Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirir və regionun tranzit imkanlarını artıraraq Qərb sərmayəsi üçün yeni perspektivlər yarada bilər. “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan layihə, həm İranı, həm də Rusiyanı kənarlaşdırır. Bu 1993-cü ildən bağlı olan Türkiyə–Ermənistan sərhədinin açılmasına təkan verə bilər”.
Bakupost.az xəbər verir ki, bu fikirlər “Financial Times” nəşrinin Vaşinqtonda imzalanan sülh bəyannaməsinin bölgəyə təsirləri ilə bağlı geniş məqaləsində qeyd olunub. Məqalədə Zəngəzur dəhlizinin açılmasına Azərbaycan və Ermənistanın qonşularının reaksiyaları təhlil olunub.
“Layihə birbaşa quru yol “Orta Dəhliz” Asiya–Avropa ticarət marşrutuna qoşularaq Ermənistanın Rusiya və İrandan asılılığını azaldacaq. İran artıq sözügedən təşəbbüsü bloklamaqla hədələyib. Bu, Rusiya üçün regiondakı tranzit yollar üzərində nəzarətin zəifləməsi və Ermənistanın Qərbə meylini sürətləndirəcək strateji itki deməkdir. Trampın bu təşəbbüsü Moskva ilə əlaqələri soyumuş iki ölkə arasında vasitəçilik edərək özünü qlobal sülh qurucusu kimi göstərmək şansıdır. Bundan başqa bu, onun üçün Ukrayna müharibəsinə nisbətən daha “təhlükəsiz” meydan yaradır.
ABŞ-nin regiona qayıdışı və gətirəcəyi kommersiya imkanları Moskvanın uzun illər dominantlıq etdiyi bu məkanda yeni siyasi reallıq yarada bilər. Rusiya onilliklər boyu münaqişəni “dondurub”, hərbi mövcudluğunu və vasitəçi rolunu istifadə edərək hər iki tərəfə təsir göstərib. Ukrayna ilə savaşla zəifləmiş Moskva 2023-də Ermənistanı dəstəkləməyib, Azərbaycan isə bu fürsəti maksimum istifadə edib.
Qələbədən sonra Azərbaycan daha sərt xarici siyasət yürüdür və onun Moskva ilə münasibətləri, xüsusən ötən il “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin vurulmasından sonra daha da pisləşib. Qərbin artan tranzit maraqları həm Bakını, həm də İrəvanı Brüssel və Vaşinqtona yaxınlaşdırır.
ABŞ-nin Cənubi Qafqaza dönüşü qonşu Gürcüstan üçün də çətinlik yaradır. Vaşinqtonla strateji tərəfdaşlıqdan uzaqlaşıb anti-Amerika ritorikasına yönəlmiş Tbilisi, Qərbə meylli ictimaiyyətin təzyiqi ilə üzləşə bilər. Əvvəllər əsas tranzit mərkəzi rolunda üstünlük qazanan Gürcüstan indi mövqeyini dəyişməsə, regional təcrid riski ilə üzləşə bilər.
Bununla belə, çətinliklər qalır. Ermənistan Baş naziri Nikol Paşinyanı 2026-cı il parlament seçkiləri öncəsi çətin siyasi il gözləyir. Rusiya hələ də Ermənistanda hərbi baza saxlayır və siyasi təsir alətlərinə malikdir. Kreml, Rusiyayönlü qüvvələrini “millətçi-müdafiəçi” kimi təqdim edərək daxili siyasətə müdaxilə edə bilər. Rusiya təbliğatçıları artıq iqtisadi sanksiyalar hədəsi səsləndirib və hətta Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” ehtimalını gündəmə gətiriblər.
Vaşinqton bu prosesdə ciddi rol oynamaq istəyirsə, AB ilə birlikdə siyasi dəstək, maliyyə nəzarəti və təhlükəsizlik təminatları üzərində işləməlidir”.
Aysel,
BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.