AZ

"Sabah" tarixi uğur, "Araz-Naxçıvan" möcüzə axtarışında... - YENİLƏNİR

"Hayduk"la bacarmayan "Zirə" Konfrans Liqasıyla erkən vidalaşsa da, "Sabah"la "Araz-Naxçıvan" yola davam edir. Adı çəkilən komandalar avqustun 14-də 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində meydana çıxacaq.

İndiyə qədər olduğu kimi, "bayquşlar"ın görüşü "İctimai" TV-də, "Araz-Naxçıvan"ın matçı isə "CBC Sport"da yayınlanacaq.

Məlum olduğu kimi, Masazır təmsilçisi Bolqarıstanda keçirilən ilk qarşılaşmada "sülh"ə yaxın olsa da, son saniyələrdə buraxdığı qolla məğlubiyyətlə üzləşdi. Elə həmin gündən bəri komandanın baş məşqçisi Valdas Dambrauskas künc zərbəsi kimi vacib standart vəziyyət zamanı bəstəboy futbolçuları - Amin Seydiyevlə Xəyal Əliyevi meydana buraxdığına görə tənqid atəşinə tutulub. "Araz-Naxçıvan"ın çalışdırıcısı Elmar Baxşıyev isə komandasını "Omoniya" kimi nəhəng rəqibə qarşı yaxşı hazırlaşdıra bilmədiyinə görə suçlanır. Burda təcrübəli mütəxəssislə bağlı iradların haqlı olduğunu bildirməkdən başqa çarə yoxdu. "Qırmızı-ağlar" həqiqətən özünə, daha doğrusu, "Aris"lə matçda döyüşən, varlığını hər mövqedə hiss etdirən, ehtiyatı əldən buraxmayan komandaya bənzəmədi. Yenə də hər şey bitməyib. Qarşıdan cavab oyunları gəlir. "Sabah" səhvlərindən dərs çıxardığı sübut etmək, "Araz-Naxçıvan" möcüzə axtarmaq üçün meydana çıxacaq.

Sabah - Levski (Bolqarıstan) 0:0
Hakimlər: NİKOLAY BALAKİN, Aleksandr Berkut, Viktor Matyaş, Vitali Romanov (hamısı Ukrayna).
VAR hakimi: Aleksey Derevinski (Ukrayna).
VAR hakiminin köməkçisi: Klim Zabroda (Ukrayna).
14 avqust. Bakı. "Bank Respublika Arena". Saat 20.00
İlk oyun - 0:1.

Cütün favoriti "Levski"di. Bolqarıstanın iddialı klubu ölkəsindəki hegemonluğu da davam etdirir. Hətta komanda srağagün ölkə çempionatının 4-cü turu çərçivəsində evdə “Spartak Varna” ilə qarşılaşıb və qələbə qazanıb - 2:1. Qələbə sayəsində xalını 12-yə çatdıran Sofiya təmsilçisi liderliyi qoruyub. "Bayquşlar" məhz bu məqamdan, rəqibin oyunlararası fasilədə daha bir matç keçirməsindən faydalana, yorğunluğundan istifadə edə bilər. Niyə də yox?! "Sabah" səfərdəki matçda göstərdiyi performansla "Levski"nin keçilməz rəqib olmadığını göstərdi. Sadəcə, indi daha güclü, daha inadkar, cəsarətli və əzmkar olmaq lazımdı. Ardıcıl hücumlar qurmaq, qollar vurmaq lazımdı. İndi azı Coy-Lens Mikels, Pavol Şafranko və Cesse Sekidika kimi bombardirlər danışmalıdı ki, Masazır təmsilçisi tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazansın!

"Sabah" məqsədə çatmaq üçün "doğma divarlar" amilindən də yararlanmalıdı. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun qəzetimizə verdiyi məlumata görə, dünən axşam saatlarına qədər matç üçün satılan biletlərin sayı 5000 olub. Bu sayın oyun gününə qədər daha da artacağına, tribanalarda anşlaq yaşanacağına şübhə yoxdu. Maraqlı məqam odu ki, "Levski" də Masazırda dəstəksiz qalmayacaq. Bolqarıstan klubu “Sabah”dan azarkeşləri üçün nə az, nə çox - 400 (!) bilet istəyib. Belə tərəfdara həsəd aparmayasan, nə edəsən?! Ümid edək ki, bolqarlar "Hayduk" azarkeşlərinin bacardığını təkrarlamaz - minlərlə azərbaycanlı fubolsevərin səsini batırmaz...

Omoniya (Cənubi Kipr) - Araz-Naxçıvan
Hakimlər: YAKOB KEHLET, Lars Hummelqaard, Martin Markus, Mikkel Redder (hamısı Danimarka).
VAR hakimi: Sandi Putros (Danimarka).
VAR hakiminin köməkçisi: Morten Kroq.
14 avqust. Nikosiya. GSP stadionu. Saat 21.00.
İlk oyun - 4:0.

Girişdə də vurğuladığımız kimi, "Araz-Naxçıvan"ın mərhələ adlaması üçün möcüzə lazımdı. Ümumiyyətlə, yəqin ki, indi Elmar Baxşıyev də pley-off mərhələsinə vəsiqə qazanacaqlarına inanmır. Qısası, komanda Nikosiyaya yalnız loru dildə desək, abırlı hesabın qeydə alınması üçün yollanacaq. Düzü, başqa çarə də yoxdu. Muxtar Respublika təmsilçisi ilk matçda yaşadığı sarsıdıcı məğlubiyyəti unutmalı, Nikosiyada əldə edilməsi çətin, amma mümkün qənaətbəxş nəticəyə yiyələnərək ölkəyə qayıtmalı və premyer-liqanın yeni mövsümü üçün hazır vəziyyətə gəlməlidi. O başqa məsələ ki, naxçıvanlılar səfərdə daha xoşagəlməz halla da üzləşə bilər. Axı matçın keçiriləcəyi GPS stadionu 22 min 859 tamaşaçı tutumuna malikdi. Bizimkilər üçün azarkeş təzyiqinin son həddə olacağına şübhə yoxdu. Ən önəmli məqam isə biri istisna olmaqla, bu idman qurğusuyla bağlı yada salmaq istəməyəcəyimiz xatirələrin olmasıdı. Daha doğrusu, "Omoniya"ya "Qəbələ" bu stadionda 1:4, "Zirə" isə 0:6 hesabıyla uduzub. İstisna "Qarabağ"la bağlıdı. Ağdam təmsilçisi kiprliləri evində 4:1 hesabıyla darmadağın edib.

KƏNAN BAHADIR 

Seçilən
10
football-plus.az

1Mənbələr