AZ

Azərbaycanlı turistlərin xaricə orta müddətli səfərləri artıb – ARAŞDIRMA

Bu ilin I yarısında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 601,1 min nəfər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,2 % azdır.

"Report"un əldə etdiyi məlumata görə, il ərzində qısa və uzun müddətli səfər edənlərin sayı azalıb, orta müddətli səfər edənlərin sayında artım müşahidə olunub.

Belə ki, hesabat dövründə 1 günlük ziyarətçilərin sayı 9,1 % azalaraq 12,1 min nəfər, 1-3 günlük ziyarətçilərin sayı 41,7 % azalaraq 221,5 min nəfər, 4-7 günlük ziyarətçilərin sayı 2 dəfədən çox artaraq 259,7 min nəfər, 8-14 günlük ziyarətçilərin sayı 37,2 % artaraq 73 min nəfər, 15-21 günlük ziyarətçilərin sayı 18,8 % artaraq 19,5 min nəfər, 22-28 günlük ziyarətçilərin sayı 6,7 % azalaraq 11 min nəfər, 29-70 günlük ziyarətçilərin sayı 5,7 % azalaraq 2,3 min nəfər, 71-90 günlük ziyarətçilərin sayı isə 3,4 % azalaraq 2 min nəfər olub.

Yanvar–iyun aylarında turizm məqsədilə ən çox səfər edilən ölkə Türkiyə olub – 216,6 min nəfər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır. Türkiyəyə 1 günlük səfər edənlərin sayı 23,6 % artaraq 6,2 min nəfər, 1-3 günlük səfər edənlərin sayı 41 % azalaraq 83,6 min nəfər, 4-7 günlük səfər edənlərin sayı 2,1 dəfə artaraq 94,6 min nəfər, 8–14 günlük səfər edənlərin sayı 2,1 % azalaraq 21,5 min nəfər, 15–21 günlük səfər edənlərin sayı 76,8 % artaraq 6,4 min nəfər, 22–28 günlük səfər edənlərin sayı 3,3 % azalaraq 2,6 min nəfər, 29–70 günlük səfər edənlərin sayı 3,4 % azalaraq 0,7 min nəfər, 71–90 günlük səfər edənlərin sayı isə 3,4 % azalaraq 1,1 min nəfər olub.

İkinci yerdə Rusiya qərarlaşıb – 108,8 min nəfər. Bu, ötən ilin eyni dövrünə nisbətən 32,4 % azdır. Rusiyaya 1 günlük səfər edənlərin sayı 27,1 % artaraq 1,8 min nəfər, 1–3 günlük səfər edənlərin sayı 59,9 % azalaraq 39,8 min nəfər, 4–7 günlük səfər edənlərin sayı 21,8 % artaraq 46,9 min nəfər, 8-14 günlük səfər edənlərin sayı 36,5 % artaraq 13,2 min nəfər, 15–21 günlük səfər edənlərin sayı 21,6 % azalaraq 4,5 min nəfər, 22–28 günlük səfər edənlərin sayı 58,7 % azalaraq 4,5 min nəfər, 29–70 günlük səfər edənlərin sayı 32,4 % azalaraq 0,7 min nəfər, 71–90 günlük səfər edənlərin sayı isə 32,1 % azalaraq 0,3 min nəfər olub.

Üçüncü yerdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb – 66,1 min nəfər. Bu, illik müqayisədə 14,7 % çoxdur. BƏƏ-yə 1 günlük səfər edənlərin sayı 82,2 % artaraq 1 min nəfər, 1–3 günlük səfər edənlərin sayı 27,7 % azalaraq 24 382 nəfər, 4–7 günlük səfər edənlərin sayı 2 dəfədən çox artaraq 28,6 min nəfər, 8–14 günlük səfər edənlərin sayı 34,7 % artaraq 8 min nəfər, 15–21 günlük səfər edənlərin sayı 1,4 % artaraq 2,2 min nəfər, 22–28 günlük səfər edənlərin sayı 34,5 % artaraq 2 min nəfər olub. 29–70 günlük və 71–90 günlük səfərlər qeydə alınmayıb.

Beləliklə, istiqamətlər üzrə Türkiyə və Rusiya hələ də lider mövqedə olsa da, hər iki ölkəyə ümumi səfər sayında azalma var. Əvəzində BƏƏ kimi istiqamətlərdə həm ümumi səfər sayı, həm də uzunmüddətli qalma göstəriciləri nəzərəçarpacaq dərəcədə artıb. Bu meyl, turizm bazarının tələbat strukturunda dəyişikliklərə və daha çox vaxt ayrılan səyahət formatlarına keçidə işarə edir.

Xatırladaq ki, I yarımildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrünə nisbətən 0,7 % azalaraq 988,2 min nəfər təşkil edib. Onların 38,1 %-i Türkiyəyə, 16,7 %-i Rusiyaya, 11,1 %-i Gürcüstana, 10 %-i İrana, 24,1 %-i isə digər ölkələrə gedib. Səfər edənlərin 66 %-i kişilər, 34 %-i qadınlar olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedənlərin sayı 14,2 %, Gürcüstana gedənlərin sayı 25,3 % artıb. Türkiyəyə gedənlər 4,3 %, Rusiyaya gedənlər isə 24,6 % azalıb. Xarici səfərlərin 68,6 %-i hava nəqliyyatı, 29,3 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatı ilə həyata keçirilib.

Seçilən
1
report.az

1Mənbələr