AZ

Nəcibə Hüseynova: Dublyaj sənətçilərinə ögey övlad münasibəti bəsləyirlər, bu, adamı incidir – MÜSAHİBƏ

Adamın səsinin özündən məşhur olması... Səsi ilə tanınması... Onun da taleyi məhz belə idi. Milli kinomuzda onlarla obraza səsi ilə nəfəs verən, səsi ilə möhür vuran nəcib xanım... Milli kinomuzun, az qala, qadın səs yaddaşı, qadın nəfəs yaddaşı.

Danışdığımız məkanda vədələşdiyimiz vaxta bir neçə dəqiqə qalmış ona zəng edirəm. Açmır. Bir az keçəndən sonra bir daha zəng edirəm. Yenə açmır. Nigaran halda yerimdən qalxıb o yan-bu yana gəzişirəm və bir daha zəng edirəm. Dəstəyin o biri başından tanış olmayan kişi səsi gəlir: anam telefonu evdə unudub. Elə bu cümlə ilə bərabər bir qadının görüş yerimizin yaxınlığında var-gəl etdiyini görürəm: təlaşlıdır, həyəcanlıdır, kimisə, nəyisə axtarır... O kimsə mən idim, nəsə isə telefonu…

“Report” Əməkdar artist Nəcibə Hüseynova ilə müsahibəni təqdim edir.

– Sizin tərcümeyi-halınızda yazılıb ki, iki dəfə Lənkəran, bir dəfə isə Yasamal rayonu üzrə xalq deputatı olmusunuz. Mənim üçün çox maraqlı məlumatdır, ona görə elə buradan başlayaq.

– Bəli, bu, sovet hakimiyyəti dönəmində olub. O zaman mən Lənkəran Teatrında çalışırdım. Düzü, istəmirdim, ürəyimcə deyildi, amma oldum. Hətta o zaman mənim partiyaya üzv olmağımı da istəmişdilər. Axırı dedim ki, istəmirəm, mən yaradıcı adamam, yaradıcılığımla məşğul olmaq istəyirəm. Elə o vaxtlarda şəhər sovetinin deputatlılğına namizədliyim irəli sürüldü və seçildim.

– Bəs Bakıda?

– İki dəfə ardıcıl Lənkəranda seçiləndən sonra Bakıya köçəsi oldum.

– Niyə?

– Ailə məsələləri ilə əlaqədar idi. Evlənmə ərəfəsi idi, ona görə köçməli oldum. Gəldim, “Azərbaycanfilm” kinostudiyasında işləməyə başladım, elə o zaman Yasamal rayonundan namizədliyim irəli sürüldü və seçildim. Məndən əvvəl Həmidə Ömərova bir neçə dəfə seçilmişdi, fərqlilik olsun deyə, bu dəfə məni seçdilər.

– Aydındır, siyasi fəaliyyətiniz barədə bu qədər bəsdir, keçək yaradıcılığınıza. Neçə il Lənkəran Teatrında işləmisiniz?

– Haradasa, səkkiz il yarım. Hərdən bunu Federiko Fellininin (Federiko Fellini – dünya şöhrətli italiyalı rejissor, – müəl.) məşhur filmi ilə müqayisə edirəm.

– “Səkkiz yarım”...

– Hə. Mən də Lənkəranda səkkiz il yarım işlədim (gülür).

– Mənə elə gəlir, siz Lənkəranda çox xoşbəxt olmusunuz və onun teatrında isə özünüzü tapmısınız. Ümumən səkkiz il yarım da az zaman deyil.

– Oy, oy, əlbəttə, çox düz deyirsiniz...

Nəcibə xanımın gözləri parıldayır, əllərini bir xeyli havada yellədib fikrini daha dəqiq ifadə eləmək üçün söz axtarır...

– ...Mən orada özümü çox yaxşı hiss edirdim. Lənkəran Teatrında öz yerimdə idim – rahat olduğum yerdə.

Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi işləmək təklifindən imtina etdim

– Madam teatrda bu qədər xoşbəxt idiniz, niyə səhnədən uzaqlaşıb keçdiniz mikrofon arxasına?

– Bilmirəm... Yəqin ki, belə olmalı idi və oldu. Mən Bakıya köçəndən sonra Mədəniyyət və İncəsənət Universitetindən təklif gəldi. Səhnə danışığı kafedrasının dekanı mənə dedi ki, öz kadrımızsan, istəyirik, elə burada da çalışasan. Amma mən təklifi qəbul etmədim.

– Niyə?

– Çünki istəmirdim. Dedim, yox, mən özümü müəllim kimi görmürəm, görə bilmirəm. Ondan sonra getdim elə universitetin nəzdindəki Tədris Teatrına. Ora tələbələr üçün bir növ, meydan idi. Rəhmətlik Vaqif İbrahimoğlu da orada çalışırdı, bilirsiniz, onun özünəməxsus üslubu vardı, elə onun üzərində işləyirdi. Elə oldu ki, mən də qoşuldum onun komandasına. Mənə tamaşaların birində rol verildi. Tamaşada yalnız əl və barmaq hərəkətləri ilə ünsiyyət qururduq. Bu tamaşa ilə hətta Moskvada da çıxış elədik və çox uğurlu oldu.

– Bəs sonra?

– Sonra günün birində “Azərbaycanfilm” kinostudiyasının tərkibində Kinoaktyor studiyası yaratdılar. Bu cür studiyalar SSRİ-nin əksər şəhərlərində var idi. Aktyor, aktrisalar filmlərə çəkilmədiyi dönəmdə orada müxtəlif tamaşalarda oynayırdılar, bir növ, boş qalmırdılar. Bu çox yaxşı təşəbbüs idi, çünki aktyor daim işləməlidir. Mən də qoşuldum ora. Bir müddət sonra “Azdrama”nın direktoru Əşrəf Quliyev (azərbaycanlı rejissor, aktyor, Əməkdar incəsənət xadimi, – müəl.) məni teatra dəvət elədi.

Əşrəf Quliyev məni "Azdrama"ya dəvət elədi, amma getmədim

– Sizi haradan tanıyırdı?

– Mən Lənkəran Teatrında işlədiyim zamanlarda o da bizim teatrda bir neçə dəfə tamaşa səhnələşdirmişdi, bir yerdə işləmişdik. Mənə təklif etdi ki, “Azdrama”da yeni bir tamaşa səhnələşdirir və məni baş rola istəyir. Amma mən yenə də imtina etdim, getmədim.

– Bu dəfə niyə?

– İnanın ki, bu sualı mən də bəzən özümə verirəm, amma bilmirəm. Mənə elə gəlirdi ki, hansısa bir qüvvə məni saxlayırdı.

– Heç düşünürsünüzmü ki, görəsən, getsəydim, necə olardı?

– Əlbəttə, düşünürəm. Hesab edirəm ki, hər şey başqa cür olardı. Necə olardı, daha yaxşımı, yaxud əksimi, onu bilmirəm. Amma əlbəttə, başqa cür olardı. Xülasə, bir müddət sonra professor Mehdi Məmmədov (azərbaycanlı teatr rejissoru, Xalq artisti, – müəl. ) “İblis” tamaşasını səhnələşdirirdi. Bakıda olduğumu bilən kimi o da xəbər göndərdi ki, gəlsin, ona rol vermək istəyirəm.

– Maraqlıdır. Məncə, Xavər ola bilərdiniz...

– Doğrudan, elə düşünürsünüz? Mən də bu barədə düşünmüşəm (gülür). Yəqin ki, ola bilərdim, qəribədir. Nəysə, yenə imtina elədim.

– Biz yarım saata yaxındır danışırıq, siz hələ ki edilən bütün təkliflərə yox demisiniz. Yaxşı ki, müsahibəyə razılıq ala bilmişəm.

Gülür.

