün yenidən Çikaqoda baş tutacaq turnir buna görə böyük maraq doğurur - belə çıxır ki, MMA altı il sonra yenidən o qədər də populyar olmadığı şəhərə qayıdır. 2019-cu ildən sonra burada MMA yarışlarının belə yüksək səviyyədə keçirilməməsi, bəlkə də, başadüşüləndir. Axı dəfələrlə konfrans və divizion çempionu olmuş əfsanəvi hokkey komandası "Çikaqo Bləkhouks" varsa, MMA-ya vaxt qalar? Yaxud "Çikaqo Bulz" və onun əvəzolunmaz lideri Maykl Cordanı unutmaqmı olar? Görünür, bu dəfə təşkilatçılar bütün bunları nəzərə alıblar və əgər UFC Çikaqoya qayıdırsa, deməli, möhtəşəm döyüşlər vəd edir.
Gecənin əsas qarşılaşmalarında hazırkı orta çəki çempionu Drikus Du Plessi ilə məğlubedilməz Hamzat Çimayevin döyüşü əsas nəzərləri cəlb edəcək. Bununla yanaşı, Leron Merfi ilə Erron Piko arasındakı "featherweight" (66 kq) dueli, Ceff Nil ilə Karlos Pratesin qarşıdurması, Cared Kanonir ilə Maykl "Venom" Peycin orta çəki mübarizəsi, eləcə də Tim Elliot ilə Kay Asakura arasında keçiriləcək maraqlı görüş azarkeşlərə yüksək temp və dramatik anlar vəd edir.
Cənubi Afrikaya köçən avropalıların nəslindən olan Drikus Du Plessi 1994-cü ildə anadan olub. Uşaq vaxtlarından atletik potensialını üzə çıxaran Drikus özünü cüdo da daxil olmaqla bir çox idman növlərində sınayıb. 14 yaşında perspektivli döyüşçü kimi kikboksinqə keçib və beş il ərzində 30 nokautluq nəticə ilə 33:0 hesablı rekord göstəriciyə imza atıb. 19 yaşında artıq qaydasız döyüş növləri ilə məşğul olması başadüşüləndir: Du Plessinin gənclik enerjisi aşıb-daşır və o, qazandıqları ilə qane olmaq istəmirdi. Cüdo kimi idman növləri, bəlkə də, Drikus üçün sadə təəssürat bağışlayırdı.
Hazırda o, UFC-də orta çəki (84 kq) çempionudur. Drikus peşəkar MMA karyerasında güclü zərbə texnikası, yorulmaz tempi və rəqibləri zəiflədərək son raundlara üstün girməsi taktikası ilə tanınır. Du Plessi keçmiş kikboks üzrə dünya çempionudur, həm də güclü qrapplinq bacarıqlarına malikdir ki, bu da onda, yəqin ki, cüdodan qalıb. Son illərdəki ardıcıl qələbələri onu divizionun ən təhlükəli adlarından birinə çevirib.
Hamzat Çimayev indi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bayrağı altında çıxış etsə də, əslən Çeçenistandandır. O, 1994-cü ildə doğulub, uşaqlıqdan idmanla məşğul olub. Güləş zalının yaxınlığında yaşayan Çimayev ilk dəfə bir yaşında döşək üzərinə çıxıb, beş yaşında isə aktiv məşqlərə başlayıb. Sərbəst güləşçi kimi özünə böyük baza formalaşdıran Hamzat Rusiya çempionatında gənclər arasında bürünc medal qazanıb.
19 yaşında İsveçdəki qohumlarının yanına gedən Hamzat orada bir fabrikdə işə düzəlib. 23 yaşında qaydasız döyüşlərə keçib. O, MMA dünyasına ildırım sürəti ilə daxili olaraq, rəqiblərinə təzyiqi və döyüşü həm yerdə, həm də ayaqüstə tam nəzarətdə saxlama bacarığı ilə məşhurdur. Ustalıqla tətbiq etdiyi güləş fəndləri və aqressiv tərzi ona "Borz" ləqəbini qazandırıb. "Borz" çeçen dilində qurd mənasını verir.
UFC-də keçirdiyi bütün döyüşlərdə dominant mövqedən çıxış edən Çimayev bu gecə çempionluq kəməri üçün ən böyük şansını sınayacaq. Du Plessi isə mövqeyini qorumağa çalışacaq. Bu döyüş sürəti və tempi ilə hər kəs üçün yüksək emosiyalar vəd edir. Ulduzlar səmada olur, ancaq Du Plessi ilə Çimayev uğuru yerdə axtaracaqlar - biri keçmiş cüdoçu, digəri isə sabiq güləşçi kimi.
Bünyad Qaraxanlı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.