Bəs bu yaxşıdır, yoxsa pis? Bu sualın cavabı sadə deyil. Köhnə "ayıb" qaydalarının bir hissəsi, etiraf edək ki, əsassız idi, insanın özünü ifadə azadlığını məhdudlaşdırırdı. Məsələn, bir gəncin musiqi ilə məşğul olması, bir qadının iş həyatına qoşulması, bir kişinin ev işlərində iştirak etməsi niyə ayıb olmalıydı ki? Amma digər tərəfdən, "ayıb" tamamilə yox olanda cəmiyyətin yazılmamış qaydaları da zəifləyir, qarşılıqlı hörmət azalır, insanlar bəzən sərhəd tanımadan hərəkət edirlər. Azadlıq gözəldir, amma sərhədi olmayan azadlıq başqasının haqqına toxuna bilir.\
Mövzu ilə bağlı Ahəng Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin rəhbəri, "Ahəng psixoloji inkişaf və dəstək" ictimai birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova Olaylar.az-a danışıb. Psixoloq bildirib ki, müasir dövrdə "ayıb" anlayışı əvvəlki nəsillərin dərk etdiyi kimi qəbul olunmur:
"Keçmişdə uşaqlar böyüyərkən onlara çox geniş çərçivədə "ayıb" öyrədilirdi. Hətta gündəlik davranışların böyük bir hissəsi bu anlayışla tənzimlənirdi. Məsələn, kiminsə əşyasını icazəsiz götürmək, böyüklərə söz qaytarmaq, yaşlıların yanında müəyyən sözləri işlətmək və ya hərəkətlər etmək, başqalarının şəxsi həyatına müdaxilə etmək - bütün bunlar "ayıb" sayılırdı. "Ayıb" sözü o dövrün tərbiyəsində həm davranış qaydalarının, həm də ictimai münasibətlərin əsas sütunlarından biri idi. Bu gün isə vəziyyət bir qədər fərqlidir. Müasir valideynlər, xüsusilə analar, övladlarını daha sərbəst və rahat böyütməyə üstünlük verirlər. Bunun üçün də "ayıb" anlayışını çox işlətməməyə çalışırlar. Onlar uşaqların daha açıqfikirli, özünü ifadə edə bilən, cəsarətli və utancaqlıqdan uzaq böyüməsini istəyirlər. "Ayıb" sözünün tez-tez işlədilməsi, onların fikrincə, uşaqlarda çəkingənlik yarada və təşəbbüskarlığı azalda bilər. Bu yanaşma bəzən müsbət nəticə verir: uşaqlar daha sərbəst danışır, öz fikirlərini rahatlıqla ifadə edir, yeni ideyalara açıq olurlar".
Psixoloq qeyd edib ki, "ayıb" anlayışını həddindən artıq aradan qaldırmaq müəyyən mənfi təsirlər də doğurur:
"Belə olanda uşaqlar bəzən başqalarının hisslərini nəzərə almadan danışır, empatiya qabiliyyətləri zəifləyir, münasibətlərdə həssaslıq azalır. Bəzi hallarda isə bu, eqoist davranışların güclənməsinə gətirib çıxarır. Çünki "ayıb" yalnız qadağa deyil, həm də qarşı tərəfə hörmətin, məsuliyyət hissinin bir formasıdır. Müasir gənclər arasında belə bir fikir də yayılıb ki, "ayıb" anlayışı insanlarda kompleks yaradır. Onlar hesab edirlər ki, çox şeyin "ayıb" sayılması, insanın azad düşünməsinə, rahat davranmasına mane olur. Belə olanda, "ayıb" anlayışı sanki mənfi bir çərçivə kimi qəbul edilir. Halbuki, bizim milli-mənəvi dəyərlərimizdə böyüklərə hörmət, yaşlılara ehtiram, onların fikirlərinə və dəyərlərinə önəm vermək xüsusi əhəmiyyət daşıyır. Bu isə təkcə şəxsi mədəniyyətin deyil, həm də cəmiyyətin sağlam münasibətlərinin əsasını təşkil edir".
Psixoloqun sözlərinə görə, əgər "ayıb" tamamilə ortadan qaldırılsa, böyüklərlə-kiçiklər arasında hörmət münasibəti zəifləyə, ailə içində və cəmiyyətdə etik çərçivələr itə bilər. Ona görə də düşünürəm ki, övladlarımızı nə tam sərt qadağalarla böyütmək, nə də tamamilə sərbəst buraxmaq düzgün deyil. Ən sağlam yol orta mövqedir. "Ayıb" anlayışını uşaqlara qadağa kimi yox, izah yolu ilə öyrətmək, hansı hallarda bunun vacib olduğunu nümunələrlə göstərmək lazımdır. Belə olduqda uşaqlar həm milli-mənəvi dəyərlərə bağlı olar, həm də özünü sərbəst ifadə etmək bacarığı qazanmış olarlar.
Fikrimcə, "ayıb" anlayışı bir növ güzgüdür. Hər dövrün insanı özünü necə görmək istəyirsə, "ayıb"ı da o cür müəyyənləşdirir. İndi biz daha çox fərdiyyətçiliyə meyilliyik, amma yenə də hörmət, empatiya və qarşılıqlı diqqət dəyərləri qorunmalı, yeni nəsil bu anlayışı tam itirməməlidir. Bəlkə də bu günün həqiqi ayıbı bir-birimizin hisslərini anlamadan, sərhədlərə hörmət etmədən yaşamaqdır. Vaxtilə bizə "ayıb olar" deyənlər sadəcə bir qaydanı yox, həm də qarşılıqlı münasibətin incəliyini öyrədirdilər. İndi isə o incəlikləri özümüz yenidən kəşf etməliyik ki, azadlıqla hörmət bir yerdə yaşasın.
Sevda Dəniz