AZ

Putin və onun ətrafı Rusiyanı məhv edir Politoloq

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"Dünya tarixinə baxsaq, tarixdə müharibələrsiz, münaqişələrsiz bir an belə olmayıb. İnsan övladı heç vaxt sülhdə yaşamayıb. İnsan hər bir ölkədə ağılla, mədəniyyətlə idarə olunmur. Ona görə insanlar da, padşahlar da, dövlətlər də daima mübarizədədirlər".

Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə dünyada mövcud olan gərgin vəziyyətlərdən danışarkən bildirdi. 

"Afrikada neçə müharibə ocağı var. Ruanda ilə Konqo arasında dövlətlərarası müharibə gedir. Liviyada bir ölkə üç yerə bölünüb. Sudan parçalanıb. Sudanda hakim siyasi rejimdə ordu bölünüb iki yerə bir-biri ilə boğuşur, müharibə aparır. Yəni bütün ölkələrdə Malidə, Fil Dişində, Nigerdə, hər yerdə ciddi siyasi, iqtisadi böhran var. Yəmən iki yerə bölünüb. Bir hissəsində husilər nəzarət eləyir, bir hissəsinə Səudiyyəyə sadiq qüvvələr. Onların arasında müharibə gedir. Eyni zamanda Amerika və İsrail husilərin nəzarət elədiyi hissəyə raket və avia bomba zərbələri endirir. Öz növbəsində husilər İsraili bombalayır, raketlə vurur, Amerikanın donanmasına hücum edir".

Müsahibimiz qeyd etdi ki, İsraillə Amerika beynəlxalq hüquqa hörmət etmədən İrana hücum edib.

"İsrail azğınlıqla, həyasızlıqla Fələstin xalqının torpaqlarını işğal eləyib. BMT-nin qərarlarına tüpürür. Qəzza zolağında artıq 60 minə yaxın insan öldürüb. Dünyanın bir çox yerində Kampuçiya ilə Tailand arasında münaqişə, müharibə ehtimalı var. Pakistanla Hindistan müharibə ərəfəsindədirlər. Bu yaxınlarda müharibə olub onların arasında, döyüşlər keçmişdi. Hər yerdə, dünyanın hər yerində belə şeylər olur.  Allaha şükür ki, bizdə Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münaqişə həll olunub. Amma Gürcüstanın ərazisinin 20 faizi Rusiya tərəfindən işğal olunub. Abxaziya və Sxinvalid bölgəsi Rusiya tərəfindən işğal olunub. Bir çox gürcü siyasətşünaslar bu yaxınlarda Rusiyanın parçalanmağından danışırlar. Rusiya özü dərin böhran içindədir. Rusiyanın hakim dairəsi rus xalqının, rus dövlətinin mənafeyinə zidd olan ağılsız, səfeh siyasət yürüdürlər. Rusiyanı qarət edirlər. Bütün Rusiya məmurları, nazirləri, deputatları hamısı oğrudurlar. Rusiyanı satırlar. Rusiyanın prezidenti özü Rusiyanın bir nömrəli qənimidir. Putin və onun ətrafı Rusiyanı məhv edir.  Hər il Rusiya əhalisi 1 milyon azalır".

Politoloqun sözlərinə görə,Çində ziddiyyətlər var:

"Uyğurların, Mincanların, Tibetlilərin hüquqlarını tapdalayırlar. İranda ciddi daxili siyasi böhran, su qıtlığı, elektrik qıtlığı var. Neft qıtlığı olan İranda ciddi enerji problemləri ilə üzləşiblər. Demoqrafik böhran bütün Avropanı bürüyüb, cənginə alıb. Bir Avropa dövləti yoxdur ki, əhalisi artsın. Yalnız gəlmələrin hesabına əhalinin sabitliyini saxlaya bilirlər. Eyni zamanda iqtisadi dərin böhran var. Almaniya kimi qüdrətli iqtisadi dövlət, onların iqtisadiyyatında, sənayesində böyük çöküş var. Nəyə görə? Ucuz rus qazından məhrum olublar. Bahalı Amerikan qazından istifadə eləyəndə Alman sənayesinin malları rəqabət qabiliyyətini itirir, bahalaşır. Bütün bunlar problemlərdir. Bu problemləri həll eləmək üçün hakim dairələr səmərəli qərarlar çıxarmalıdır. Bunlar qadir deyillər. Çünki o tərifli demokratik seçki mexanizmləri hər dəfə, hər zaman daha ağıllı insanların seçilməsinə zəmanət yaratmır. Bəzi hallarda populistlər, yalançı vədlər verənlər, demaqoqlar, fırıldaqçılar seçicilərin rəğbətini qazanıb hakimiyyətə gəlir", - deyə Zərdüşt Əlizadə fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
redaktor.az

2Mənbələr