– Həyatdır da...

Bu sözü eşidər-eşitməz “Təhminə” filmindəki məşhur replikalardan biri ilə qarşılıq vermək istəyirəm, amma özümü saxlayıram. Çünki müsahibəni Nəcibə Hüseynova yaradıcılığı üzərində quracağımı özümə söz vermişdim, təkcə Təhminənin səsi üzərində yox.

– ...o zaman mən, dediyim kimi, “Azərbaycanfilm” kinostudiyasında çalışırdım, Şəkidə çəkilişdə idik. Gələn təkliflərdən dəfələrlə imtina etdikdən sonra bu dəfə “Azdrama”nın ovaxtkı direktoru Əli İsmayılov xəbər göndərdi ki, o qız bir gəlsin yanıma, söhbət edək.

– Yəqin ki, yenə getmədiniz.

– Yox, bu dəfə getdim, dedim yaşlı adamdır, yaxşı çıxmaz. Getdim, görüşdük. O zaman teatr təmirə bağlanırdı, buna görə də hazır tamaşalarla Bakı kəndlərinə gedirdilər, orada nümayişlər edirdilər.

– Təklifdən imtina üçün göydəndüşmə fürsət...

Gülür. Ürəkdən gülür...

– Hə, direktora dedim, fikirləşim, sizə deyərəm. Və getmədim. Sizə bir şey deyim, mən hiss edirdim ki, evdən də narazılıq var, yəni mənim aktrisa olmağımı istəmirdilər. Haradasa Azərbaycan mental düşüncəsinə görə başa düşmək olardı. Üstəlik, o zaman artıq ana olmuşdum, övladım vardı. Düşünürdüm, teatrın rejimi ağır olar, məşq-tamaşa, məşq-tamaşa, səfərlər, səyyar tamaşalar... Bəs uşağım? Onu düşündüm və getmədim.

Həyat yoldaşım mənə dedi ki, bura Lənkəran deyil, “Azdrama”dır, yaxşı götür-qoy et

– Maraqlıdır ki, sizdən öncə Xalq artisti Pərviz Məmmədrzayevlə müsahibə etmişdim. Pərviz bəy həyat yoldaşını səhnədən uzaqlaşdırıb, səbəb kimi bunu göstərdi ki, uşaqlarım evə gələndə analarını görsünlər, ana qayğısı ilə qarşılansınlar deyə, razılaşdıq və o səhnədən getdi.

– Ay nə maraqlı... Görürsünüz, mənim kimi düşünənlər az deyil. Bir məsələ də var, teatrda çox kəskin intriqalar olur. Rol üstündə qırğınlar, maaş üstündə və digər. Lənkəran Teatrı, düzdür, bir az başqa idi, amma həyat yoldaşım mənə dedi ki, bura Lənkəran deyil, bura “Azdrama”dır. Yaxşı götür-qoy et. Mən də götür qoy edib getmədim.

– Bəs peşmanlıq hiss edirsiniz?

– Bəzi şeylərə görə olur.

– Məsələn nəyə görə?

– Bəlkə, bu barədə danışmayaq... Çünki...

Bir xeyli düşünür. Mənə elə gəlir, bu, sualdan yayınmaq üçündür, ona görə də mane olmuram.

... – Mən tələbə ikən İncəsənət Universitetinin kafedra müdiri Rahib Hüseynov məni çağırıb dedi ki, səni məndən istəyirlər. Dedim, necə yəni məni istəyirlər? Sən demə, Zəfər Nemətov (Azərbaycanlı rejissor, əməkdar incəsənət xadimi, – müəl. ) “Cinayət və cəza”dakı Soniçka obrazımı görüb bəyənibmiş. Hamlet Qurbanov Roskolnikovu oynayırdı, mən isə bapbalaca Soniçkanı. Rahib müəllim bunu nəzərdə tuturmuş. O vaxt da yox dedim. Dedim, mən gedib orada nə oynayacağam: “Siçan pişik”? Bu da niyə belə idi: çünki uşaq vaxtı Gənc Tamaşaçılar Teatrında o qədər uşaq tamaşalarına getmişdim ki, ağlımda teatr elə qalmışdı. Xülasə, getmədim. Bir müddət sonra yenə məni çağırdı ki, Əşrəf müəllim “Azdrama”da sənə rol verəcək. Bu dəfə razılaşdım.

