Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
“SP Global Commodities at Sea” şirkətinin məlumatına görə, Qazaxıstan xam neft ixracını Bakı–Tbilisi–Ceyhan (BTC) kəmərindən Rusiyanın Cənubundan keçən Xəzər Boru Kəməri Konsorsiumu (XBK) marşrutuna yönləndirib. Buna səbəb kimi “Azeri Light” markalı Azərbaycan neftinin çirklənməsi göstərilir ki, bu da Aralıq dənizi istiqamətli ixrac sisteminin fəaliyyətini pozub.
Məlumata görə, çirklənmə Qazaxıstan və Türkmənistandan gələn neftin 1800 kilometrlik BTC kəməri ilə tədarükünü çətinləşdirib. İyulun sonundan etibarən hər iki ölkədən Xəzər dənizi vasitəsilə nəql dayanıb və bu, Qazaxıstanı sutkada 1,8 milyon barel ötürmə gücünə malik XBK marşrutundan daha çox asılı vəziyyətə salıb.
Azərbaycan neftində çirklənmənin mənbəyi hələ müəyyən olunmayıb. BP bildirir ki, şirkət Azərbaycandakı və Türkiyədəki tərəfdaşları ilə birlikdə problemin həlli üzərində işləyir, Ceyhanda neft yükləmələrini davam etdirir və keyfiyyətin təmin olunması üçün nümunə götürmə proqramı həyata keçirir.
Adətən Qazaxıstandan Xəzər vasitəsilə Bakıya neft “Tengiz” və “Kaşaqan” yataqlarından tədarük olunur. Bunlar ölkənin ən böyük neft istehsalçılarıdır. “Tengiz” yatağının operatoru “Tengizşevroyıl” isə kommersiya məsələləri və fəaliyyətin detalları barədə şərh verməkdən imtina edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xatırladıb ki, BTC kəməri 2006-cı il mayın sonundan istismardadır və bu müddətdə kəmərdə cəmi bir dəfə fors-major halı baş vermişdi:“2008-ci il avqustun 5-ə keçən gecə Türkiyə ərazisində kəmərdə partlayış olmuşdu. Onun səbəblərini sonradan nə kəmərin operatoru BP şirkəti (Türkiyə ərazisində BOTAŞ-ın törəmə şirkəti olan BİL), nə də Azərbaycan hökuməti açıqlamadı. Amma mətbuatda ara sıra qeyd olunurdu ki, bunu Rusiya xidmət orqanları Gürcüstana hərbi müdaxilə öncəsi kəmərin kompüter sisteminə kiber hücum etməklə törədiblər”.
Bəs indi nə baş verib?
Ekspert bildirir ki, “Reuters” və “Bloomberg” agentliklərinin 1 ay öncə yazdıqlarından başqa əlavə nəsə yoxdur.
“Yazılan mətbuatın da elə bil ağlını əlindən alıblar, bir kəs soruşmur ki, bu üzvi-xlorid boruya necə düşüb, əgər hər zaman düşməli idisə, indi günün bu vaxtı niyə bu həcmdə düşüb. Daha maraqlısı isə budur: yaxşı, tutaq ki, kiminsə səhvi ucbatından bu hadisə baş verdi, bəs onun fəsadını aradan qaldırmaq beləmi uzun müddət tələb edir? Yox, əgər həll olunubsa, niyə nə BP, nə də BİL bu haqda açıqlama vermirlər? Bəlkə elə belə məsləhətdir? Bilmirəm...”, - İlham Şaban qeyd edib.
Rasim Əliyev
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.