AZ

Biləsuvarda inşa olunan günəş-elektrik stansiyasının mühafizəsinin təşkili ilə bağlı müqavilə imzalanıb

Biləsuvar RİH-də BƏƏ-nin "Masdar" şirkəti, podratçı təşkilat "NWEPDİ.AZ" LLC və AR Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Cəlilabad Regional Mühafizə şöbəsi arasında günəş-elektrik stansiyasının (GES) tikintisi və istismarı zamanı mühafizə xidmətinin göstərilməsi barədə müqavilə imzalanıb. 

Tədbirdə Biləsuvar RİH-in başçısı Faiq Qürbətov, Baş Mühafizə İdarəsi Cəlilabad Regional Mühafizə şöbəsinin rəisi Rəfail Cəfərov, podratçı təşkilat "NWEPDİ.AZ" LLC-in direktoru Du Ning və digər rəsmi şəxslər iştirak ediblər.

Rəfail Cəfərov və Du Ning arasında imzalanan müqaviləyə əsasən, tərəflər üzərlərinə düşən vəzifələrin vaxtında və tam şəkildə yerinə yetirilməsini, əməkdaşlığın qarşılıqlı etimad, məsuliyyət və peşəkarlıq prinsipləri əsasında qurulmasını öhdələrinə götürüblər. Bu əməkdaşlıq GES-in tikinti və istismar dövründə təhlükəsizlik səviyyəsinin yüksək saxlanılmasına, obyektin fasiləsiz və etibarlı fəaliyyətinə mühüm töhfə verəcək. Bununla yanaşı, layihə ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, texniki avadanlıqların qorunması və işçi heyətin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi təmin ediləcək. Həmçinin görüləcək işlər regionda iri enerji layihələrinin icrasında müasir mühafizə standartlarının tətbiqinə nümunə olacaq.

Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq günəş-elektrik stansiyasının inşasına Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında imzalanmış müqaviləyə əsasən başlanılmış və 2024-cü il iyunun 4-də Prezident İlham Əliyevin iştirakı və xeyir-duası ilə layihənin təməli qoyulmuşdur. 

Seyran CAVADOV,

"Azərbaycan"

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr