AZ

Müasir həyatın sürəti ilə yarışan ürəyimiz - MÜSAHİBƏ

Hər nəfəs önəmlidir: Mütəxəssislə ürək sağlamlığı üzrə söhbət

Kardioloq: Hər gün qarşılaşdığım insan taleləri mənə həm həyatın dəyərini, həm də vaxtında atılan addımların nə qədər mühüm olduğunu xatırladır

Müasir həyatın sürətli ritmi, artan stress, qeyri-sağlam qidalanma və hərəkətsizlik ürək-damar xəstəliklərinin həm dünyada, həm də ölkəmizdə yayılmasını sürətləndirir. Bu təhlükə yalnız yaşlı nəslin deyil, gənclərin də sağlamlığı üçün ciddi riskə çevrilib. Həkim-kardioloq Maya Abdullayeva həm yerli, həm də beynəlxalq təcrübəyə malik bir mütəxəssis kimi illərdir insanların sağlam ürəyə sahib olması üçün çalışır. Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda aldığı təhsil, İstanbul Universitetindəki ixtisasartırma kursu, həmçinin ölkəmizin aparıcı klinikalarında qazandığı təcrübə onun peşəkarlığını daha da möhkəmləndirib. Hazırda Nizami Tibb Mərkəzində fəaliyyət göstərən Maya Abdullayeva ilə həm ürək xəstəliklərinin səbəblərini, həm də ürəyimizi uzun illər sağlam saxlamağın yollarını danışdıq.

-Sizi daha yaxından tanıyaq…

-2005–2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almışam. 2011–2015-ci illərdə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda kardiologiya ixtisası üzrə rezidentura təhsili keçmişəm. Rezidentura dövründə Mərkəzi Klinika və Mərkəzi Neftçilər Xəstəxanası kimi müasir kardioloji bazaya malik səhiyyə müəssisələrində peşəkar bilik və bacarıqlarımı təkmilləşdirmişəm. 2014-cü ildə İstanbul Universitetinin Kardiologiya Ana Bilim Dalında ixtisasartırma kursu keçmişəm. 2015–2016-cı illərdə 20 saylı Uşaq Poliklinikasında, 2016–2018-ci illərdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında, 2018–2022-ci illərdə isə Bona Dea Beynəlxalq Xəstəxanasında həkim-kardioloq kimi fəaliyyət göstərmişəm. 2022-ci ildən etibarən Nizami Tibb Mərkəzində fəaliyyətimi davam etdirirəm. Azərbaycan Kardiologiya Cəmiyyətinin işçi qruplarının və Avropa Kardiologiya Cəmiyyətinin üzvüyəm.

-Kardiologiya sahəsinə marağınız necə yarandı və bu sahəni seçməyinizin əsas səbəbi nədir?

- Uşaqlıqdan anamın xəstələrinə necə ümid verdiyini, onlara yalnız tibbi yardım göstərməklə kifayətlənməyib, eyni zamanda, həyat eşqi aşıladığını görmüşəm. Bu, məndə həkimliyə dərin maraq və insana yardım etmə arzusu formalaşdırdı. Tibb təhsilim müddətində isə anladım ki, ürək-damar xəstəlikləri həm dünyada, həm də ölkəmizdə ölüm səbəbləri arasında ilk sıralarda dayanır. Vaxtında və düzgün müdaxilə isə minlərlə həyatı xilas edə bilir. Bu həqiqət mənim kardiologiyaya olan marağımı daha da gücləndirdi. Kardiologiya mənim üçün yalnız yüksək elmi bilik və müasir texnoloji yenilik tələb edən bir sahə deyil, həm də birbaşa insan həyatına toxunan, ona yeni bir nəfəs bəxş edən unikal bir ixtisasdır. Məqsədim yalnız xəstəliklərin müalicəsi ilə kifayətlənməyərək, profilaktika və erkən diaqnostika istiqamətində yeniliklər tətbiq etmək, beləliklə insanların daha uzun, sağlam və keyfiyyətli həyat sürməsinə töhfə verməkdir.

 -Bu peşə sizə hansı insani dəyərləri qazandırdı? Həkimlik həyatınıza necə təsir edib?

- Həkimlik mənə ən çox empati, səbr və məsuliyyət hissini qazandırdı. İnsanın yalnız xəstəliyini deyil, onun qorxularını, ümidlərini və hisslərini də görməyi öyrəndim. Hər bir klinik qərarın insanın həyatına birbaşa təsir etdiyini dərk etdiyim üçün işimdə daha diqqətli, dəqiq və vicdanlı olmağı prioritet seçdim. Hər gün qarşılaşdığım insan taleləri mənə həm həyatın dəyərini, həm də vaxtında atılan addımların nə qədər mühüm olduğunu xatırladır. Həkimlik mənim üçün sadəcə, bir peşə deyil, həyatımın ritmini və məqsədini müəyyənləşdirən bir yol oldu. Bəzən uzun iş saatları, gecə növbələri və çətin qərarlar yorucu ola bilir. Amma bir insanın həyatını xilas etdiyimi bilmək bütün çətinlikləri unutdurur. Artıq anlayıram ki, bəzən ən kiçik bir gülümsəmə və ya xəstənin dilindən eşidilən səmimi “çox sağ olun” sözü belə, insana böyük motivasiya və güc verir.

-Kardioloq olaraq gündəlik fəaliyyətiniz nədən ibarətdir və ən çox hansı ürək-damar problemləri ilə qarşılaşırsınız?

-Kardioloq olaraq gündəlik fəaliyyətim xəstələrin müayinəsi, tibbi tarixçələrinin və şikayətlərinin dinlənilməsi, klinik baxış və instrumental diaqnostika metodlarının tətbiqi ilə başlayır. Ürək fəaliyyətini qiymətləndirmək üçün bir sıra müasir üsullardan istifadə edirəm. Bunlara ürəyin elektrik fəaliyyətini qrafik şəkildə qeyd edən elektrokardioqramma (EKQ), ultrasəs dalğaları vasitəsilə ürəyin quruluşunu və funksiyasını real vaxtda göstərən exokardioqrafiya, eləcə də ürək ritmini 24–48 saat ərzində fasiləsiz qeyd edərək gizli ritm pozğunluqlarını aşkar edən Holter monitorinq daxildir. Lazım gəldikdə, yüklənmə zamanı ürəyin reaksiyasını qiymətləndirən stress testləri də tətbiq edirəm. Həm ambulator, həm də hospital şəraitində pasiyentlərlə işləyir, fərdi müalicə planları hazırlayıram. Stasionar xəstələrin müalicə prosesini yaxından izləyir, gedişata uyğun olaraq müdaxilələr edirəm. Fəaliyyətimdə ən çox rast gəldiyim ürək-damar problemlərinə arterial hipertenziya, ürəyin işemik xəstəliyi, ritm pozğunluqları və ürək çatışmazlığı daxildir. Xəstələrim arasında həm kəskin, həm də xroniki hallar geniş yayılıb. Məqsədim hər bir pasiyentdə erkən diaqnostika, effektiv müalicə və profilaktik yanaşma ilə həyat keyfiyyətini yüksəltməkdir.

-Son illərdə ürək-damar xəstəliklərində artım müşahidə olunurmu?

-Ürək-damar xəstəliklərinin artımı həm dünyada, həm də ölkəmizdə statistik olaraq təsdiqlənmişdir. Bu artımın əsas səbəbləri arasında qeyri-sağlam həyat tərzi — fiziki aktivliyin azalması, piylənmə, düzgün olmayan qidalanma, siqaret çəkmə, spirtli və energetik içkilərin istifadəsinin geniş yayılması dayanır. Eyni zamanda, xroniki stress, yüksək qan təzyiqi və digər risk faktorları da ürək xəstəliklərinin yayılmasına mühüm təsir göstərir. Müasir həyatın sürətli və gərgin ritmi bu problemləri daha da dərinləşdirir. Buna görə də əhalinin maarifləndirilməsi, sağlam həyat tərzinin təşviqi, profilaktik tədbirlərin gücləndirilməsi və erkən diaqnostikanın təmin edilməsi həyati əhəmiyyət daşıyır. Bu yanaşma yalnız xəstəliklərin qarşısını almağa deyil, həm də uzunmüddətli perspektivdə insanların həyat keyfiyyətini yüksəltməyə xidmət edir.

-Gənclər arasında ürək-damar xəstəliklərinin artdığını müşahidə edirsinizmi? Bu vəziyyət sizi narahat edirmi?

-Bəli, pasiyentlərim arasında gənclər də kifayət qədər çoxdur. Təəssüf ki, son illərdə gənclərdə ürək-damar problemlərinin artması açıq şəkildə müşahidə olunur. Xüsusilə arterial hipertenziya (qan təzyiqinin normadan yüksək olması) və ürək ritm pozğunluqları (ürək döyüntüsünün çox sürətli, çox yavaş və ya nizamsız olması) daha tez-tez rast gəlinir. Bu vəziyyət, əsasən, stressli həyat tərzi, yuxu rejiminin pozulması, qeyri-sağlam qidalanma, fiziki aktivliyin azalması və siqaret, alkoqol, energetik içkilər kimi zərərli vərdişlərin yayılması ilə bağlıdır. Gündəlik fəaliyyətimdə çalışıram ki, gəncləri erkən yaşdan sağlam həyat tərzinə təşviq edim, profilaktik müayinələrin əhəmiyyətini vurğulayım və risk faktorlarını minimuma endirməyin vacibliyini izah edim.

-Sizi ən çox təsirləndirən hadisə  nə olub?

- Pasiyent bir neçə gün davam edən kəskin halsızlıq şikayəti ilə müraciət etmişdi. Yaxın zamanda səfərə çıxmağı planlaşdırdığı üçün  vəziyyətinin ciddiliyini dərk etmədən, sadəcə profilaktik müayinə məqsədilə gəldiyini düşünürdü. Lakin klinik müayinələr və laborator analizlər nəticəsində son iki gündə miokard infarktı (ürək əzələsinin qanla qidalanmasının kəsilməsi nəticəsində yaranan zədələnmə) keçirdiyi müəyyən olundu. Pasiyent səfərin vacibliyini əsas gətirərək xəstəxanada qalmaq istəməsə də, vəziyyətinin ağırlığı və risklər ona izah edildi. Təxirəsalınmaz şəkildə koronar angiografiya (ürəyi qidalandıran damarların rentgen altında kontrast maddə ilə görüntülənməsi) aparıldı və damarlarında ciddi stenozlar (damar mənfəzinin daralması) və tam tıxanıqlıqlar aşkarlandı. Dərhal koronar revaskülarizasiya (ürək damarlarının qan axınını bərpa etmək məqsədilə stent qoyulması) qərarı verildi. Vaxtında atılan düzgün addımlar nəticəsində pasiyentin həyatı xilas edildi. Əməliyyatdan sonra o, həyat keyfiyyətini qoruyaraq normal həyatına davam etdi və mütəmadi olaraq təqib müayinələrinə gəlməyə başladı. Pasiyent, səfərdən çəkindirildiyi və dərhal müdaxilə sayəsində həyatının xilas edildiyini bildiyi üçün bizə dərin minnətdarlığını bildirdi. Bu hadisə, vaxtında diaqnostika və təcili müdaxilənin nə qədər həyati əhəmiyyət daşıdığını bir daha təsdiqlədi.

-İnsanlar ən çox hansı yanlış vərdişlər səbəbindən ürək sağlamlıqlarını risk altına atırlar?

- İnsanların ürək sağlamlığını təhlükəyə atan amillər əksər hallarda gündəlik həyatın bir hissəsinə çevrilmiş yanlış vərdişlərlə bağlıdır. Qidalanmada həddindən artıq duz, şəkər və trans yağların istifadəsi, sürətli qidalanma (fast-food) vərdişi və kifayət qədər su içməmək əsas səbəblərdir. Digər mühüm faktor hərəkətsizlikdir: saatlarla kompüter qarşısında oturmaq və fiziki aktivliyi minimuma endirmək qan təzyiqinin yüksəlməsinə, artıq çəkiyə və damarların zədələnməsinə səbəb olur. Siqaret, həddindən artıq alkoqol istifadəsi və xüsusilə gənclər arasında populyar olan energetik içkilər ürək-damar sisteminə ciddi ziyan vurur — damar elastikliyini azaldır, tromb yaranma riskini artırır. Eyni zamanda, xroniki stress, yuxu çatışmazlığı və emosional balansın pozulması da ürək xəstəliklərinin əsas katalizatorlarından biridir. Ən önəmlisi odur ki, bu vərdişlərin çoxu modifikasiya edilə bilər. Kiçik dəyişikliklərlə belə sağlamlığa böyük təsir göstərmək mümkündür: düzgün qidalanmaq, gündəlik hərəkəti artırmaq, zərərli vərdişləri tərgitmək və stressi idarə etmək ürəyin uzun illər sağlam qalmasına kömək edir.

-Ürək sağlamlığını qorumaq üçün hansı həyat tərzi dəyişiklikləri vacibdir?