"Azdrama"nın aktrisalarından biri oraya dublyor kimi getməyimə mane oldu

– Nə əcəb, nə əcəb?

– Hələ qulaq asın... Sonra Zərnigar Ağakişiyeva mənə dedi ki, teatrda aləm dəyib bir-birinə. Dedim, niyə? Dedi, aktrisalardan biri sənin “Azdrama”ya dublyor kimi gəlməyini istəmir.

– Hansı aktrisa?

– Dünyasını dəyişib, istəmirəm adını çəkim. O aktrisa özü də tələbə ikən getmişdi “Azdrama”ya, amma mənim gəlməyimi istəmədi. Və getmədim də.

Sonra məni Azərbaycan Dövlət Televiziyasına dəvət etdilər. Efirə diktor kimi çıxacaqdım. Universitetdə Rafiq Hüseynovla rastlaşdım, mənə dedi ki, Rahib müəllim sənin efirə çıxmağını istəmir, deyir ki, onu teatr üçün yetişdiririk. Baxıb, baxıb dedim ki, hə, nə olar, o elə deyirsə, eybi yoxdur. Rahib müəllim icazə verməsə, şərait yaratmasa, gedə bilməzdim axı, o da məni teatra hazırladığını dediyi üçün televiziyaya da getmədim.

– Maraqlıdır, gələn bu qədər təklifə yox deyə-deyə, necə oldu ki, Lənkəran Teatrına getdiniz?

– Dördüncü kursda oxuyanda Lənkəran Teatrı üçün yeni qrup formalaşdırırdılar. Bizə demişdilər ki, sizi də ora aparmaq istəyirlər. Tamaşalardan birində mənə baş rol verildi. Mən və həyat yoldaşımla bir yerdə oxumuşuq. O gedib rəhbərliyə deyib ki, biz hara getsək, bir yerdə getməliyik. Elə onun istəyi ilə də bir yerdə getməli olduq. Orada da bayaq dediyim kimi, çox yaxşı hiss edirdim, üstəlik, adamların çox böyük diqqətini hiss edirdim.

– Tələbəlikdən çıxan kimi məşhurluq həyatı... Maraqlıdır.

– Hə, özü də əməlli-başlı məşhurluq ha!.. Hətta Bakıya belə gələndə adamlar qışqırırdı ki, yaşasın Lənkəran Teatrı.

– Onlar sizi haradan tanıyırdı ki?

– Bilmirəm, güman ki, gəlib baxırdılar, üstəlik, hər ay televiziyada hesabat xarakterli tamaşalar göstərirdik. Bizim haqqımızda SSRİ miqyasında qəzetlər belə yazırdı. Nə qədər məktublar gəlirdi, ardı-arası kəsilmədən təriflər... Həyat yoldaşım bir ara qısqandı, dedi, bunları niyə saxlayırsan? Siyirmədə qalaq-qalaq idi məktublarım. Onun sözündən sonra yandırdım hamısını.

Dublyaj aktrisası olacağım yatsam belə yuxuma girməzdi

– Sizin az da olsa, kino karyeranız da olub.

– Bəli, olub. Düzü, kino mənim ağlımda yox idi. “Azərbaycanfilm” kinostudiyasında təsərrüfat hesablı işləyirdik. Buna görə də filmə çəkilməlisən ki, maaşı özün qazanasan. Onda belə bir neçə filmə çəkildim, epizodik, kütləvi rollarda və sair. Dublyaja da məhz o dönəmdə gəldim. Kino bir yana, dublyaj aktrisası olacağım yatsam belə yuxuma girməzdi. İlk dəfə böyük bir komandanı saldılar səsyazma studiyasına. Bizə başa saldılar ki, burada kütləvi səhnənin səsini yazmalıyıq. Siz öz aranızda danışın, bizə, sadəcə, qarışıq, qur-qur səs lazımdır. Elədik. Birdən köməkçi rejissor mənə yaxınlaşdı ki, orada balaca bir səhnə var, gənc bir qız salam verəcək, onu səsləndirə bilərsənmi? Dedim, yaxşı. Yaxınlaşdım, dedim, salam, vəssalam.

– Və o salam, bu salam...

– Hə, doğrudan da, elə oldu. Hər şey beləcə təsadüfən baş verdi. Bir müddət sonra həmin köməkçi rejissor məni yenidən çağırdı ki, gənc bir qızı səsləndirməlisiniz. Təsəvvür edin, Şahmar Ələkbərovla Əminə Yusifqızı baş rolları səsləndirəcək, mən isə epizodik bir rolu. Üç-dörd cümləlik mətn idi, bir həyəcan keçirirdim, bir həyəcan keçirirdim, ilahi... Sağ olsunlar, ikisi də mənə dəstək oldular, Şahmar müəllim əlini çiynimə qoydu ki, qorxma, qorxulu heç nə yoxdur. Əminə xanım da dedi ki, ürəyini sıxma, buradayıq. O vaxt indiki kimi texniki vasitələr yox idi, nəsə səhv olsa, hər şey başdan yazılmalı idi. Həmin dublyajı bir cəhdə yazdıq. Köməkçi rejissor dedi ki, əla, çox əla, bir xeyli təriflədi. Mən isə həyəcandan özümü itirmişdim, az qala, heç nə eşitmirdim, o dərəcədə yəni... Beləliklə, bundan sonra mənə bir neçə ikinci dərəcəli obrazın dublyajı həvalə olundu. Sonra isə baş rollar verildi.

– Dublyajda ilk baş rolunuz hansı olub?

– Düzü, tam olaraq xatırlaya bilmirəm. Amma yeniyetmələrlə bağlı bir film idi.

– Siz “Qanlı zəmi” filmində də epizodik bir obrazı səsləndirmisiniz.

– Bəli, o səsləndirmədir. Dublyajla səsləndirmə ayrıdır. Siz dediyiniz obraz mənim səsləndirmədə olan ilk işimdir. Mən orada rus bir həkimi səsləndirmişəm. Dublyajla səsləndirmənin fərqini elə orada başa düşdüm, çünki, dediyim kimi, bu ilk səsləndirməm idi.

– Amma sizi daha çox populyar edən Təhminə obrazının səsi oldu.

– Elədir və çox qəribədir. Buna qədər, məsələn, “Ölsəm, bağışla” filmində Gülya obrazını da səsləndirmişdim. Amma daha çox məşhurluq Təhminə obrazı ilə oldu.

– “Ölsəm, bağışla” filmində Gülzar Qurbanovanın öz səsi niyə uyğun gəlmirdi ki?

– İnanın, bu sualı mən də Rasim Ocaqova verdim. O film çəkilən zaman Gülzar xanım çox gənc idi, Gülya obrazı isə bir az böyük idi və səsi bir az böyük olmalı idi. Ona görə mən səsləndirdim. Sonra “Şahid qız”, “Zirvə”, “Şeytan göz qabağında”, “Qızıl qaz” və daha onlarla filmdə baş qəhrəmanı səsləndirdim.

– Amma hamı Təhminədən danışır.

– Bilirsiniz, mənə elə gəlir, filmin özü çox məşhur oldu. Bu da ona görə idi ki, filmə qədər Xalq yazıçısı Anarın müəllifi olduğu roman artıq məşhurluq qazanmışdı, əldən-ələ gəzirdi. Başqa bir amil isə məncə, Meral Konratın özü ilə bağlıdır. İstənilən halda, xarici aktrisa idi, diqqət çəkirdi. Özü də Təhminəni səsləndirən zaman mən artıq kinostudiyada çalışmırdım, televiziyada idim. Rasim Ocaqov dəvət elədi, getdim, dedi, neçə vaxtdır, səni axtarıram. “Təhminə” filminin çəkilişləri başa çatıb, səsləndirmə isə sənlikdir. Çox təəccüb elədim, gözlənilməz idi. Dediyim kimi, kitabı çoxdan oxumuşdum, şöhrəti məlum idi. Beləcə səsləndirdim və film də roman kimi kifayət qədər məşhurluq qazandı.

– Nəcibə xanım, səsiniz özünüzdən məşhurdur. Bu sizi incitmir ki?

– Yox. O filmə qədər də özümdən daha çox səsim tanınırdı, amma o filmdən sonra səsim daha da məşhurlaşdı. Mən 1987-1993-ci ilə qədər AzTV-də “Yeni filmlər” verilişinin aparıcısı olmuşam. Siz məşhurluq deyirsiniz, mən məşhurluğumun zirvəsini məhz o dönəmdə yaşamışam. Həm səsimlə, həm də görünüşümlə, çünki efirdən də artıq tanıyırdılar məni.

Mən televiziyada partlayışı da xatırlayıram. Verilişimizi yazdıq, çıxanda gördüm ki, ətrafda rus əsgərləri var. Bunlar kimdir? Niyə gəliblər? Yəni bir növ hazırlıq gedirdi. Veriliş axşam efirə getməli idi. Televiziyanın çıxışında görürəm, silahlı, başlarında kaskalarla əsgərlər gəlir yenə. Bilirsiniz, adətən, orada bizim öz polislərimiz olurdu, döyüş paltarında əsgərləri görmək adamı, əlbəttə, qorxudurdu. Axşam oldu, veriliş başlayacaqdı, bir də gördüm, ekran getdi. Elə bildim, televizorumuza nəsə olub. Sən demə, stansiyanı partladıblarmış.

– Müxlis Qənizadə və Həsən Əbluc məktəbi keçmisiniz. İstəyirəm, bir az da onları xatırlayaq.

– Bəli, Müxlis müəllim böyük pedaqoq və qiraətçi idi. Onun bizimlə apardığı dərs prosesi unudulmazdır. Xırda səhnəciklər qururdu, yuxarı kursların qarşısında tamaşa göstərirdik, televiziyaya çıxırdıq. Özü bir çox dövlət proqramlarında aparıcılıq edirdi deyə, bizi də aparırdı. Məsələn, məni bir dəfə böyük konsertlərdən birinə aparıcı kimi aparmışdı. Yəni tamaşaçıya öyrəşdirirdi bizi və elə davranırdı ki, özümüzü ona həmkar kimi hiss edirdik. Mən ondan çox şeylər öyrənmişəm.

Müxlis müəllim rəhmətə getdikdən sonra Həsən Əbluc qısa müddətdə də olsa, bizə dərs dedi. Mən Həsən müəllimin səsinin vurğunu idim. Televiziya tamaşalarının birində mənə rol da vermişdi. Düzdür, indi tamaşanın adını xatırlamıram, amma bu xatirə də mənim üçün əzizdir. Bu yaxınlarda bir nəfər həmin tamaşanı yutubdan tapıb mənə göndərmişdi. Heyf telefonum evdə qalıb, tapıb göstərərdim.

Hətta məni “Azdrama”da quruluş verdiyi tamaşalardan birinə dəvət də elədi, dedi ki, səni çağırsam, gələrsən? Dedim, əlbəttə, Həsən müəllim, gələrəm. Amma aktyor-aktrisalar arasında qısqanclıq çox olur. Alınmadı və başa düşdüm ki, onluq məsələ deyildi.

– Aydındır, Nəcibə xanım, dublyaj sənətində pul yoxdur deyirlər.

– Düz deyirlər, azdır.

