AZ

Ermənistanda siyasi çaxnaşma

Avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar təkcə regional düzənə deyil, həm də Ermənistanın daxili siyasi mənzərəsinə ciddi təsir göstərib. Belə ki, bu razılaşmalar, həm revanşist müxalifət qüvvələri, həm də xaricdəki radikal erməni diaspor mərkəzləri üçün qəbuledilməz sayılır. Çünki Paşinyanın sülh yolu ilə qazandığı siyasi üstünlük, Ermənistanın hərbi ritorikadan imtina etməsi və regionda kommunikasiyaların açılması bu dairələrin maraqlarına ziddir. Məhz bu səbəbdən razılaşmalardan sonra erməni cəmiyyətində süni gərginliyin artırılması istiqamətində fəal cəhdlərin şahidi olmaq mümkündür. Vaşinqton Bəyannaməsindən sonra Ermənistan müxalifəti və revanşist dairələr tam səfərbərliklə hücuma keçiblər. Onların arqumentləri isə bir neçə əsas tezisdə cəmlənir: Qarabağ məsələsinin rəsmi olaraq bağlanması, Qarabağ ermənilərinin status probleminin gündəmdən çıxarılması, separatçıların məhkəmə prosesləri ilə bağlı müzakirələrin bağlanması və nəhayət, Zəngəzur dəhlizinin açılması ilə Sünikin Azərbaycanın nəzarətinə keçəcəyi qorxusu. Bu ritorika vasitəsilə daxildə qorxu və narazılıq toxumu səpilməyə çalışılır. Serj Sarkisyan və Robert Köçəryanın maliyyələşdirdiyi informasiya şəbəkəsi gün ərzində bu sənədə qarşı tənqid və dezinformasiya tirajlamağa başlayıb. Sifarişli politoloqlar və köhnə siyasi fiqurlar Vaşinqtonda imzalanan sənədin mahiyyətini təhrif edərək cəmiyyətə fərqli rəy aşılamağa çalışırlar. Bu isə Ermənistan daxilində sülhə qarşı olan güclərin narahatlığını və təşvişini açıq göstərir.

Artıq prosesin qarşısını almaqda aciz qaldığını anlayan diaspora Ermənistan üzərindəki təsirini bərpa etmək üçün yeni planlar hazırlayır. Bu çərçivədə amerikalı hüquqşünas Robert Amsterdamın İrəvana səfəri təsadüfi deyil. Vaşinqton görüşü ilə eyni vaxtda onun bölgəyə gəlməsi, açıqlamaları və Ermənistan hökumətinə yönəlik ittihamları, diasporun imzalanan sənədə qarşı çıxdığını açıq şəkildə göstərir. Amsterdamın səfəri zamanı səsləndirdiyi fikirlər-Samvel Karapetyana qarşı irəli sürülən ittihamların və kilsəyə münasibətin onu “şoka salması” -əslində, diasporun sülh prosesinə qarşı istifadə etdiyi klassik ritorikanın tərkib hissəsidir. Hökumətin onu ölkəyə buraxmamaqla hədələməsi və görüşdən imtina etməsi isə Ermənistan daxilində bu müdaxilələrə qarşı müqavimətin gücləndiyini göstərir.

Samvel Karapetyanın rəhbərlik etdiyi Karapetyan ailəsinin Ermənistan dövlətinə qarşı 500 milyon dollarlıq arbitraj iddiası, əslində, diasporun və xarici güclərin sülh prosesinə qarşı yeni təzyiq dalğasının bir hissəsi kimi görünür. Amerikalı hüquqşünas Robert Amsterdamın İrəvana səfərindən dərhal sonra bu addımın atılması, prosesin koordinasiyalı şəkildə həyata keçirildiyini göstərir.

Göründüyü kimi, Ermənistan müxalifəti, diaspora və xaricdəki bəzi mərkəzlər Paşinyanın Vaşinqtonda əldə etdiyi razılaşmaları daxili siyasi mübarizədə ona qarşı istifadə etməyə çalışır. Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyasının Bəyannaməyə qarşı sərgilədiyi mövqe isə Ermənistan cəmiyyətində illərlə formalaşmış revanşist düşüncənin və asılılıq psixologiyasının bariz təzahürüdür. Səsləndirilən ittihamlar göstərir ki, bu siyasi qüvvələr hələ də köhnə ritorikadan əl çəkmir və bölgədə davamlı sülhə hazır deyillər.

