İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam edir. Avqustun 15-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərə rayonunun Vəngli kəndinə yola salınıb.
Modern.az xəbər verir ki, ilk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.