AZ

Azərbaycanda şəkər xəstələri niyə sürətlə artır? - Həkimdən xəbərdarlıq

Azərbaycanda şəkər xəstələrinin sayı artıb. Bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, ötən il ilk dəfə diabet diaqnozu qoyulmuş xəstələrin sayı 2024-cü ildə 33533 nəfərə çatıb. 2023-cü ildə isə bu rəqəm 30500 nəfər olub. 

Azərbaycanda şəkər xəstələrinin sayının artmasının əsas səbəbləri nələrdir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Ölkə.az-a açıqlamasında bildirib ki, bütün dünyada şəkər xəstəliyinin dinamikası artmaqdadır.

Onun sözlərinə görə, hazırda dünyada əmək qabiliyyətinin itirilməsinə erkən olaraq gətirən xəstəliklərdən biri şəkər xəstəliyidir:

"Çünki şəkər damarların, sinirlərin erkən zədələnməsinə və ömrün qısalmasına gətirən xəstəlikdir. Bizim ölkəmizdə şəkər xəstələrinin sayının artması bir neçə amillə bağlıdır. Əvvəla, genetik faktorlar əsasdır. Bu, bütün dünyada önəmli rol oynayır. Ata və ana xətti ilə şəkər xəstəliyi adətən sonrakı nəslə ötürülür. Əgər insan düzgün həyat tərzi seçirsə, xəstəliyə tutulmaya da bilər. Hətta genetika olsa belə, bunu lap yüngül keçirə bilir".

Həkim qeyd edib ki, şəkər xəstəliyinə gətirən amillərdən birincisi insulin dirəncidir:

"Həddən artıq qida və karbohidrat qəbulu, az hərəkətlilik, artıq çəki, oturaq həyat tərzi, siqaret və alkoqol istifadəsi, həmçinin digər zərərli vərdişlər şəkər xəstəliyinə gətirib çıxara bilər. Orqanizmə qida ilə daxil olan kalori ilə sərf olunan kalori arasında balans olmadığı halda, şəkər xəstəliyi riski artır.

Hesab edirəm ki, bu xəstəlik o ölkələrdə azdır ki, orada düzgün qidalanma, aktiv həyat tərzi var, idmanla məşğul olurlar, insanlar öz səhhətinnə diqqətli yanaşırlar. Amma digər ölkələrdə şəkər xəstələrinin çox olmasının səbəbi oturaq həyat tərzi, tənbəllik, həddindən artıq qida qəbulu və digər amillərlə bağlıdır. Məsələn, ərəblərin arasında bu xəstəlik çox yayılıb. Elə müsəlman coğrafiyasında kifayət qədər var.

Avropa ölkələrində şəkər xəstələrinin sayı azdır. Amma ABŞ-da şəkər xəstələrinin sayı artmağa meyllidir. Bunun səbəbi köklük, "fast food"un geniş yayılması və insanların bu həyat tərzinə alışmasıdır. Ona görə də xəstələrin sayı çoxdur.

Mən hesab edirəm ki, millətin genofondunun sağlamlığı üçün kütləvi idmanla məşğul olunmalı, düzgün qidalanma və qida mədəniyyətilə bağlı maarifləndirmə aparılmalıdır. Bütün bunlar həyata keçirilsə, biz də şəkər xəstələrinin sayını xeyli azalda bilərik".

Həmidə İbrahimova

Seçilən
78
2
olke.az

3Mənbələr