AZ

Nürnberq məhkəməsinin azərbaycanlı tərcüməçisi, Qorbaçovun işdən çıxardığı məşhur jurnalist

Bu gün mərhum azərbaycanlı diplomat, Sovet Məlumat Bürosunun keçmiş baş redaktoru, Nürnberq prosesinin tərcüməçisi Ənvər Məmmədovun doğum günüdür.

“Report” xəbər verir ki, o, 1923-cü il avqustun 15-də Bakıda müəllim ailəsində anadan olub.

Atası, Məmmədov Nazim Rauf oğlu repressiya olunub və 1949-cu ildə həbsxanada vəfat edib. Ölümündən sonra bəraət alıb. Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyib.

Yeddinci sinifi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlayıb, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunub. Lakin tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra Bakıya qayıdıb və Qırmızı Ordunun Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. Böyük Vətən müharibəsində iştirak edib.

Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır.

Ə.Məmmədov SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləyib, Nürnberq məhkəmələrində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib. Qeyd edək ki, Ənvər Məmmədov sözügedən prosesdə iştirak edən iki azərbaycanlıdan biri olub. SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə 1945-ci ilin dekabrından 1946-cı ilin fevralına qədər Nürnberq beynəlxalq hərbi tribunalında alman dili tərcüməçisi qismində digər bir azərbaycanlı - o vaxt 26 yaşı olan Ələsgər Məmmədov da iştirak edirdi.

1950-ci ilin fevralına kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1956-cı ilə qədər Radio Komitəsinin baş redaksiyasının baş redaktoru (xaricdə yayımlanan) vəzifəsində çalışıb.

1956-1959-cu illərdə Sovet İttifaqının Vaşinqtondakı səfirliyinin nazir-müşaviri, SSRİ jurnalının baş redaktoru olub. 1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini, 1962-1985-ci illərdə - SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini olub.

Yeddi orden və on medalla təltif olunub, ingilis, alman, italyan və fransız dillərini bilib.

Deyilənə görə, Ənvər Məmmədova ilk dəfə diplomatik missiya həvalə olunanda ölkənin xarici işlər naziri Vyaçeslav Molotov etiraz eləyib: “Bu kimdi? Tatardı? Onun bu cür yüksək vəzifəyə göndərirsiniz, necə işləyəcəyisə məlum deyil”. Amma az sonra Molotov tərcüməçinin zəngin təcrübəsindən xəbər tutub, təyinatına razılıq verib.

Onu da qeyd edək ki, 1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gətirilməsindən dərhal sonra ilk işi ermənilərin təzyiqi ilə Ənvər Məmmədovu SSRİ Dövlət Teleradio Komitəsi sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırmaq oldu. Məhz bundan sonra ermənilər Rusiya telekanallarında geniş meydan əldə etdilər.

Ənvər Məmmədov 2023-cü il sentyabrın 7-də Moskvada vəfat edib.

Seçilən
8
report.az

1Mənbələr