Adam püxtələşdikcə öz-özünə sual verir: niyə mənə doğru-düzgün qiymət verilmir?

– Əvvəllər də belə idi?

– Bilirsiniz, o vaxtlar yaşayış başqa idi və iş çox idi deyə, üst-üstə yığılırdı, o qədər də etirazlar olmurdu. Belə etiraz eləməyə vaxt da tapmırdıq. Amma indiki yaşam şərtləri ilə əlbəttə, çox aşağıdır. Başqa bir məsələ, illər ötdükcə adam püxtələşir, peşəkarlaşır və düşünürsən ki, axı niyə aldığım qonorarda artım yoxdur? Niyə mənə doğru-düzgün qiymət verilmir? Niyə işimə qiymət az verilir?

– Ümumiyyətlə, dublyajda qonorar sistemi necədir, necə hesablanır?

– Əvvəllər dəqiqə ilə hesablanırdı. Kinostudiyanı demirəm, orada aktyorun təcrübəsinə görə dəyişirdi. Sonrakı mərhələdə, yəni 2000-lərin əvvəlində filmlərin kütləvi dublyajı başlandı, həmin dövrdə belə idi. O dublyajları xatırlayın, orada orijinal səs də eşidilir, dublyaj edənin də. İndinin tamaşaçısı onu istəmir, qəbul eləmir.

Ümumiyyətlə, aktyorlar həmişə ən axırda yada düşür

– Nəcibə xanım, kinostudiyada hər obraz üçün bir səsləndirmə aktyoru olurdu. İndi amma bir dublyajçı bir neçə obrazı səsləndirir.

– Bəli, bəli, bu da birmənalı olaraq maliyyə ilə bağlı məsələdir. Ümumiyyətlə, aktyorlar həmişə ən axırda yada düşür. Dublyaj sənətçilərinə isə ümumiyyətlə, ögey övlad münasibəti bəsləyirlər. Bu adı mən qoymuşam, çox da dəqiq addır, məncə. Biz ögey uşaqlar kimiyik və bu, adamı incidir. Yəni sən nə qədər peşəkar olsan da, valideyn üçün ögey uşağa münasibət nədirsə, sən də onu görürsən. Hamıya hər şey çatır, bizə çatanda fikir bu olur: maliyyə azdır e... Nə bilim?..

– Səhv etmirəmsə, siz “Mozalan”da da çəkilmisiniz.

– Hə. Çəkilmişəm. Gülşən Qurbanova ilə tərəf müqabili olmuşuq. O vaxt xatırlayırsınızsa...

Bir qədər dayanır.

– Bağışlayın, siz çox gəncsiniz, unutdum.

Gülə-gülə davam edir...

– Mövzu bu idi ki, bir növ, iş vaxtı işdən yayınan adamlar. Muxtar Maniyev, Səməndər Rzayev kimi böyük aktyorlarımız da rol almışdı. Bədii filmə də orada gəldim: Əkrəm Əylisinin “Tənha narın nağılı” əsərinin motivləri əsasında... Sonra bir neçə epizodik rola çəkildim, amma qəribədir ki, hamı məni daha çox səs kimi görürdü. Mən sizə bir şeyi də deyim, ailə münasibətləri baxımından mənim üçün bu daha rahat idi. Çünki konkret iş saatı var idi, ora-bura getmirdim. Amma yenə də bəzən düşünəndə nəsə adam qəribə hisslər keçirir.

Qrup halında dublyaj sənətçiləri hazırlamışam, amma sonra öz-özümə sual edirəm: mən bunları öyrətdim, bəs harada işləyəcəklər?

– Bəs indi dublyaj olunan filmlərə baxırsınız?

– Çox yox, amma belə imkan olduqca baxıram. Daha çox özüm üçün yeni səslər kəşf edirəm, o adamla dərhal maraqlanıram. Hətta elə olub ki, mənə müraciət ediblər, qrup halında onlarla məşğul olmuşam. Amma sonra özüm özümə sual edirəm: mən bunları öyrətdim, aha, bəs harada işləyəcəklər? Cavab yoxdur axı, onda nə mənası?

