AZ

“Lokomotiv” və Batrakov fırtınası davam edir - icmal

Rusiyada 4-cü tur heç-heçələrlə start götürdü. Cümə günü Şimali Qafqaz derbisində - Mahçqala “Dinamo”su ilə “Axmat”ın duelində 1:1-lik bərabərlik qeydə alındı.

Eyni hesab şənbə gününün ilk matçında – “Krılya Sovetov”la “Baltika”nın oyununda da qeydə alındı. Debütant “Baltika”nın 4-cü turu da məğlubiyyətsiz başa vurması diqqəti çəkdi. ÇSKA-nın Rəşid Rəhimov üçün ən uğursuz rəqib olması faktı bu tur növbəti dəfə təsdiqini tapdı. Bu məşqçinin çalışdırdığı “Rubin” “hərbçilər” önündə pərən-pərən düşərək mövsümdə ilk məğlubiyyəti ilə üzləşdi. Rəhimov indiyə qədər premyer-liqa çərçivəsində 5 fərqli klubun başında ÇSKA-ya qarşı keçirdiyi 29 oyunun hamısında qələbəyə həsrət qalıb (10 heç-heçə, 19 məğlubiyyət)! Mövsümə fırtına kimi başlayan “Lokomotiv”in budəfəki qurbanı “Spartak” oldu. Özü də “Loko” tura lider kimi daxil olsa da, derbidə heç də favorit sayılmırdı. Amma karyerasında ilk dəfə het-trik edən gənc istedad Batrakovun növbəti fenomenal oyunu sayəsində “dəmiryolçular” prinsipial rəqibə heç bir şans vermədilər. Batrakov Andrey Karyaka (“Krılya Sovetov”, 2004), Vaqner Lav (ÇSKA, 2008) və Aridən (“Krasnodar”, 2014) sonra XXI əsrdə premyer-liqada “Spartak”la oyunda het-trik edən 4-cü futbolçu oldu. 20 yaşlı yarımmüdafiəçi Rusiya çempionatında iştirak etdiyi 38 qarşılaşmada 21 qol vurub. “Loko” 4-cü turu da itkisiz tamamlamaqla şəxsi rekordunu təkrarladı. “Spartak”ın ardından “Zenit” də məğlub oldu. 10 illik fasilədən sonra premyer-liqaya qayıdan Stanislav Çerçesovun köhnə-yeni klubu “Axmat”da debütü gözləniləndən də uğurlu alındı. “Zenit” 75 faiz topa sahib olduğu qarşılaşmada heç 1 xal da qazana bilmədi! Semakın komandanın başında yubiley – 300-cü rəsmi oyunu “Zenit”ə düşərli olmadı.

Maraqlıdı ki, Sankt-Peterburq nəhəngi sonuncu dəfə (2016) Qroznıda məğlub olarkən “Axmat” hələ “Terek” adlanırdı. “Zenit”in 2008-dən, “Spartak”ın isə 2011-dən bəri ən pis startını reallaşdırdığını nəzərə alsaq, növbəti tur bu klubların prinsipial duelini maraqla gözləməyə dəyər. Ola bilər ki, həmin görüş ya Stankoviç, ya da Semak üçün sonuncu olsun... Son çempion “Krasnodar” Orenburqda çətin, amma vacib qələbə qazanmaqla 2-ci pilləyə yüksəldi. Bu tur “Rostov” mövsümdə ilk qələbəsini, “Soçi” isə ilk xalını qazandı.

4-cü tur
Axmat – Zenit 1:0

Drkuşiç, 30-öz qapısına.
Zenit: Latışonok, Mantuan (Kassyerra, 62), Drkuşiç (Qondu, 46), Yerakoviç, Santos, Barrios, Vendel, Luis Enrike (Mostovoy, 62), Jerson (Alip, 80), Pedro Enrike (Veqa, 46), Sobolev.

Orenburq – Krasnodar 0:1
Krivtsov, 75.
Krasnodar: Aqkatsev, Petrov, Tormena, Kosta, Olasa (Qonsales, 40), Çernikov, Auqusto (Kozlov, 74), Batçi (Furtado, 62), Spertsyan (Krivtsov, 74), Sa (Lenini, 74), Kordoba.

Lokomotiv – Spartak 4:2
Batrakov, 18; 79; 86. Vorobyov, 49 – Martins, 26. Barko, 78-p.
Lokomotiv: Mitryuşkin, Nenaxov, Morozov, Montes, Silyanov, Karpukas, Barinov, Bakayev (Qodyayev, 89), Batrakov, Rudenko (Ramires, 65), Vorobyov (Komliçenko, 79).
Spartak: Maksimenko, Duarte, Babiç, Litvinov, Solari, Umyarov (Massalıqa, 90+1), Fernandeş, Martins (Uqalde, 70), Markinyos (Dmitriyev, 57), Barko, Qarsiya (Zabolotnı, 70).

