AZ

Əbədiyaşar qəhrəman

Xüsusi Təyinatlı Qüvvələrin rabitəçi giziri şəhid Tərzan Həşimovun nümunəvi döyüş yolu 

Elə bil ürəyinə dammışdı...

Onsuz keçəcək ağır sınaqlara, əzablara sinə gərməyə, şəhidliyinə hazırlamışdı ömür-gün yoldaşını...

26 sentyabr 2020-ci ildə son danışıqlarında, "Mənə nəsə olsa, uşaqlar sənə əmanətdir, onlara gözün kimi bax", - deyə qızları Məsumə və Höküməni həyat yoldaşına, Mətanəti isə Allaha əmanət edib halallaşmışdı... 

Sanki anlamışdı ki, budəfəki gedişinin dönüşü olmayacaq... 

Ancaq bir an belə tərəddüd etməmişdi, Vətən uğrunda çıxdığı bu çətin və şərəfli yoldan dönməmişdi... 

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri Tərzan Həşimov həmin gün pəncərədən atalarının arxasınca məlul-məhzun baxan iki körpə qızını geri dönüb bağrına basıb gül ətirlərini sinəsinə çəkərək onlarla sonuncu dəfə vidalaşmış və ana Vətənin harayına min yerdən səs verən qəhrəman Azərbaycan oğullarına qoşularaq hərb meydanına torpaqlarımızı azad etməyə yollanmışdı... 

Peşəkar hərbçi

Tərzan Qəhrəman oğlu Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Orta məktəbi Bibihoni kənd məktəbində oxuyub. 6 mart 2010-cu ildə Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi alan Tərzan Həşimov Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı taqım komandirinin müavini vəzifəsində xidmətə başlayıb. Daha sonra Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət etməyə başlayaraq peşəkar hərbçi kimi yetişib. O, rabitəçi gizir kimi fəaliyyət göstərib və bu sahədəki xüsusi bilikləri ilə seçilib. Döyüş yoldaşlarının söylədiklərinə görə, erməni dilini səlis bilməsi ona bir neçə dəfə düşmənlə rabitəyə daxil olub onların texnikasını məhv etmək imkanı verib.  Torpaqlarımızın müdafiəsi uğrunda baş vermiş 2016-cı ilin Aprel döyüşləri zamanı Tərzan Həşimov ön cəbhədə iştirak edib. Döyüş zamanı yaralanmasına baxmayaraq, neytral zonada həlak olmuş bir əsgərimizi çıxarmış və bununla da əsl qəhrəmanlıq nümunəsi göstərmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Tərzan Həşimov da ön cəbhədə yer alıb. O, Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 20 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 

Müqəddəs arzu

Tərzan uşaq yaşlarından özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş atası Qəhrəman Həşimova böyüyəndə hərbçi olacağını, torpaqlarımızı azadlığına qovuşduracağını deyərmiş. Elə bu arzusuna qovuşmaq üçün də gecə-gündüz çalışıb hərb sənətinin sirlərini dərindən mənimsəyir, Aprel döyüşlərində də İkinci Qarabağ müharibəsində də döyüş meydanında göstərdiyi qəhrəmanlıqlarla tarix yazır. Yaxınlarının və döyüş yoldaşlarının söylədiklərinə görə, Tərzan istiqanlı, gülərüz, həyatsevər, mehriban və olduqca məsuliyyətli bir insan olub. O, hər anını dəyərləndirən, çevrəsinə müsbət enerji bəxş edən bir şəxsiyyət kimi yaddaşlarda qalıb.

Tərzan Həşimovun savaş meydanında göstərdiyi qəhrəmanlıqlar saysız olub. Sonradan döyüşçü yoldaşlarından biri danışıb ki, rabitəçi Tərzan Həşimov  erməni dilini yaxşı bildiyi üçün bir dəfə erməni diversiya qrupunun komandiri ilə əlaqəyə girir və onu yoldan çıxarıb aldadıcı istiqamətə yönəldir. Bu sayədə hərbçilərimiz tərəfindən düşmənin həmin diversiya qrupu məhv edilir.  

Torpağına bağlı bir şəxsiyyət kimi böyüyən vətənpərvər Azərbaycan oğlunun bayrağımıza bir ayrı sevgisi varmış. Qəhrəman şəhidin vəfatından sonra həyat yoldaşı Mətanət xanım verdiyi müsahibəsində bu məqama toxunaraq deyib ki, Tərzan bayrağımızı çox sevirdi: "Çağırıldığı toylara gedəndə də mütləq özü ilə bayraq hədiyyə aparardı. Döyüşlər başlayanda mənə dedi ki, niyə evə bayraq almamısan? Dedim ki, bayrağımız var idi, Yaşmada qalıb. Amma dedim ki, qələbə ilə qayıdın, inşallah səni bayraqla qarşılayacam..."

Qəhrəman şəhidin yoldaşının Tərzanla son görüşdükləri günlə bağlı danışdıqlarına qulaq vermək insanın bağrını köz kimi dağlayır: "26 sentyabr 2020-ci ildə gecə saat 4-də Tərzanı təlim adı ilə yola saldıq. Əslində, o, təlimdən yeni qayıtmışdı. Həmin gün də bir günlük gəlmişdi. O bizimlə çox vaxt keçirməyə çalışırdı, uşaqlarla oynadı, onları öz əlləri iə yedizdirdi. Elə bil ürəyinə dammışdı ki, geri qayıtmayacaq. Son dəfə bizimlə görüşüb çıxanda dedi ki, qızlarımı çıxar pəncərəyə, qoy arxamca baxsınlar. Sağollaşdı. Sonra dörd-beş dəfə yenidən qayıdıb bizimlə sağollaşdı. Sonuncu dəfə maşını işə salıb yenidən qayıtdı və dedi ki, Allaha əmanət ol, uşaqlar da sənə əmanət olsun". 

Beləcə ailəsini və övladlarını vətənə əmanət edib döyüşə yollandı Xüsusi Təyinatlıların qəhrəman giziri 31 yaşlı Tərzan Həşımov. 44 günlük müharibənin düz 24 günü cəsurluqla savaşaraq düşmənə qan uddurdu. Torpaqlarımızın qarış-qarış azad edilməsində böyük xidməti oldu. Tərzan Həşimov 20 oktyabr 2020-ci ildə növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid oldu, əbədiyaşarlıq zirvəsinə ucaldı. 

Bəli, bu torpağı özünə ana bilən, onun uğrunda canından, qanından, ailəsindən, övladlarından belə keçməyi bacaran böyük ürəyə sahib olan Tərzan Həşimov kimi oğullar sayəsində biz bütöv Azərbaycana sahibik. 

Vətən qarşısındakı xidmətlərinə görə Tərzan Həşimov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.  

Ruhun şad olsun, qəhrəman vətən oğlu!

Nə qədər ki, bu xalq, bu vətən var, sən də ürəklərdə daim yaşayacaq, minnətdarlıqla anılacaqsan.

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
94
31
azerbaijan-news.az

10Mənbələr