AZ

Milli Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 iliyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Xalq şairi, Dövlət mükafatı laureatı, akademik Bəxtiyar Vahabzadənin yalnız Azərbaycanın deyil bütün Türk dünyasının ən sevimli şairi olduğunu söyləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə 21 fevral 2025-ci il tarixində imzalandığı Sərəncama müvafiq olaraq Mədəniyyət Nazirliyinin, TÜRKSOY və Azərərbaycan Milli Kitabxanasının birgə keçirdiyi tədbirlərdən bəhs edib. İlin sonuna qədər bir sıra belə tədbirlərin nəinki Azərbaycanda, bütün Türk dünyasında keçiriləcəyini bildirib. Azərbaycan Milli Kitabxanası tərəfindən “Bəxtiyar Vahabzadə. Biblioqrafiya” kitabının hazırlandığını vurğulayıb.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, yazıçı-publisist Vasif Qurbanzadə Bəxtiyar Vahabzadəni Azərbaycan ədəbiyyatı, elmi, mədəniyyəti yaşadıqca Bəxtiyar Vahabzadənin ədəbiyyat tariximizin ən parlaq səhifələrindən biri kimi əbədi yaşayacağını söyləyib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Esmira Fuad (Şükürova) çıxışında Xalq şairi Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı, zəngin ədəbi irsi, türkçülük ideyaları, onun Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə ətraflı bəhs edib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli Bəxtiyar Vahabzadənin XX-XXI əsr Azərbaycan poeziyasının nadir simalarından biri olduğunu söyləyib.

Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Türk dünyasının Bəxtiyarı” adlı elektron məlumat bazası təqdim edilib.

Sonda iştirakçıları “Xalq şairi Bəxtiyar Vahabzadə - 100” adlı ənənəvi kitab sərgisi ilə tanışlıq olublar.

Seçilən
21
1
azertag.az

2Mənbələr