AZ

Tramp Putinlə buna görə Alyaskada görüşmək istəyir – İLGİNC MƏQAMLAR

“Putin və Trampın Alyaskada görüş keçirməsinin bir neçə əsas səbəbi var. İlk növbədə, Alyaska həm coğrafi, həm də siyasi baxımdan simvolik bir məkandır. ABŞ ilə Rusiya arasındakı ən yaxın nöqtə kimi, bu bölgə iki ölkənin tarixində xüsusi yer tutur. Çarlıq Rusiyasının 19-cu əsrdə Alyaskanı ABŞ-a satması faktı bu görüşə əlavə rəmzi məna qatır. Kreml üçün bu, “böyük güclər arasında sərhədlərin dəyişməsi” fikrini xatırladan bir tarix səhifəsidir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva səsləndirib.

Əlaqələr

“Coğrafi baxımdan Alyaska, Rusiya liderinin “düşmən” ölkələrin hava məkanından keçmədən ABŞ ərazisinə daxil ola biləcəyi ən əlverişli nöqtədir. Bu, təhlükəsizlik baxımından mühüm üstünlük yaradır. Eyni zamanda, görüşün Avropa və Ukraynadan uzaqda baş tutması Moskvanın Kiyevi və Aİ-ni prosesdən kənarda saxlama niyyətinə uyğun gəlir.

Tramp üçün isə Alyaska seçimi daxili siyasi mesaj daşıyır. Bu, həm ABŞ ərazisində keçirilən, həm də beynəlxalq diqqəti çəkən nadir yüksək səviyyəli görüşlərdən biri olacaq. O, bunu özünü “barış gətirən lider” kimi təqdim etmək üçün istifadə edə bilər”.
Ekspert əlavə edir ki, beləliklə, Alyaska görüşü həm praktiki təhlükəsizlik, həm də diplomatik simvolizm baxımından hər iki tərəfin maraqlarına uyğun gəlir və tərəflərin mövqelərini qarşılıqlı yoxlamaq üçün ideal bir platforma yaradır.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
19
1
konkret.az

2Mənbələr