AZ

Nikotin əsəbləri sakitləşdirir? Psixoloqdan siqaret çəkənlərə pis xəbər

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Son illər dünyadan siqaret çəkənlərin sayınin artımı müşahidə olunur. Müxtəlif ölkələrdə aparılan araşdırmalara görə, bu artım daha çox gənc və orta yaşlı insanlar, xüsusən də qadınlar arasında müşahidə olunur.

Sİqaret həvəskarları isə ən çox siqaretin fikiri dağıtdığını və əsəbləri sakitləşdirdiyini bəhanə gətirir.

Öz pis vərdişlərindən əl çəkməmək üçün gətirdikləri səbəb isə həqiqətə uyğun deyil. 

Bu barədə psixoloq Rəvanə Quluzadə BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu düzgün yanaşma deyil.

"Siqaretin tərkibindəki nikotin beyində müvəqqəti xoş hisslər yaratsa da, bu təsir qısa müddətlidir və asılılıq riskini artırır. Əslində, siqaret bədənə stress hormonlarını daha çox ifraz etdirir və uzun müddətdə gərginliyi artırır. Bu səbəbdən siqareti sakitləşdirici vasitə kimi qəbul etmək elmi baxımdan yanlışdır. Daimi rahatlıq üçün sağlam üsullar var. Müxtəlif faydalı məşğuliyyətlər, nəfəs texnikaları, psixoloji-sosial dəstək daha təsirli və təhlükəsizdir", - deyə mütəxəssis bildirib.

Bəs siqaretin bədənə olduğu ziyan qədər psixikaya da zərəri varmı?

Rəvanə Quluzadə deyir ki, siqaret yalnız bədənə deyil, beyində emosional tənzimləmə mərkəzi olan amiqdalaya da təsir edir:

"Siqaret  çəkən  şəxslərin  amiqdala fəaliyyəti daha qeyri-sabit olur. Bu da onları insanı hirs, panik, hətta travmatik reaksiyalara daha açıq hala gətirir. Yəni siqaret, sadəcə vərdiş deyil, beyin strukturuna və duyğu idarəsinə birbaşa müdaxilə edən bir faktordur. Siqaret çəkərkən bədəndə kortizol (stress hormonu) artır. Beyin bu gərginliyi azaltmaq üçün yenidən nikotin istəyir. Beləliklə, insan siqaretin verdiyi narahatlığı yenə siqaretlə azaltmağa çalışır. Bu, "problem yarat, sonra onu həll et" tipli zərərli vərdiş halqasına (döngüyə) çevrilir".

Psixoloqun sözlərinə görə, siqaret çəkmək, həmçinin beynin impulsları idarə edən prefrontal nahiyəsində fəaliyyətin zəifləməsinə səbəb olur:

"Bu isə insanın özünü tənzimləmə, qərar vermə və emosiyaları idarə etmə bacarığını azaldır. Yəni sadə dildə desək, siqaret, iradəyə zərər vurur və asılılıqları gücləndirir. Siqaret bəzən bir müdafiə mexanizmi kimi işləyir. Belə ki, insan kədər, boşluq ya da sıxıntı kimi hisslərdən yayınmaq üçün siqaretə sığınır. Bu yayınma nəticəsində, onların kökündəki problem dərinləşə bilir".

Ziya SƏCCAD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
baku.ws

2Mənbələr