Ötən gün UEFA Super Kubokunu başı üzərinə qaldırmış Fransa çempionu PSJ 2025-ci ildə növbəti tituluna sahib çıxdı.
Arena.az xəbər verir ki, Paris təmsilçisi 2024/2025 mövsümünün yekunlarına görə, UEFA Çempionlar Liqası, Fransa çempionu, Fransa Kuboku və Fransa Super Kuboku titullarını da qazanmışdı.
Komanda yalnız klublararası dünya çempionatının finalında məğlubiyyət acısı yaşamışdı. Nəticədə komanda mövsümü 5 kubokla başa vurub.
Paris klubu dekabrda növbəti titul uğrunda mübarizə aparacaq. PSJ Qitələrarası turnirdə Libertadoras kubokunun qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Fransa klubları tarixdə ilk dəfə Avropa Super Kubokuna yiyələniblər. Bundan əvvəl PSJ-nin belə bir şansı olub. Komanda 1996-cı ildəki finalda iki oyunun nəticəsinə görə, “Yuventus”a uduzmuşdu (1:6, 1:3).
Dünyanın ən yaxşı məşqçisi mükafatına ən layiqli namizəd
PSJ-nin baş məşqçisi Luis Enrike də növbəti titulunu qazanmaqla bu il dünyanın ən yaxşı futbol məşqçisi mükafatına ən layiqli namizədə çevrilib. İspan mütəxəssis bir təqvim ili ərzində 5 kubok qazanıb və bu onun məşqçilik karyerasında ikinci belə haldır.
İspaniyalı mütəxəssis 2015-ci ildə “Barselona” ilə La Liqa, İspaniya Kuboku, UEFA Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kubokunun qalibi olub. Paris klubu dekabrda Qitələrarası kubokun da qalibi olsa, kubokların sayı 6-ya çatacaq.
Luis Enrike həmçinin UEFA Super Kubokunu iki və ya daha çox fərqli klubla qazanan beşinci məşqçi olub. Ondan əvvəl bunu Aleks Fergyuson (“Aberdin” 1983, “Mançester Yunayted” 1991), Lui van Qal (“Ayaks” 1995, “Barselona” 1997), Xosep Qvardiola (“Barselona” 2009, 2011, “Bayern” 2013, “Mançester Siti” 2023), Karlo Ançelotti (“Milan” 2003, 2007, “Real” 2014, 2022, 2024) bacarıb.
PSJ həmçinin Luis Enrikenin rəhbərliyi ilə hər hansı turnirdə 84-cü dəqiqədə 2 top fərqilə geridə olduğu bir oyunda geridönüş edib ki, bu da son 20 ildə ilk dəfə olub. Sonuncu dəfə bu hal 2005-ci ilin mayında “Soşo” ilə 2:2 hesabı ilə bitmiş oyunda baş verib – 88-ci dəqiqədə Arman, 89-cu dəqiqədə Yepes fərqlənərək komandalarını məğlubiyyətdən xilas ediblər.
PSJ-nin UEFA Super Kubokunu qazandığı oyunla bağlı yalnız bir mənfi məqam var. Paris təmsilçisi birinci hissədə “Tottenhem”in qapısı çərçivəsinə dəqiq bir zərbə vura bilməyib ki, bu, komandanın Luis Enrikenin rəhbərliyi altında keçirdiyi 119 oyunda yalnız 5-ci dəfə baş verib.
PSJ penaltilər seriyasında “Tottenhem”ə qalib gələrək (2:2, penaltilər 4:3) tarixində ilk dəfə UEFA Super Kubokunu qazanıb. UEFA Çempionlar Liqasının qalibləri artıq 7 ildir bu mükafat uğrunda mübarizədə uduzmurlar.
UEFA Super Kubokunu qazanmış son Avropa Liqası qalibi Madrid “Atletiko”su olub. Dieqo Simeonenin komandası 2018-ci ildə Madrid “Real”ını 4:2 hesabı ilə məğlub edib.
Sonrakı illərdə isə super kuboku “Liverpul”, “Bayern”, “Çelsi”, “Real” (iki dəfə) və “Mançester Siti” – yəni Çempionlar Liqasının qalibləri qazanıblar.