AZ

Trampdan geopolitik jest: Putin və Zelenski üçün Vaşinqtonda masa qurulur?

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş təşkil etməyi planlaşdırır. O, əvvəlcə özünün Putinlə görüşünün uğurlu alınacağı təqdirdə, Ukrayna və Rusiya liderlərini uyğun məkanda bir araya gətirməyi nəzərdə tutur. Lakin Putinlə Zelenskinin münasibətlərinin gərginliyi və Rusiya-Ukrayna münaqişəsinin davam etməsi bu təşəbbüsün reallaşmasını çətinləşdirir. 

Putin qeyri-legitim elan etdiyi Volodimir Zelenski ilə görüşə razı olarmı? ABŞ prezidenti Əliyev-Paşinyan görüşündən və Ermənistan-Azərbaycan arasındakı sülh sazişinin paraflanmasından sonra buna nail olsa, geopolitik vəziyyət hansı istiqamətə dəyişər? Ukrayna müharibəsində uzunmüddətli atəşkəs ola bilərmi? Rusiya Ukraynanın işğal etdiyi ərazilərdən çıxmayacağını bildirib. Bu məsələ necə həllini tapacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, ABŞ Prezidenti 2024-cü ildəki seçki kampaniyası zamanı, seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini bitirə biləcəyinə bir neçə dəfə söz vermişdi. Lakin münaqişənin həlli istiqamətində çox az irəliləyiş əldə olunub və əldə olunan nəticələr müharibəni dayandırmaq iqtidarında deyil:

“Son günlər Donald Tramp tərəfindən müharibənin dayandırılması üçün Rusiya və Ukrayna liderlərinin görüşü planlaşdırılır. ABŞ Prezidenti verdiyi vədlərin yerinə yetirilməsini təmin etmək və reputasiyasını yüksəltmək məqsədilə mümkün qədər tez bir zamanda müharibəni dayandırmağa çalışır.

Elmir Səftərov

Bütün bu aktivlik Rusiyanın Ukraynaya daha güclü hücum etdiyi və ciddi irəliləyişlər əldə etdiyi bir vaxta təsadüf edir. Ehtimal olunur ki, bu, Putinin görüşə daha üstün mövqedən çıxmaq və Kiyevə tutduğu ərazilərdən imtina etmək üçün təzyiqi artırmaq cəhdi ola bilər.

Həmçinin oxuyun:

Azərbaycan dünyada yeni titul qazandı – İLK DƏFƏ

Rusiya həmçinin hücumlarını artıraraq Ukrayna cəbhəsinin bütün istiqamətləri boyunca təzyiq göstərir və bütün ölkəni işğal etmək gücünü nümayiş etdirir.

ABŞ-ın sülh təşəbbüsünə qarşı öz ambisiyalarından əl çəkməyən Putinin mövqeyi göstərir ki, Moskva geriyə addım atmaq niyyətində deyil.

Ukraynalılar müharibənin mümkün qədər tez başa çatdırılmasının tərəfdarı olsa da, əhəmiyyətli güzəştlər verəcəyi sülhə qarşıdır. Çünki Rusiyanın işğallarının hüquqi tanınması və NATO-ya üzvlük planından tam imtina məsələsi Ukrayna üçün müzakirə predmeti deyil.

Buna görə də, heç bir tərəfin ərazi güzəştinə getməyə razılaşmadığı danışıqlarda real nəticə əldə etmək ehtimalı azdır.

Digər tərəfdən, Rusiya və Ukrayna probleminin hazırkı mürəkkəb geosiyasi şəraitdə yalnız müharibə ilə həlli az ehtimal olunur. Qüvvələr balansının ciddi fərq yaratmaması isə qarşılıqlı kompromisə getməkdən başqa yol qoymur. Lakin hələlik hər iki tərəf bundan imtina edir. Təbii ki, məsələdə Ukrayna tək qərar vermir. Bu isə göstərir ki, müharibənin davam etməsi bəzi Qərb dairələrinin maraqlarına uyğundur”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr