AZ

Valideynlik hüququndan məhrumetmə hansı hallarda olur? - Hüquqi rəy

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunmuş məlumata əsasən 2024-cü il ərzində Azərbaycanda 73 nəfər valideynlik hüququndan məhrum edilmiş, 8 nəfərin isə valideynlik hüquqları məhdudlaşdırılmışdır. Bəs ata və ya ana hansı halda valideynlik hüququndan məhrum edilə bilər?
 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili  Eminli Rusif Moderator.az-a açıqlamasında bildirib ki, ölkə qanunvericiliyinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
Vəkil qeyd edib ki,  valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar:
 
“Valideynlər (ata və ya ana) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
2. alimenti qəsdən ödəmədikdə;
3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; 
4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;
5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; 
6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;
8. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə.
Yuxarıda sadalanan hallarda valideynlər (ata və ya ana) valideynlik hüquqlarından məhrum edilə bilərlər”.
 
Valideynlik hüquqlarından məhrumetmə hansı qaydada həyata keçirilir? 
 
 Eminli Rusif  qeyd edib ki, Milli qanunvericiliyə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə yolu ilə həyata keçirilir:
 
"Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Həmçinin valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir".
 
Bəs valideynlik hüquqlarından məhrumetmənin nəticələri nədən ibarətdir?
 
Vəkil vurğulayıb ki, daxili qanunvericilikdə əks olunmuş hüquqi mövqeyə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər:
 
 “Lakin valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
22
moderator.az

1Mənbələr