AZ

"Dambrauskasa bu cür komanda yaratdığı üçün təşəkkür etmək olar" - "Levski"nin baş məşqçisi

"Levski" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Sabah"ın meydanından qalib ayrıldı - 2:0.

"Football-plus.az" xəbər verir ki, Bolqarıstan təmsilçisinin baş məşqçisi Xulio Velaskes oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Nəticəyə görə özümü xoşbəxt hiss edirəm. Komandam ilk dəqiqələrdən etibarən tapşırıqları yerinə yetirməyə başladı. İlk oyunda qələbə qazanmışdıq. Amma burda müdafiə olunmaq istəmirdik. Bakıya qələbə qazanmaq üçün gəlmişdik. İstəyimizə çatdıq. "Sabah" keyfiyyətli və təcrübəli futbolçulardan təşkil edilib. İndividual ustalığı olan futbolçular bizə çətin anlar yaşatdı.

- Komanda burda sanki Bolqarıstandakı oyuna nisbətən daha sakit idi. Nə dəyişmişdi?
- Heyətə baxsaq görərik ki, yalnız bir oyunçu dəyişmişdik - Sanqare yox idi. Futbolçular meydanda nə etməli olduqlarını bilirdilər. Tapşırıqlarımı böyük istəklə və fədakarlıqla yerinə yetirdiklərinə görə daha sakit və rahat idik. Bütün mövqelərdə yaxşı oynadıq. Gəm hücum, həm yarımmüdafiə, həm də müdafiədə demək olar ki, səhvə yol vermədik. Xətlərarası əlaqəni qurmağı yaxşı bacardıq. Dəyişikliklər rəqibə əsasən olur. Rəqibdən asılı olaraq, oyun üslubu seçirik.

- Konfrans Liqasında əsas hədəf nədi?
- Bunun fərqi yoxdu. Maksimum irəliləmək istəyirik. Əsas odu ki, bu gün mübarizəni dayandırmadıq. Bir saat qələbədən zövq aldıqdan sonra növbəti oyun haqda düşünməyə başlayacağıq.

- "Sabah"ın heyətindən hansı futbolçunu xüsusi fərqləndirə bilərsiz?
- "Sabah"ın yaxşı baş məşqçisi var. Onu deyim ki, Akim Zedadka mənim futbolçum olub. Dambrauskasa bu cür komanda yaratdığı üçün təşəkkür etmək olar. "Sabah"ın heyətində fərdi ustalığı olan xeyli futbolçu var.

KƏNAN BAHADIR

Seçilən
15
football-plus.az

1Mənbələr