ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Rusiya ictimai rəyi yayındırmaq üçün müxtəlif, real olmayan mövzuları gündəmə gətirir".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, hazırkı mərhələdə Rusiya Ukrayna ilə apardığı müharibə vəziyyətini və atəşkəs rejiminin bərqərar olmasını qələbə kimi qələmə vermək istəyirlər:

"İndiki mərhələdə Rusiya rəhbərliyi üçün ən vacib məsələ Ukrayna ilə müharibənin bitirilməsidir. Bu baxımdan, onlar istəyirlər ki, orada olan vəziyyəti və atəşkəs rejiminin bərqərar olunmasını qələbə kimi qələmə versinlər. Amma alınmır. Çünki real vəziyyət bundan uzaqdır. Bununla əlaqədar olaraq ictimai rəyi yayındırmaq üçün müxtəlif real olmayan mövzuları gündəmə gətirirlər. "Ay haray, təhlükə Azərbaycandan, Ukraynadan və s. müxtəlif yerlərdən gəlir".
Məqsəd odur ki, ictimai rəy vəziyyətə uyğun olan sualları gündəmə gətirməsin. Hamı soruşacaq ki, üç ildir, müharibə aparılır, nəticəsi nə oldu? Onminlərlə əsgər öldürülüb, həlak olub, məqsəd nə idi? Müharibənin əvvəlində bir mövzu bəyan olunub, müharibənin sonunda isə onu yada salan yoxdur. Yəni məğlubiyyəti malalamaq üçün bunu göstərməyə çalışırlar. Ona görə də hər hansı məntiq axtarmaq lazım deyil".
Tofiq Zülfüqarov rusiyalı təbliğatçı Vladimir Solovyovun millətlərarası ədavəti qızışdıran, nifrət dolu fikirlərinə, faktiki olaraq terrorizmə çağırışına da münasibət bildirib:
"Vladimir Solovyov bilmir ki, Şimali Qafqazda olan xalqların öz müstəqilliyi naminə müharibələri var idi? Güclə məsələ bu və ya digər şəkildə həll olunub. Bizim qardaşlarımız olan ləzgiləri nəyə çağırır? Həmən Rusiyaya ki, Moskvada onları küçədə saxlayıb, haralı olduqları soruşulurdu, "sən rusa oxşamırsan, sənədləri göstər" deyilirdi. Bu, məntiqsiz bir şeydir. Bizdə küçədə kimisə saxlayıb millətini soruşurlar? Onlar ictimai rəyi yayındırmağa çalışırlar. Baxın görün Alyaska görüşündən sonra nə deyəcəklər? Hakimiyyətdə olan siyasi elita xarici düşmən obrazı yaratmağa çalışır. Bundan da hakimiyyəti saxlama üsulu kimi istifadə edir".
Xatırladaq ki, artıq uzun illərdir, ermənipərəst mövqe tutan bədnam rusiyalı təbliğatçı Vladimir Solovyov bu günlərdə bir qədər də irəli gedərək Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.
O, Rusiyanın dövlət radiosu olan "Vesti FM"də apardığı "Polnıy kontakt" verilişində millətlərarası ədavəti qızışdıran, nifrət dolu fikirlərlə faktiki olaraq terrorizmə çağırış edib.
V.Solovyov çıxışında qeyd edib ki, Azərbaycanla Rusiyanın 300 km-dən çox sərhədi var.
"Azərbaycan bizimlə müharibə etmək istəyirsə, buyurub, etsin. Xatırlatmaq istəyirəm ki, bu ərazidə ləzgilər yaşayırlar. Azərbaycanda ləzgilərin vəziyyəti yaxşı deyil, amma Dağıstanda çoxlu ləzgi yaşayır və onlara münasibət hörmət çərçivəsindədir. Biz isə Azərbaycanda ləzgilərin hüquqları uğrunda mübarizə apara və ləzgi hərəkatını tam dəstəkləyə bilərik. Çünki özlərini çox pis hiss edirlər. Ümumiyyətlə, kim deyib ki, Azərbaycan vahiddir? Kim deyib ki, Azərbaycanın sərhədləri dəyişməzdir?" - Kremlin təbliğat ruporu bildirib.
Aygün Mirakif
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.