- Ürək sağlamlığını qorumaq üçün balanslı və sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, stressin idarə olunması, yuxu rejiminin tənzimlənməsi və siqaret, alkoqol, energetik içkilər kimi zərərli vərdişlərdən uzaq durmaq vacibdir. Ürək-damar xəstəliklərinin qarşısının alınmasında Aralıq dəniz pəhrizi tövsiyə olunan qidalanma modelidir. Bu pəhriz tərəvəz, meyvə, tam taxıllar, zeytun yağı və dəniz məhsulları ilə zəngindir, xolesterol səviyyəsini tənzimləyir və iltihabi prosesləri azaldır. Mütəmadi fiziki aktivlik ürək-damar sistemini gücləndirir, qan dövranını yaxşılaşdırır və arterial təzyiqi nəzarətdə saxlayır. Həftə ərzində ümumilikdə 210–250 dəqiqə, yəni gündə təxminən 30–40 dəqiqə orta intensivlikdə fəaliyyət (gəzinti, yüngül qaçış, velosiped sürmə və s.) ürək-damar xəstəliklərinin profilaktikasında çox önəmlidir. Bundan əlavə, qan təzyiqi və xolesterol səviyyəsini nəzarətdə saxlamaq üçün mütəmadi tibbi müayinələrdən keçmək də vacibdir. Bunlar, ürək sağlamlığının qorunmasında ən etibarlı üsullardan sayılır.

-Stress və psixoloji gərginliyin ürək xəstəliklərinə təsiri barədə nə deyə bilərsiniz? Bununla necə mübarizə aparmaq olar?

-Uzun müddətli stress və psixoloji gərginlik ürək-damar sağlamlığına ciddi zərər verə bilər. Xroniki stress zamanı orqanizmdə kortizol və adrenalin kimi hormonların səviyyəsi yüksək olur, bu isə qan təzyiqinin artmasına, damar divarlarının zədələnməsinə və ürək ritm pozğunluqlarına səbəb olur. Həmçinin uzunmüddətli psixoloji gərginlik piylənmə, şəkərli diabet və yuxu pozğunluğu kimi digər risk faktorlarını da gücləndirir ki, bunlar nəticədə ürək-damar xəstəliklərinin yaranma ehtimalını artırır. Stresslə mübarizədə əsas məqsəd onu tamamilə aradan qaldırmaq deyil, sağlam şəkildə idarə etməyi öyrənməkdir. Bu məqsədlə müntəzəm fiziki aktivlik, dərin nəfəs məşqləri, meditasiya, kifayət qədər yuxu, sosial dəstək (ailə və dostlarla ünsiyyət) və ehtiyac olduqda peşəkar psixoloji yardım tövsiyə olunur. Həmçinin gün ərzində qısa fasilələr vermək, iş-həyat balansını qorumaq və mümkün qədər pozitiv düşünmə vərdişlərini inkişaf etdirmək də mühüm rol oynayır. Unutmayaq ki, sağlam ürək yalnız fiziki olaraq güclü deyil, həm də psixoloji olaraq balanslı bir həyat tərzi ilə qorunur.

-Hansı yaşdan etibarən insanlar ürək müayinələrinə başlamalıdırlar?

-Ürək xəstəliklərinin erkən diaqnostikası və profilaktikası üçün sağlam insanlarda ümumiyyətlə, 40 yaşdan etibarən müntəzəm ürək müayinələrinə başlamaq məsləhət görülür. Lakin ailə anamnezində (ailədə mövcud olan xəstəlik tarixi)  ürək-damar xəstəlikləri olan şəxslər varsa və ya yüksək qan təzyiqi, şəkərli diabet, piylənmə, yüksək xolesterol səviyyəsi və digər risk faktorları mövcuddursa, müayinələr daha erkən yaşlarda, bəzən, hətta gənclik dövründən başlamalıdır.

-Tibbdə yeni texnologiyaların, innovativ müalicə üsullarının kardiologiyadakı rolu barədə nə düşünürsünüz?

