AZ

Səməd Seyidov: Sülh prosesi üç istiqamətdə aparılır - MÜSAHİBƏ

BAKI, 15 avqust. TELEQRAF

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Vaşinqtonda sülh müstəvisində əldə edilən razılaşmalar fonunda Prezident İlham Əliyev də Ermənistan ev tapşırığı verildiyini bəyan etmişdi. İrəvana verilən ev tapşırığının əsas istiqamətləri nədən ibarətdir?

- Burada üç mühüm istiqamət var. Birinci istiqamət sözsüz ki, Ermənistanın ev tapşırığıdır ki, burada da əsas şərt konstitusiya dəyişikliyi ilə Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır. Bu da 2026-ci ildə Ermənistanda keçiriləcək seçkilərdə nəzərdə tutulub. Ev tapşırığı tək bu məsələni əhatə etmir. Paraflanmış sülh mətninin içərisində olan bəzi müddəaların da həlli təşviq edilir. Məsələlər nə qədər tez həll olunsa, sülh sazişinin reallaşması o qədər tez mümkün olacaq. Bu da öz növbəsində sülhün heç nə ilə ziddiyyət təşkil etməməsinə köməklik göstərəcək. Misal olaraq paraflanmış sülh sazişinin II, III, VII, XV maddələrində üçüncü qüvvələr haqqında danışılır. Üçüncü qüvvələr içərisində Avropa Birliyinin müşahidə “missiyası”nın sərhəddəki fəaliyyətinə xitam verilməsi məsələsi əksini tapıb. Ermənistandakı revanşist qüvvələr yenidən baş qaldırmamalı və başqa dövlətlərin bu ölkədəki güc mərkəzləri də sülh sazişinə mane olmamalıdır. Əsas şərt odur ki, sülh sazişi imzalandıqdan sonra onun reallaşmasına problem yaratmasınlar. Bütün bunlar isə Ermənistana birinci istiqamət üzrə verilən ev tapşırıqlarıdır.

- Ayrılıqda Azərbaycan və Ermənistana aid olan istiqamətlər nədən ibarətdir? Tərəflərin bu məsələdə görəcəyi işlər necə müəyyənləşəcək?

- Bu amil sülh sazişinin bəzi qonşu dövlətlərdə qıcıq yaratması ilə bağlı olan problemlər və onların xüsusi olaraq Zəngəzur dəhlizi və yaxud “Tramp yolu” (Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq) ilə bağlı neqativ, şübhəli münasibətlərini ehtiva edir. Söhbət yaxın qonşuluqda olan ölkələrdən, yəni şimal və cənubdan gedir. Bu məsələ artıq bir neçə gün öncə o dərəcədə gündəmə gətirildi ki, hətta ABŞ tərəfindən xüsusi bir sözçü tərəfindən bəyanat verilməsi ilə nəticələndi. Ağ Evdən bir daha bəyan edildi ki, imzalanmış sənədlər ABŞ-nin şahidliyi ilə həyata keçirilib. Ona görə də heç kimdə hansısa bir şübhə qalmasın. Bu məsələyə kənardan olacaq hər bir müdaxilə regionda sülh prosesinə təsir göstərəcək. Prosesə müdaxilə etmək istəyən qüvvələr bilməlidir ki, ABŞ bu məsələnin içərisindədir. Ağ Evin bu məsələdəki mövqeyi kəskin və konkretdir. Bu məsələ Azərbaycana da aiddir.

- Dəhliz məsələsində Azərbaycan üçün hansı təhdidlər var?

- Bu istiqamətdə hər iki tərəfə, yəni Azərbaycan və Ermənistana da təhdidlər edilir. Ötən gün Ermənistanın Baş naziri də çıxışında bildirdi ki, “heç kim qorxmasın, çəkinməsin. Əksinə sülh regionda olan ölkələrə rifah və gəlir gətirəcək. Bölgədə inkişafa təkan verəcək”. Ermənistan tərəfindən və ümumilikdə verilən reaksiyalar sülhlə bağlı ikinci istiqaməti əhatə edirdi.

- Beynəlxalq müstəvidə olan yanaşmalar nədən ibarətdir?

- Bəzi, ölkələr, qüvvələr, Qərb təşkilatları Azərbaycanın haqq səsinə heç vaxt səs verməyiblər. Əksinə onlar əllərindən gələni edirdilər ki, Azərbaycan uduzmuş, kənarda qalmış, cəzalandırılmış ölkə kimi prosesdə yer alsın. Bu istiqamətdə qəbul edilən “qətnamələr”, “bəyanatlar”, “sənədlər” də mövcuddur. Fransa, Belçika, Niderland tərəfindən Azərbaycanla bağlı qəbul edilən absurd qərarlar da buna misaldır. Avropa Parlamenti, Avropa Şurasının Azərbaycanla bağlı atdığı “addımlar” da bu prosesin tərkib hissəsidir.

- ABŞ-də əldə edilən razılaşmalardan sonra bəzi ölkələrin Azərbaycana münasibətində dəyişikliklər gözlənilirmi?

- Sözsüz ki, yanaşmalar dəyişir və getdikcə də dəyişəcək. Artıq bunun ilkin müsbət nəticələri var. İndi vəziyyət dəyişir. İşveçrə parlamentində Azərbaycana qarşı təqdim edilən “sənəd” birtərəfli və qeyri-obyektiv yanaşma kimi palatanın beynəlxalq əlaqələr komitəsi tərəfindən rədd edildi. Bu proses artıq başlayıb. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib təbrik etməsi də bu prosesin tərkib hissəsidir. Görünən odur ki, bu qüvvələrin də neytrallaşması prosesi gedir. Vaşinqtonda imzalanmış sənəddən sonra proseslər üç istiqamətdə getməyə başlayıb. Bunun hər biri vacibdir. Ermənistanın ev tapşırıqları, qonşu ölkələrin bununla bağlı narahatlığı və Azərbaycana qarşı işləyən qüvvələrin mövqelərinin dəyişməsi, həqiqəti, reallığı qəbul etməsi prosesin mühüm hissəsidir.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr