AZ

Savaşda və diplomatiyada qalib Azərbaycan

Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan diplomatiyasının müasir tarixində xüsusi bir səhifə kimi qalacaq. Bu bir gerçəklikdir ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan diplomatiyası qısa müddət ərzində  çox böyük uğurlara nail oldu. Bu baxımdan Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibəsində yer alan məqamlar keçilən yola və əldə olunan yüksək nəticəyə ən ideal baxışdır.  Ölkə başçısı ilk olaraq Prezident Donald Trampın dəvəti ilə Amerikaya işgüzar səfərinin Azərbaycan-Amerika münasibətləri üçün önəmindən bəhs edərək,  ikitərəfli münasibətlərdə yeni – əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açıldığını bildirib, eyni zamanda Azərbaycanın milli maraqlarının qorunması üçün ABŞ ilə yüksək səviyyədə  münasibətlərin qurulmasından və inkişafından danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycan ilə ABŞ arasında yeni strateji əməkdaşlıq yolu açılır. O, illər əvvəl Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin bu gün ləğv olunmasına görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Qafqazda sülh təmin olunur və ABŞ Prezidenti Donald Tramp bölgəyə sülh gətirib. Dövlətimizin başçısı müsahibəsində indiyədək dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının anti-Azərbaycan fəaliyyətə toxunub: “Onlar işğala görə məsuliyyət daşıyanlardır, çünki onların ideyaları, məsləhətləri, pulları və Ermənistanın müxtəlif hökumətlərinə təsirləri Ermənistanın özü üçün dağıdıcı rol oynayıb. Əgər onlar, belə qruplar olmasaydı, Ermənistan daha çox inkişaf etmiş, möhkəm, müstəqil sistemə malik ölkə olardı. Amma onlar, sadəcə, vaxt itirdilər, torpaqlarımızı işğal edərək vaxt itirdilər və sonda bu işğalı əbədi saxlaya bilmədilər, əslində isə özlərini inkişafdan 30 il geri atdılar”.

Eyni zamanda, Azərbaycan lideri Naxçıvan arasında quru əlaqəsi ətrafında şayiələr və təxribatların əsassızlığı, Birləşmiş Ştatların əvvəlki rəhbərliyinin bu məsələdə tutduğu ədalətsiz mövqe haqda da həqiqətləri ifadə edib: “Bunun yalan məlumat olduğu barədə bütün cavablarımız nəticə vermirdi, çünki bu yanlış təsəvvür Vaşinqton da daxil olmaqla, artıq yaranmışdı. Bu azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası idi və biz bunu dəqiq bilirik. Çünki bir çox hallarda avropalı tərəfdaşlarımızla söhbətlərdə onlar bizə bu məlumatın Baydenin komandasından gəldiyini deyirdilər. Onlar Azərbaycanın guya aqressiv niyyətləri barədə qəsdən şayiələr yayırdılar”.

Səfərin ən mühüm məqamlarından biri olan sülh sazişinə dair bəyanatda prezident İlham Əliyev, özünəməxsus qətiyyət və aydın vizyonla, Cənubi Qafqazda uzunmüddətli sülhün reallaşmasının artıq tarixi zərurət olduğunu vurğuladı. Bu bəyanat yalnız diplomatik mətn deyildi – bu, region xalqları üçün yeni bir sabahın, təhlükəsizlik və rifah dolu bir gələcəyin anonsu idi. Azərbaycanın sülh gündəliyi, təkcə qonşularla münasibətlərin normallaşmasını deyil, həm də beynəlxalq əməkdaşlığın yeni parametrlərlə qurulmasını nəzərdə tutur. Eyni zamanda İlham Əliyevin çıxışı Güney Qafqazda sülhün əldə edilməsi və regionun Qərbə inteqrasiyası yönündə ciddi mesajlarla diqqət çəkib.Və təbii ki, buradan verilən mesajlar qonşumuz olan iki ölkəni-İran və Rusiyanı da buraxdıqları səhvlər fonunda ciddi düşünməyə və gələcək siyasi addımlarının redaktə etməyə vadar edəcək. Əks halda, hər iki ölkə geopolitik anlamda çox sey itirəcək.
Bir sözlə Vaşinqtondan dünyaya yayılan sülh səsi, dostluq mesajı və strateji əməkdaşlıq ruhu indi yalnız rəsmi sənədlərdə yox, həm də insanların qəlbində yaşayır. Bu səfər Azərbaycanın müstəqillik tarixində yeni bir qürur səhifəsi yazdı. Vaşinqton görüşü göstərdi ki, Azərbaycan artıq regional proseslərin passiv iştirakçısı deyil, əksinə, istiqamət verən, şərtlərini diktə edən güclü bir dövlətə çevrilib. İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda yeni təhlükəsizlik arxitekturasının qurulmasında mühüm rol oynayır. Qafqazda sülhün təmin olunması təkcə hərbi və siyasi uğur deyil, həm də iqtisadi və mədəni inkişafın qapısını açacaq. Beləliklə, yüksək liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyevin çoxşaxəli siyasi-diplomatik uğurları nəticəsində bu gün nəinki sülh prosesində, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərində yeni və parlaq səhifə açıldı.

Nəticə etibarilə, atılan bu addımlar, imzalanan sənədlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında tarixi sülh müqaviləsinin imzalanmasına və Cənubi Qafqazın gələcək siyasi-iqtisadi strukturunun formalaşmasına töhfə verəcək. Bu, yalnız münaqişənin sonu deyil, həm də haqq-ədalətin zəfəri – yeni əməkdaşlıq, inkişaf və sabitlik dövrünün başlanğıcıdır. Beləliklə, bu gün biz azərbaycanlılar qürurla deyə bilərik: Azərbaycan qalibdir – həm savaşda, həm də diplomatiyada!

Fəzail İbrahimli
Milli Məclisin deputatı

Seçilən
12
1
xalqqazeti.az

2Mənbələr