"Niyə kainat qulaqlarımıza susur və bu səsləri necə "danışdırmaq" olar?..
Ulduz dumanlıqları, nəhəng qaz planetləri, görünməz qara dəliklər - kainatın möhtəşəm mənzərəsi sanki dinamik bir film səhnəsi kimidir. Amma bu vizual möcüzələrin fonunda qəribə bir paradoks gizlənir, bu da kosmosda hökm sürən dərin sükutdur.
Moderator.az xəbər verir ki, bu barədə "newsinfo.ru" nəşri yazıb.
Söhbət yalnız ulduzlararası məsafələrdən getmir - kainatın "susqunluğunun" fiziki səbəbləri var. NASA-nın "Çandra" rentgen rəsədxanasının mütəxəssisi Kimberli Arkand deyir: "Kainatda məşhur bir deyim var: Kosmosda qışqırsan belə, səni heç kim eşitməz. Bu, tamamilə doğrudur. Çünki sükut kosmosun təbii halıdır".
Niyə kosmosda səs eşidilmir?
Səs dalğaları molekulların sıxılıb-açılması ilə yayılır. Atmosferimizdə və ya sulu mühitdə molekullar çox sıx yerləşdiyi üçün bu dalğalar sürətlə hərəkət edir və qulaqlarımız onları qəbul edir.
Ancaq kosmosun böyük hissəsində molekul sıxlığı o qədər azdır ki, dalğaların yayılması demək olar ki, mümkün deyil. Məsələn, qalaktikalararası boşluqda orta hesabla 1 kub metrə 1-dən də az atom düşür. Bu, Yerdəki havadan trilyon-trilyon dəfə seyrəkdir. Belə mühitdə ən güclü partlayış səsi belə bizə çatmadan "sönür".
Harada səs var?
Tam sükut anlayışı əslində mifdir. Səs dalğalarının yayıla biləcəyi yerlər mövcuddur - məsələn, qalın atmosferli planetlər (Venera kimi), qara dəliklərin yaxınlığında toplanan qızğın qaz buludları, qaz nəhənglərinin daxili təbəqələri.
2003-cü ildə alimlər Persey qalaktika yığınının mərkəzindəki superkütləvi qara dəliyin isti qaz axınları ilə yaratdığı təzyiq dalğalarını ölçüb. Nəticə heyrətamiz olub: bu "not" Si-bemoldur, amma 57 oktava insanın eşitmə həddindən aşağıdadır, yəni biz onu heç vaxt birbaşa eşidə bilmərik.
Marsdakı roverlər küləyin səsini yazsa da, orada atmosfer çox seyrək olduğu üçün bu səslər boğuq və aşağı tezliklidir.
Sükutu "danışdırmaq": sonifikasiya
NASA və digər araşdırma qrupları sonifikasiya adlı üsulla kosmosdakı hadisələri səslərə çevirir. Bu zaman teleskopların qeydə aldığı real məlumatlar xüsusi alqoritmlərlə insan eşitmə diapazonuna uyğunlaşdırılır.
Kimberli Arkandın dediyinə görə, Persey qalaktika yığınının "səsi" üzərində işləyərkən sanki nəhəng bir varlığın nəfəsini xatırladan dərin gurultu əldə ediblər. Bu cür işlər həm görmə məhdudiyyətli insanların kainatı "eşitməsinə", həm də elmə yeni bir emosional ölçü qatır.
Planetlərin səs palitrası
Venera - qalın karbon qazı atmosferində küləklər bəlkə də dərin, uğultulu səslərlə əsir.
Yupiter - maqnetosferadakı plazma dalğaları yüksək tezlikli "çırpıntılar" yaradır.
Saturn - halqalarındakı hissəciklərin toqquşması incə "zəng sədaları" kimi ola bilər.
NASA artıq çoxsaylı "kosmik səslər" - pulsarların ritmik tıqqıltılarından tutmuş, ulduzlararası plazmada baş verən "kosmik şimşəklər"ə qədər arxivini paylaşır.
Kainatın səssiz musiqisi
Əslində kainat səslərlə doludur, sadəcə onların əksəriyyəti bizim eşitmə qabiliyyətimizdən kənardadır. Elm insanlarının məqsədi - bu "gizli" musiqini bizim dünyamıza gətirməkdir. Bəlkə də gələcəkdə ulduzların doğumunu, qalaktikaların toqquşmasını və ya qara dəliyin "nəfəsini" qulağımızla eşidə biləcəyik.