Xatırlayırsınızsa, 2023-cü ildə keçirilən Kino forumunda bu məsələ ilə bağlı geniş müzakirə oldu. Orada nə qədər məsələlər qabardıldı, amma nəticə varmı? Təəssüf ki, hələ yox. Kinoteatrlarda dublyaj bir yana, Azərbaycan dilində titrlər verilir, guya onlar normaldırmı? Deyil, orada nə qədər səhvlər olur. İkinci bir məsələ, altyazı ilə hamı filmə baxa bilmir, bu bir az vərdiş məsələsidir. Yenə də söhbət gedib çıxır maliyyəyə, hər şeyin kökündə maliyyə durur.

Bir dəfə verilişlərin birində üzdə olan siyasətçilərdən biri mənə dedi ki, türk filmlərinin dublyajına nə ehtiyac var? İnanın, mən elə bil ömür boyu bu sualı gözləyirdim. O dərəcədə dolmuşdum ki, özümü saxlaya bilmədim, çünki bununla bağlı məqam axtarırdım, fikrimi ifadə eləməyə tribuna axtarırdım. Dedim, biz azərbaycanlı deyilik? Bizim ana dilimiz Azərbaycan dili deyil? Vəssalam da. Türkiyədə maraqlanın görün Azərbaycan dilində film nümayiş olunur? Yox. Baxdı, baxdı, dedi, düz deyirsiniz. Dil məsələsi mənim həssas yerimdir, bir millət öz dilini qorumasa, özü məhv olacaq.

Sizi tərifləmək kimi çıxmasınız, mən sizin yazılarınıza baxanda öz-özümə dedim ki, hə bu oğlan mənim başa düşdüyüm dildə danışır, o dildə yazır. Bu məni sevindirdi.

– Bu elə məni də sevindirdi, Nəcibə xanım, çox sağ olun. Neçə övladınız var?

– Bir. O da Mədəniyyət və İncəsənət Universitetini bitirib. Əsgər gedib gələndən sonra iş tapa bilmirdi. İxtisası da qiymətli eksponatların mühafizəsi ilə bağlı idi deyə, lap çətin oldu. Mən o zaman ANS Televiziyasının Dublyaj studiyasında işləyirdim. Oğlum əsl “kinoman”dır, çox filmə baxır, incələyir, təhlil edir. Ona görə elə ANS-dəkilərin ondan xoşu gəldi, diqqət cəlb elədi. Bir-iki dəfə reklam səsləndirdi, sonra dedilər ki, Nəcibə xanım, oğlunuz da dublyaj edəcək. Dedim, necə yəni dublyaj edəcək, axı o aktyorluğu bitirməyib. Dedilər, yəqin ki, bu genetikdir.

– Nəticə?

– Oğlum hazırda dublyaj işi ilə məşğuldur – Emil İsrafilov.

– Maraqlıdır, görəsən, işindən razıdır?

– Yəqin ki, razıdır.

– Nəcibə xanım, səs bir az da yaddaşı tətikləyən anlayışdır. Keçmişdə səsləndirdiyiniz filmləri eşidəndə nə hisslər keçirirsiniz?

– Qarışıq, çox qarışıq hisslər. Doğru deyirsiniz, səs adamı keçmişə aparır, məni də həmçinin... Bilirsiniz, daha çox kinostudiyanı xatırlayıram. Onun indiki halına üzülürəm. Bir də, təbii ki, o dövr, gənclik dövrü... Nəysə, həyat davam edir...

Elə bu fikirlə də müsahibəmizi yekunlaşdırırıq. “Həyat davam edir” şüarı istənilən söhbətə və istənilən mətnə verilə biləcək ən yaxşı sonluqdur axı...

Foto: Mircavid Eminoğlu

Seçilən
7
1
report.az

2Mənbələr