AZ

İranın Zəngəzur xəritə mesajı: Panikanı azaltmaq, yoxsa siyasi manevr?

“İran hökumətinin sözçüsü Fatimə Mühaciraninin mətbuat konfransına xəritə ilə çıxması təsadüfi deyil və bu, ilk növbədə İran cəmiyyətinə “panika yaratmayın” mesajı kimi görünür. Tehran son illərdə Zəngəzur dəhlizi mövzusunu milli təhlükəsizlik məsələsi səviyyəsinə qaldırsa da, real xəritə göstəriciləri bunun yalnız kiçik bir sərhəd hissəsinə aid olduğunu ortaya qoyur. Bu addım daxildə mövzunun şişirdilməsinə qarşı texniki izahat kimi oxuna bilər. İran mediasının uzun müddətdir bu məsələdə emosional və bəzən hətta manipulyativ təqdimat aparması cəmiyyətdə əsassız “şimal sərhədlərini itirmək” qorxusu yaradıb. Mühaciraninin bu yanaşması həmin qorxunu yumşaltmaq cəhdi ola bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Xatırladaq ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunan Zəngəzur dəhlizi (Tramp yolu) razılaşması barədə açıqlama verib. Mətbuat konfransında Azərbaycan və Ermənistan xəritəsi ilə çıxış edən Mühacirani bildirib ki, Zəngəzur dəhlizi yalnız Tehran-İrəvan sərhədinin kiçik bir hissəsini əhatə edir. O, vurğulayıb ki, İslam Respublikası regionda ciddi dəyişikliklərə qarşıdır, lakin İran mediası məsələni elə göstərir ki, sanki ölkənin bütün şimal sərhədləri itirilib.

Siyasi şərhçi bildirib ki, Tehranda siyasi elita arasında Zəngəzur məsələsində iki fərqli xətt mövcuddur.

“Bir qrup İranın regionda dəyişikliklərə qarşı tam sərt mövqedə qalmasını istəyir. Digər qrup isə reallığı nəzərə alaraq gərginliyi yumşaltmağın və diplomatik manevrlərin vacibliyini vurğulayır. Mühacirani ikinci qrupun arqumentlərinə yaxın mövqe sərgiləyib. Tehranda belə fikir ayrılıqları adətən rəsmi dövlət mövqeyinə təsir etməsə də, ictimai fikrin hazırlanması baxımından mühümdür. Xəritə üzərindən təqdim olunan faktlar İran daxilində daha rasional yanaşma tələb edən dairələrə əlavə arqument verir. Lakin sərt mövqeli düşərgə bunu “yumşalma” kimi qiymətləndirərək daxili siyasi diskussiyanı daha da qızışdıra bilər. Nəticədə, məsələni kimin siyasi üstünlüyə çevirməsi Tehran daxilindəki güc balansından asılı olacaq. Əgər sərt mövqelilər üstün gəlirsə, İran yenidən maksimalist ritorikaya qayıdacaq. Əgər praqmatiklər üstünlük qazanarsa, Zəngəzur dəhlizi məsələsində daha realist və çevik xətt izlənilə bilər. Hər iki halda Mühaciraninin bu çıxışı indidən daxili siyasi mübarizənin bir hissəsinə çevrilib”.

Seçilən
3
aznews.az

1Mənbələr