ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden, hüquqi iddia təhlükəsinə baxmayaraq, ölkənin birinci xanımı Melaniya Trampa Ceffri Epşteynlə bağlı dediklərinə görə üzr istəməyəcəyini açıqlayıb.
Hunter Bayden YouTube kanalına verdiyi müsahibədə bu məsələyə münasibət bildirərək: "Cəhənnəmə. Bu, olmayacaq" sözlərini deyib. O bildirib ki, açıqlamalarını 2019-cu ildə "The New York Times" qəzetində dərc olunmuş məlumatlara və yayılan xəbərlərə əsasən verib.
O əlavə edib ki, əgər hakimiyyət orqanları Donald Tramp və Ceffri Epşteyn arasındakı münasibətlərin mahiyyətini araşdırmaq istəsə, o, bu prosesdə kömək etməyə hazırdır. Eyni zamanda vurğulayıb ki, əgər prezident və həyat yoldaşı ona qarşı iddia qaldırarsa, onların da and içərək ifadə verməsi lazım gələcək.
Qeyd edək ki, 2025-ci ilin avqust ayının əvvəlində Hunter Bayden Epşteynin hazırkı ABŞ prezidentini həyat yoldaşı Melaniya ilə tanış etdiyini iddia etmişdi. "Fox News"un məlumatına görə, birinci xanım bu açıqlamaları "böhtan xarakterli" adlandıraraq Baydenə məktub göndərib və 7 avqusta qədər sözlərini geri götürməsə, 1 milyard dollarlıq iddia qaldıracağını bildirmişdi. Hunter Bayden isə buna yazılı şəkildə imtina cavabı verib.
Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında saxlanılıb. Prokurorluq onun 2002–2005-ci illərdə Nyu-Yorkdakı evinə onlarla azyaşlı qız dəvət etdiyinə dair sübutlar təqdim edib. Ən gənc zərərçəkmişin 14 yaşı olub. Epşteynin dostları arasında ABŞ və digər ölkələrin keçmiş və hazırkı yüksək vəzifəli şəxsləri, biznesmenlər və şou-biznes ulduzlarının adı hallanır. O, 10 avqust 2019-cu ildə həbsxana kamerasında intihar etmiş və barəsindəki cinayət işi dayandırılıb.