-Tibbdə baş verən texnoloji inqilablar kardiologiyanın inkişafını sürətləndirmişdir. Bu gün ürək-damar xəstəliklərinin diaqnostikasında süni intellekt alqoritmləri və yüksək dəqiqlikli görüntüləmə metodlarından geniş istifadə edilir. Məsələn, transezofageal exokardioqrafiya (qida borusu vasitəsilə ürəyin ultrasəs müayinəsi), kardiyak MRT (ürəyin maqnit-rezonans tomoqrafiyası) və kompüter tomoqrafiyası xəstəlikləri erkən mərhələdə, bəzən simptomlar ortaya çıxmadan aşkarlamağa imkan verir. Həmçinin genetik testlər xəstələrdə risk faktorlarını müəyyən etməkdə və fərdi müalicə strategiyaları qurmaqda vacib rol oynayır. Müalicə sahəsində innovativ yanaşmalar geniş tətbiq olunur: stentlər (daralmış damarları açmaq üçün istifadə olunan metal və ya polimer şəbəkələr), transkateter aorta qapağı implantasiyası (TAVI) (ürəyin aorta qapağının əməliyyatsız, kateter vasitəsilə dəyişdirilməsi), kardiostimulyatorların implantasiyası (ürək ritmini tənzimləyən cihazların quraşdırılması) və hətta tam süni ürək sistemləri artıq klinik praktikada uğurla tətbiq edilir. Bu üsullar xəstənin bərpa müddətini qısaldır, əməliyyat risklərini azaldır və həyat keyfiyyətini yüksəldir. Üstəlik, telekardiologiya və uzaqdan monitorinq sistemləri vasitəsilə xəstələr ev şəraitində də daimi nəzarətdə qala bilir. Bu, xüsusilə xroniki ürək çatışmazlığı və ritm pozğunluğu olan pasiyentlər üçün həyati əhəmiyyət daşıyır. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə innovativ müayinə və müalicə metodları pasiyentlər üçün daha əlçatan olub. Mən hesab edirəm ki, kardiologiyanın gələcəyi tibbi biliklərin gücü ilə texnologiyanın imkanlarının birləşməsindədir. Bu birləşmədən yaranan sinerji (yəni tibbi biliklər və texnologiyanın birlikdə işləməsi nəticəsində tək-tək tətbiq edildikdə olduğundan daha güclü və effektiv nəticə əldə olunması) bizə yalnız həyat xilas etməyə deyil, həm də insanların sağlam və aktiv ömür sürməsinə şərait yaratmağa imkan verir.

- Cəmiyyətimizdə profilaktik müayinələrə münasibət necədir? İnsanlar xəstələnmədən həkimə müraciət edirmi?

-Son illərdə cəmiyyətimizdə profilaktik müayinələrə münasibət xeyli dəyişib və müsbətə doğru inkişaf edir. İcbari tibbi sığortanın tətbiqi insanların xəstələnmədən həkimə müraciət etməsinə önəm verməsinə şərait yaradıb. Əvvəllər profilaktik müayinələr birmənalı qarşılanmırdı; çoxları yalnız narahatlıq yarandıqda, yəni simptomlar ortaya çıxdıqda həkimə müraciət edirdi. Lakin indi təhsil səviyyəsinin yüksəlməsi, sağlamlıq haqqında məlumatların artması və icbari tibbi sığortanın təmin etdiyi imkanlar sayəsində insanlar müayinələrə erkən və müntəzəm yanaşırlar. Bu isə xüsusilə ürək-damar xəstəlikləri kimi ciddi xəstəliklərin vaxtında aşkarlanmasına və effektiv müalicəyə başlanmasına imkan verir. Əlbəttə, hələ də profilaktikanın əhəmiyyətini tam dərk etməyən və müayinələrdən yayınanlar var, amma cəmiyyətimizin sağlamlıq mədəniyyəti getdikcə inkişaf edir və irəliləyişlər müşahidə olunur. Ümumilikdə, profilaktik müayinələrə münasibətin yaxşılaşması həm fərdi, həm də ictimai sağlamlığın qorunması üçün böyük əhəmiyyət kəsb edir.

-Qəzetimizin oxucularına sağlam və güclü ürəyə sahib olmaq üçün hansı tövsiyələr verərdiniz?

-Oxucularımıza ürək sağlamlığını qorumaq üçün, ilk növbədə, balanslı və təbii qidalanmanı həyatlarının ayrılmaz hissəsi etməyi tövsiyə edirəm. Müntəzəm fiziki aktivlik, stressin idarə olunması və kifayət qədər yuxu da ürək-damar sağlamlığı üçün çox önəmlidir. Zərərli vərdişlərdən – siqaret, spirtli və energetik içkilərdən uzaq durmaq da həyati əhəmiyyət daşıyır. Eyni zamanda, mütəmadi tibbi müayinələrə vaxt ayırmaq ürək-damar xəstəliklərinin erkən aşkarlanmasına və vaxtında müdaxiləyə imkan verir. Unutmayaq ki, ürək xəstəliklərinin çoxu qarşısı alınabilən xəstəliklərdir, eyni zamanda, sağlam ürək – sağlam həyatın açarıdır. Kiçik, davamlı dəyişikliklər isə uzunmüddətli böyük fərqlər yarada bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
17
ikisahil.az

1Mənbələr