"Mənim 21 yaşım var. Hal hazırda Atv telekanalında hüquqşünas köməkçisi olaraq işləyirəm. Atam hər zaman mənə istər maddi, istərsə də mənəvi dəstək olub. Atamla olan əlaqəm təkcə ata-oğul münasibəti deyil, həmçinin də iki dostluq əlaqəsidir. Onu da qeyd edim ki, kiçik qardaşım da var. Adı Rihatdır. Onun da 17 yaşı var və o da "Step İt" kursunda kompüter mütəxəssisi olaraq təhsil alır. Evdə 2 uşağıq" .
Bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən aktyor, prodüser Elməddin Cəfərovun oğlu Nihat Cəfərov deyib.

O daha sonra əlavə edib:
"Bir çox insan məni atama bənzədir. Bunun səbəbi təkcə xarici görünüşə görə deyil, əsas xasiyyətlərimizə görədir. Oxşar xasiyyətlərimizdən ən başlıcası hər ikimizin işimizə çox fokuslanmağımızdır. İşləməyi çox sevirik. Əlavə etməli olsam həm də oxşar xüsusiyyətlərimizdən biri ailəcanlı olmağımızdır. Atam hər zaman bizim üçün vaxt ayırmağa çalışır. Mən də ailəmlə vaxt keçirməyi çox sevirəm. Bunun da açıqlamasını vermək istəyirəm. İnsan böyüdükcə dərk edir ki, heç nə həmişəlik deyil. Nə dost, nə sevgi. İnsan yaxın bildiyi dostundan belə zərbə ala bilir, eynən də sevgidə. Lakin ailə hər zaman sənin yanındadır və əsl dostların elə sənin ailəndir. Son oxşar xasiyyətimizi də əlavə etməli olsam deyərdim ki, hər ikimiz şəxsi əşyalarımıza kiminsə toxunmağını heç sevmirik (gülür)" deyə o bildirib.
Nihat Cəfərov atasının sevdiyi obrazlarını da sadalayıb. O bildirib ki, uşaq olarkən atası ilə birlikdə bir neçə rolda çəkilib:

"Atamın ən bəyəndiyim rolu "Qaragöz" filmində olub. Səbəbi də bundan ibarətdir ki, bir çox komediya filmlərində və seriallarda oynayıb: "Bacanaqlar", olsun "Qış nağılı", "Xoxan" və s. Bu filmdə isə ilk dəfə idi ki, mən atamı dram janrında gördüm və bu mənim atam barədə bir çox fikirlərimi dəyişdi. Ən çox təsir edən səhnə isə filmin sonunda ata oğula yaşaması üçün öz böyrəyini vermə səhnəsi idi. Uşaq olarkən atamla birlikdə "Bacanaqlar" serialında Kamran rolunda, sonra "Naxox" filmində və "Bozbash Pictures"-in 2014 ildə olan treylerində "onlar ölməyiblər" xəbərini verən qazetçi oğlan rolunda oynamışam. Uşaqlıqda aktyor olmağa həvəslənmişdim, amma bir müddət keçəndən sonra hədəfim daha yaxşı və yuxarı vəzifədə işləmək olub və bunun üçün də çalışıram. 2 ci səbəbi isə atam olduğuna görə demirəm, sadəcə şəxsi həyatımı bəyənirəm və insanların məni yaxından tanıyaraq ünsiyyət qurmalarını üstün tuturam. Atamdan başqa bəyəndiyim aktyorlar da var ki, bunlar Rafael İsgəndərov, Nicat Rəhimov və Fərda Amindir" deyə o bildirib.
Nihat Cəfərov arzularından da danışıb:
"Hədəfim gələcəkdə şəxsi biznes açmaq və hüquqşunas olaraq işləməkdir. Macarıstanda "İBS" adlı universitetdə təhsil almışam. Baxmayaraq ki, hədəfim budur, amma onunla da kifayətlənmirəm. Həmçinin "Regional İnkişaf İctimai Birliyi"-də tədbirlərdə könüllü olaraq fəaliyyət göstərirəm. Özümü başqa sahələrdə də sınayıram. Ağlımda hər zaman ola biləcəyim ən yaxşı versiya üçün çalışıram" deyə o bildirib.
Nihat Cəfərov deyir ki, atası bir çox sənətkarlara dəstək olub. Bu da bir övlad kimi onu qürurlandırır:
"O hər zaman insanlara yardım etməyi sevir. Lakin insanların bunu bilməməsini istəyir. Çünki özü də deyir ki, "mən insanların diqqətini cəlb etmək üçün yox, Allah rızası üçün edirəm və bu mənim Allahla olan əlaqəmdir". Mən təbii ki, fərəhlənirəm və fəxr edirəm ki, belə bir şəxsiyyətin övladıyam" deyə sənətçinin övladı bildirib.
Nihat Cəfərov bildirib ki, anası da yaradıcılıqla məşğuldur. Belə bir nümunəvi ailədə böyüdüyü üçün çox xoşbəxtdir:
"Anam 225 saylı orta məktəbdə həm Ana dili və Ədəbiyyat üzrə müəllim, həm də direktor müavini olaraq çalışır. Amma o da bununla kifayətlənmir. Bir çox yazdığı kitablar var. "Xəyallardan Gerçəkliyə", "Aforizmlər" və sonuncu işıq üzü gördüyü "Səndə gözəlləşən həyat" kitabı oldu. Onu da əlavə edim ki, anam Beynəlxalq Elmlər Akademiyasının fəxri professorudur. Anama hər birimiz dəstək oluruq. Anamla mənim xüsusi bir bağım var. Biz hər zaman dünyaya baxış bucağımızı müzakirə edirik və hər zaman ondan yeni məlumatlar öyrənirəm. Hətta boş vaxtımda onun "Xəyallardan gerçəkliyə" adlı kitabını oxuyuram. Anam hər zaman hər kəsə dəstək olub. O öz fikirlərini kitaba yazıb insanlara hər bir problemin bir çıxış yolu vardır izah etməsində görüb" deyə o bildirib.