AZ

“Qarabağ”ın tarixi uğuruna kim mane olmağa çalışacaq? - şok detallar

“Şelburn”la “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhəsindən ayıran yeganə maneə “Ferentsvaroş”du.

Əlbəttə, “köhlən atlar”ın pley-off mərhələsində qarşılaşacağı Macarıstan təmsilçisinin məqsədi də eynidi. Ağdamlıların bu komandayla daha əvvəl qarşılaşdığından xəbərdarsız. Bilindiyi kimi, Qurban Qurbanovun komandası Çempionlar Liqasının 2022/23 mövsümünün 3-cü təsnifat mərhələsi çərçivəsində bu rəqiblə evdə 1:1 hesablı heç-heçə edibsə, səfərdə inamlı qələbə qazanıb (3:1). Təbii ki, həmin “Ferentsvaroş”la indiki arasında müəyyən fərqlər var. Əvvəlcə həmin məqama aydınlıq gətirək: “yaşıl qartallar”da əsas dəyişiklik taktiki sxemdədi. Bu da məşqçi dəyişikliyi ilə bağlıdı. O vaxt “Qarabağ”la oxşar üslubda - 4-2-3-1 ilə oynayan Stanislav Çerçesovdan fərqli komandanın indiki çalışdırıcısı Robbi Kin 3-5-2 düzülüşünə üstünlük verir. Qapı mövqeyi sabitdi. O vaxt da Denes Dibus idi, indi də. 2022-ci ildə də iki mərkəz müdafiəçisi ilə oynayırdılar. Futbolçulardan biri – Mats Knoster “Aberdin”də, digəri Sami Mmae isə “Qarabağ”da oynayır. Cinah müdafiəçiləri Eldar Çiviç və Endre Botka da komandadan ayrılıb. Hazırda Qabor Salai, Tum Remeykers və Stefan Qartenmann “üçlüy”ü ilə müdafiə olunur. Yarımmüdafiəçilər Anderson Esiti, Aissa Layduni, Adama Traore, Kristofer Zakariassen və Tokmak Nquen də komandadan ayrılıb. Mərkəz hücumçusu Frank Bolinin əvəzinə isə Lenni Yozef və Barnabaş Varqa oynayır. Hələ heyətdə “Liverpul” tarixinin həmin vaxt üçün rekord transferi, 2018-ci ildə 60 milyon avroya aldıqları Nəbi Keyta da var. Komandada “Qarabağ”ın sabiq futbolçusu Julio Romao da forma geyir. “Köhlən atlar”ın futbolçusu Kadi Borgesin məhz “yaşıl qartallar”dan ağdamlılara qayıtdığından xəbərdarsız.

Ümumiyyətlə, hazırda kollektivdə forma geyən 38 futbolçu var. Bunlardan 25-i legionerdi, 14-ü milli komandaların üzvüdü. Komandada orta yaş həddi 27-di. Budapeşt təmsilçisinin 4 mərkəz hücumçusu var ki, əsas qol ümidi 2,2 milyon avro dəyərində olan, Macarıstan millisinin formasını geyən Barnabaş Varqadı.

İndi isə “Ferentsvaroş” haqda başqa vacib məqamlara keçid alaq. Əsası 1899-cu ildə qoyulan klub çempionluq tituluna görə ölkəsinin rekordçusudu (36 dəfə çempion olub, 24 dəfə ölkə kubokunu, 6 dəfə isə Superkuboku qazanıb). “Yaşıl-ağlar” 1995-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməklə Macarıstan komandaları arasında ilkə imza atıb.

Ümumiyyətlə, “Ferentsvaroş” UEFA turnirlərində uğurlu nəticələr qazanıb. Xüsusilə ötən əsrdə. Kollektiv 1971/72 mövsümündə UEFA kubokunda (hazırkı Avropa Liqası) yarımfinaladək irəliləyibsə, 1974/75 “futbol ili”ndə Kuboklar Kubokunda final oynayıb. Bununla yanaşı, “yaşıl qartallar” 2004/05 mövsümündə UEFA kubokunun, 2019/20 və 2021/22 mövsümlərində Avropa Liqasının, 2020/21 mövsümündə isə Çempionlar Liqasının əsas mərhələlərində yer alıb.

Ötən mövsümü 69 xalla başa vuran, 2-ci pillədə qərarlaşan “Puşkaş Akademiyası”nı cəmi 3 xal qabaqlayan “Ferentsvaroş” indi də liderdi. “Qarabağ”ın rəqibi ilk üç turda 2 qələbə, 1 heç-heçə əldə edib. Çempionlar Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsində başlayan “yaşıl qartallar” burda “Noa”nı (Ermənistan) (2:1, 4:3), növbəti mərhələdə isə “Ludoqorets”ı (Bolqarıstan) (0:0, 3:0) mübarizədən kənarlaşdırıb.

Klubun “transfermarkt” dəyəri 50,2 milyon avrodu. Bu da “Qarabağ”ın heyətindən tam ikiqat artıq olması deməkdi. Komanda ev oyunlarını 23698 yerlik “Qroupama Arena”da keçirir.

KƏNAN BAHADIR

Yeri gəlmişkən...
“Ferentsvaroş” “Qarabağ”a qarşı oyunlara itki ilə çıxacaq. Belə ki, Habib Mayqa zədəli olduğuna görə heyətdən çıxarılıb. 29 yaşlı dayaq yarımmüdafiəçisi “Ludoqorets”ə qalib gəldikləri görüşdə zədələnib. Onu avstraliyalı yeni transfer Daniel Arzani əvəzləyib. Maraq üçün qeyd edək ki, “yaşıl-ağlar”ın qışda “Qarabağ”dan transfer etdiyi Romao da hələ sifariş ərizəsinə salınmayıb. O, uzun müddətdi zədəlidi.

Seçilən
1
1
football-plus.az

2Mənbələr