ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir vaxtlar kənd təsərrüfatı ölkəsi kimi tanınan Azərbaycan artıq bir sıra ölkələrdən məhz bu sahədə məhsulların idxalçısına çevrilib.
Belə ki, son vaxtlar Azərbaycan Çindən sarımsaq alışını kəskin artırıb. Həmçinin Cənub-Şərqi Anadoludan dənli və paxlalı bitki idxalına çəkdiyi xərci 48 %-dən çox artıran Azərbaycan iki ölkədən zəncəfil idxalını kəskin artırıb. Eləcə də Azərbaycan daha bir ölkədən xiyar və kornişon, İspaniya və Niderlanddan balqabaq, daha bir ölkədən isə kahı idxal etməyə başlayıb.
Maraqlıdır ki, bu idxal məhsullarının əksəriyyəti ölkəmizdə də yetişir. Bugünlərdə sosial şəbəkədə yayılan bir neçə videoda fermerlərin qarpız, pomidor kimi məhsulların qiymətinin çox ucuz olması, rayonda sata bilməməsi kimi səbəblərdən atmaq məcburiyyətində qaldığını görmək mümkündür. Ancaq bu gün marketlərdə satışda olan həmin məhsulların bir çoxu xaricdən idxal edilir. Maraqlıdır, niyə ölkəmizdə yetişən kənd təsərrüfatı məhsullarını xaricdən idxal edirik?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət”-ə bildirib ki, “Azərbaycan xarici ölkələrdən məhsul idxal etməyə başlayıb” dedikdə, burada dövlət məfhumu aradan qalxır:
“Əslində ölkənin daxilində ona tələbat yaranır. Həmin tələbat yarandıqda isə dərhal xaricdən axın başlayır. Bu axın istənilən ölkədən ola bilər. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda iqtisadi fəaliyyət, istehsal, becərmə və s. baha başa gəlir. Fermerlər bir neçə il əkir, ancaq görür ki, xeyir götürə bilmirlər və nəticədə bu istiqamətdə fəaliyyətini dayandırır.
Məsələn, elə ərazilər var ki, otlaq sahəsi kimi istifadə olunur. Halbuki bu ərazilər əkin üçün yararlıdır. Bir tərəfdən, fəaliyyət baha başa gəlir, digər tərəfdən, su çatışmazlığı var. Bütün bu problemlər fermerləri bezdirib. Ona görə nə isə əkib-becərmək istəmirlər. Əkib-becərməyə aludə olan adamlar var idi ki, yaşadığı rayonda bu fəaliyyətlə məşğul olmasa dayana bilmirdi. Hətta həmin adamlar belə, əkindən uzaqlaşıblar.
Onlar hesablayırlar ki, bu fəaliyyət mənfəət gətirmir. Dizel yanacağının qiyməti 1 manatdır. Məsələn, 1 hektarın şumlanması üçün 50 litr dizel yanacağı lazımdır. Digər aqrotexniki xidmətlərin də hamısı dizel yanacağı ilə əldə olunur. Bəzi vətəndaşlar İrandan kənd təsərrüfatı məhsulları idxalına təəccüblənirlər ki, niyə həmin ölkədə istehsal olunur, bizdə isə yoxdur? Məsələ burasındadır ki, Azərbaycanda dizel yanacağının qiyməti 1 manat, İranda isə 2 qəpikdir.
Bizdən 50 dəfə ucuzdur. Yəni məhsul idxal etdiyimiz ölkələrdə çalışırlar ki, kənd təsərrüfatı məhsulunun maya dəyəri aşağı düşsün. Azərbaycanda isə bu istiqamətdə heç bir addım atılmır. Bizdə fermerlər torpaq vergisindən başqa digər vergilərdən azad edilib. Ancaq bu yetərli deyil. Bu gün Azərbaycan fermeri dizel yanacağını 5 qəpiyə almalıdır.
Əgər belə olsa, kənd təsərrüfatı məhsullarının idxalı 70-80 faiz azalar. Çünki 1 hektarı şumlamaq üçün 50 manat əvəzinə 5 manat verəcək. Fermerlər elə vəziyyətdədir ki, 50 manat verib məhsulu sığorta etdirə bilmir, riskə gedir. Yəni ölkənin daxilində şərait yoxdur. Ölkə daxilində daha çox fermer getdikcə torpaqdan əlini çəkir”.
Ekspertin fikrincə, digər problem odur ki, fermerin məhsulunu gətirib Bakıda satmağa şərait yoxdur:
“Bu gün əgər fermer məhsulu, məsələn, pomidoru sata bilməyib, yaxud çox ucuz olduğuna görə atırsa, bu məhsulu emal zavoduna vermək olar. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin hər 18-20 mininə bir emal zavodu düşməlidir. Məsələn, Beyləqanda 100 min əhali yaşayırsa, orada müxtəlif təyinatlı 5 emal zavodu olmalıdır.
Bu gün emal zavodları yoxdur, bunun səbəbi də inzibati əngəllərdir, vergidir, fəaliyyətin baha başa gəlməsidir. Elə bir mənzərə yaranıb ki, sanki əhalinin istehsalla məşğul olmasını istəmirlər. Həm istehsal, həm ticarət, bütün iqtisadi fəaliyyətlə bəlli adamlar məşğul olmalıdırlar. Vergilər, hökumətin tənzimlədiyi qiymətlər o qədər yüksəkdir ki, iqtisadi fəaliyyət donur.
Ölkənin daxilində məhsul çatışmır. Azərbaycan da artıq dünyanın bir parçasına çevrilib. Dünya iqtisadiyyatı birləşmiş qablarda suyun səviyyəsi kimidir. Yəni harada səviyyə aşağı düşürsə, oraya axın avtomatik artır. Hansı ölkədə istehsal səviyyəsi aşağı düşürsə həmin ölkəyə məhsul ixracatı artır. Azərbaycanda da istehsal azaldığına görə onun yerini idxal doldurmalıdır. Nə istehsal etməyə imkan var, nə də istehsal olunanı sata bilirlər. Bazarlar monopoliyadadır və onlar da bazara daxil olmaq üçün pul istəyirlər”.
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər:
xaric idxal Akif Nəsirli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.