ÇSKA – Rubin 5:1
Qlebov, 7; 44. Kruqovoy, 29. Diveyev, 33. Musayev, 56 – Daku, 40.
ÇSKA: Akinfeyev, Qayiç, Diveyev, Lukin, Moyzes (Abdulkadırov, 85), Kislyak, Oblyakov, Alves (Verde, 63), Qlebov (Bandikyan, 73), Kruqovoy (Koyta, 64), Alerrandro (Musayev, 46).

Soçi – Dinamo M 1:1
Muxin, 84 – Makarov, 37.

Krılya Sovetov – Baltika 1:1
Raxmanoviç, 17 – Xil, 62.

Rostov – Nijni Novqorod 1:0
Süleymanov, 47.

Dinamo Mh – Akron 1:1
Tabidze, 42 – Benşimol, 70.

1. Lokomotiv 4 4 0 0 12-4 12
2. Krasnodar 4 3 0 1 6-2 9
3. Krılya Sovetov 4 2 2 0 8-3 8
4. ÇSKA 4 2 2 0 8-3 8
5. Baltika 4 2 2 0 8-4 8
6. Rubin 4 2 1 1 7-8 7
7. Akron 4 1 3 0 7-3 6
8. Zenit 4 1 2 1 5-5 5
9. Dinamo Mh 4 1 2 1 3-3 5
10. Dinamo M 4 1 2 1 3-3 5
11. Spartak 4 1 1 2 4-8 4
12. Axmat 4 1 0 3 2-5 3
13. Rostov 4 1 0 3 3-7 3
14. Orenburq 4 0 2 2 3-5 2
15. Soçi 4 0 1 3 2-10 1
16. Nijni Novqorod 4 0 0 4 2-9 0

Bombardirlər: Batrakov (Lokomotiv) – 6, Rakov (Krılya Sovetov), Daku (Rubin) – 4.
Növbəti turun oyunları avqustun 16-18-i aralığında keçiriləcək: Baltika – Lokomotiv, Spartak – Zenit, Axmat – Krılya Sovetov, Akron – Orenburq, Dinamo M – ÇSKA, Rubin – Rostov, Krasnodar – Soçi, Nijni Novqorod – Dinamo Mh.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Uğursuz bir matç keçirdik. İlk dəqiqələrdən oyun istədiyimiz ssenari ilə keçmədi. Qolu da qapımıza özümüz vurduq. Bundan sonra işimiz ikiqat çətinləşdi. Çünki rəqib tam müdafiəyə çəkildi. Bu müdafiəni heç cür yara bilmədik. Həm öz sürətimiz, həm də ötürmələrin sürəti istənilən səviyyədə olmadığı üçün rəqib müdafiəçilər asanlıqla hücumlarımızı kəsirdilər. Qol imkanlarımız çox olmadı. Bəzi məcburi əvəzetmələr də hücum potensialımızı azaltdı. Hücumçularımız fəal olsalar da, qol fürsətləri yaxalamaqda çətinlik çəkdilər. “Zenit” belə oynamamalıdı. Nə hücumda yaxşı təsir bağışladıq, nə də müdafiədə. Tam passivimizə yazılan bir qarşılaşma oldu. 4 tura 5 xal? Təbii ki, bu, gözlədiyimiz nəticə deyil. Səbəblər çoxdu. Amma indi bəhanələr axtarmaq zamanı deyil. Rəhbərlik mənə güvənirmi? Bu sualı mənə yox, rəhbərlkiyə ünvanlayın. Onların əvəzinə cavab verə bilmərəm”.

Deyan Stankoviç, “Spartak”ın baş məşqçisi:
“Oyunun ilk bölümünü yaxşı keçirdik. Sahibsiz topları götürürdük və aqressiv təsir bağışlayırdıq. Hesabı 1:1 etməyimiz özümüzə olan inamı artırdı. Düzdü, rəqibin cərimə meydançasına tez-tez daxil ola bilmirdik. Amma hər şey bizim nəzarətimizdə görünürdü. Fasilədə kimsə bizə bu matçda 4 qol buraxacağımızı desəydi, inanmazdım. Futbolda hər şeyi kiçik detallar həll edir. 2:2-dən dərhal sonra qol buraxdıq və “Akron”la oyundakı ssenari təkrarlandı. “Spartak”da oyun planında böhran yoxdu. Böhran nəticə baxımından mövcuddu. Psixoloji cəhətdən daha güclü olmaq lazımdı. Amma “Lokomotiv”in də haqqını verməliyik. Çox yaxşı oynadılar. İstefaya göndəriləcəyimlə bağlı xəbərlərin mənə heç bir aidiyyatı yoxdu. Rəhbərliklə bu haqda söhbətim olmayıb. Yalan məlumatlar yazdığınıza görə utanmalısız”.
Seçilən
16
1
football-plus.az

2Mənbələr