Qaynarinfo saytına istinadən ain.az xəbər verir.
Amerikalı yazıçı, "Qorxunun kralı” kimi tanınan Stiven Kinq oxucuları ilə həyatından və yaradıcılıq vərdişlərindən maraqlı məqamlar bölüşüb.
Qaynarinfo-nun məlumatına görə, "The Guardian”a müsahibəsində 77 yaşlı Kinq bildirib ki, hələ də əsərlərini adi "Microsoft Word” proqramında yazır. Bəzən mətni əvvəlcə əllə yazır, sonra kompüterdə yığır. O, həmçinin kitab dükanlarında gizli şəkildə imza atma vərdişindən danışıb:
"Əgər sakitcə girib çıxa bilirəmsə, bunu edirəm. Sonuncu dəfə Men ştatının qərbində evimə yaxın bir kitab dükanında "Never Flinch" və "You Like It Darker" kitablarının bir neçə nüsxəsini imzaladım. Avtoqraf sessiyalarını çox sevmirəm, çünki hər kəsin kitabını imzalamaq mümkün olmur".
Müsahibə zamanı ona çox yazmasının səbəbi barədə də sual verilib. Kinq belə cavab verib: "09:00-dan 12:00-a qədər olan iki-üç əlavə saatı necə keçirmək barədə qərar vermək çətindir. Televizorda oyun şoularını sonsuza qədər izləmək olmaz. Gəzintiyə çıxa bilərəm, amma onda da növbəti işim barədə düşünürəm".
Kinq etiraf edib ki, "Judas Priest” qrupunu dinləməkdən imtina edib, çünki "You’ve Got Another Thing Comin” mahnısının mətnindən "Duma adası” romanında istifadə hüququnu ala bilməyib: "Bunun yerinə Rancid, Nazaret, Anthrax və Metallica dinləməyə başladım. Birbaşa başımdan kağıza yazarkən musiqi dinləmirəm. Təkrar yazı zamanı isə klub musiqisi, disko və ya təkrarlanan ritmli mahnılar xoşuma gəlir. Bu gün LCD Soundsystem dinlədim, xüsusilə "North American Scum", "Losing My Edge" və "Daft Punk Is Playing at My House" mahnılarını çox sevirəm".
Yazıçı hazırda britaniyalı detektiv romanlarını oxumağı sevdiyini deyib. O, hazırda Evelin Klarkın Şotlandiya adasında baş verən "The Ending Writes Itself” əsərini oxuyur. Həmçinin bir dəfə ona içi uçan zəli ilə dolu tərk edilmiş soyuducu yuxusuna gəldiyini, bu təsviri əsərlərində istifadə etdiyini bildirib.
Kinq yarımçıq qalmış əsərlərindən də danışıb. Onlardan biri, çoxmərtəbəli binada baş verən "Hanniballar” adlı roman, 200 səhifədən sonra dayandırılıb, çünki yazıçı süjetin davamını gətirə bilməyib.
Gələcək qorxu yazıçılarına tövsiyəsində Kinq, fiziki işdən çəkinməməyi məsləhət görüb: "Əllə işləmək tələb edən istənilən iş, sakit ofisdə oturmaqdan daha yaxşıdır".
Öz həyatı haqqında çəkiləcək filmdə onu kiminsə canlandırması barədə sualda isə zarafatla cazibədar bir aktyor istədiyini, amma Bred Pittin yəqin ki, buna razı olmayacağını deyib. Daha real variant kimi Kristofer Lloyd və Kayl MakLaxlanın adını çəkib.
Stiven Kinq 60-dan çox romanın və təxminən 200 hekayənin müəllifidir. Onun "Parıltı” (The Shining), "O” (It), "Ev heyvanları qəbiristanlığı” (Pet Sematary), "Mizeri” (Misery), "Qaranlıq qüllə” (The Dark Tower), "Yaşıl mil” (The Green Mile) və "Şouşenkdən qaçış” (The Shawshank Redemption) kimi məşhur əsərlərinin çoxu ekranlaşdırılıb.
Yazıçı əsərlərində qorxu, fantastika, triller və dram elementlərini birləşdirir, hadisələri tez-tez Men ştatındakı uydurma Derri və ya Kasl Rok şəhərlərində yerləşdirir. Onun üslubu personajların psixologiyasına diqqət, məişət detallarının təsviri və gərgin atmosferi ilə seçilir.
O, Bram "Stoker Award", "World Fantasy Award" və "National Book Award" daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb. Müasir qorxu ədəbiyyatının ən nüfuzlu müəlliflərindən biri hesab olunur. Yazıçı Tabita Kinq ilə evlidir, üç övladı var, onlardan ikisi – Co Hill və Ouen Kinq – tanınmış yazıçılardır.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.