ATƏT-in Minsk qrupunun ləğvinə qarşı göstərilən qıcıq isə daha dərinə gedən bir məsələdir. Bu təşkilat uzun illər Ermənistan üçün status-kvonun qorunmasına xidmət edən, real nəticə verməyən, lakin siyasi manevr aləti kimi istifadə olunan bir struktur idi. Onun artıq gündəmdən çıxarılması Ermənistan müxalifəti üçün həm konkret diplomatik dayağın, həm də manipulyasiya vasitəsinin itirilməsi deməkdir. Respublikaçılar Partiyasının bəyanatı həm də Moskvanın bölgədəki maraqlarını qorumağa hesablanıb. Paşinyanın yeni reallıqları qəbul etməsi və Qərb platformasında imzalanan sənədə qoşulması, təbii ki, Moskvanın loyal dairələrinin qəzəbinə səbəb olub. Serj Sarkisyanın Kremlin təsirindən çıxmaq əvəzinə, onun sifarişlərini yerinə yetirməsi, Ermənistanın müstəqil siyasi qərar verməsinə qarşı çıxması artıq gizlədilmir. Bu yanaşma isə Ermənistanın gələcəyini yox, keçmişin maraqlarını qoruyan və ölkəni daimi qeyri-sabitlik içində saxlamağa çalışan bir xəttin davamıdır.

Respublikaçılar Partiyasının ardından Hayastan fraksiyasının da Vaşinqton Bəyannaməsinə qarşı çıxışı, əslində, Ermənistanda köhnə siyasi qüvvələrin, xüsusilə də Rusiya ilə sıx bağlı olan dairələrin öz mövqelərini qorumaq üçün atdığı növbəti addımdır. Qarabağ kartının yenidən dövriyyəyə buraxılması, separatçılara münasibətdə nostalji ritorikanın təkrar-təkrar səsləndirilməsi onu göstərir ki, Hayastan fraksiyası keçmişin siyasi xatirələri ilə yaşayır, yeni reallıqları isə qəbul etmək istəmir. Onların “rejim dəyişikliyi” çağırışları da açıq şəkildə daxili sabitliyi pozmağa, Ermənistanı yenidən xaosa sürükləməyə yönəlib.  Fraksiyanın arxalandığı əsas dayaq isə Kremlin kölgəsində olan qüvvələrdir. Rusiya tərəfindən Ermənistanda həyata keçirilən “humanitar layihələr”, xüsusilə uşaq və məktəblilərlə bağlı təşəbbüslər sadəcə yardım deyil, ictimai rəyi formalaşdırmaq üçün geopolitik vasitə kimi istifadə olunur. Bu yardım proqramlarının arxasında dayanan məqsədlər təkcə sosial deyil, siyasi rıçaqların gücləndirilməsidir. Beləliklə, Hayastan fraksiyasının reaksiyası təkcə bir sənədə qarşı narazılıq deyil, Ermənistanı sülh yolundan döndərmək, revanşist ritorikanı diri saxlamaq və xarici asılılığı qorumaq istəyinin növbəti göstəricisidir. Bu cür bəyanatların arxasında reallıqdan çox, siyasi manipulyasiya və daxili auditoriyaya hesablanmış populizm dayanır. Vaşinqton Bəyannaməsi isə əslində təkcə region dövlətləri üçün deyil, beynəlxalq ictimaiyyət üçün də sülhün və əməkdaşlığın rəsmiləşdirilmiş platformasıdır.

Bəyannaməyə qarşı səsləndirilən bu cür açıqlamalar Ermənistan daxilində hələ də sülh və sabitlik əleyhinə çalışan revanşist qüvvələrin mövcudluğunu göstərir. Ermənistan cəmiyyəti və hakimiyyəti artıq başa düşməlidir ki, keçmişin siyasəti ilə gələcək qurmaq mümkün deyil. Real təhlükəsizlik və inkişaf yalnız əməkdaşlıq, şəffaflıq və geosiyasi manipulyasiyalardan imtina ilə mümkündür.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
8
ikisahil.az

1Mənbələr