AZ

"Narkotik istifadəçilərinin sayı mövcud statistikadan hətta 15-20 dəfə çoxdur" — AÇIQLAMA

"2024-cü ildə 36 610 nəfər vətəndaşımız Respublika Narkoloji Mərkəzində qeydiyyatdaydı. Bu da onu göstərir ki, Respublika Narkoloji Mərkəzində nə qədər vətəndaşımız müalicə alıbsa, həmin sayda qeydiyyat təyin olunur. Bu o demək deyil ki, Respublika Narkoloji Mərkəzində 36 600 nəfər qeydiyyatdadırsa, Azərbaycanda da o qədər narkotik maddə istifadəçisi var".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq, psixoterapevt Ramin Allahverdiyev deyib.

O bildirib ki, hətta Avropada statistik məlumatlar onu göstərir ki, rəsmi statistikanı 10-a  vurmaq lazımdır:

"Bizdə isə hətta bunu bir az da yüksək nəticə ilə götürməliyik. Çünki hər bir maddə istifadəçisi müalicəyə sərbəst şəkildə yönəlmir. Valideynlərdə istiqmalaşdırma, utanc hissi mövcuddur. Başqaları nə düşünər kimi fikirlər insanları müalicədən uzaqlaşdırır. Ona görə bizdə narkotik istifadəçilərinin sayı mövcud statistikadan hətta 15-20 dəfə çoxdur".

Psixoloq deyib ki, bunu biz belə deyimlərlə çatdırmalıyıq ki, dövlətimiz də lazım olan addımları atsın:

"Bu iş kompleks yanaşmanı tələb edir. Hər şey ailədən başlayır. Uşaq vaxtından ailələrlə maarifləndirmə işləri aparılmalıdır. Uşaqlarda daxili və xarici resurslar aktivləşdirilməlidir.  
Uşaqlarımız kitab mütaliəsinə, idmana, boş vaxtlarında aktiv işlərə yönləndirilməlidir. Valideyn, müəllim və şagird arasında bir üçbucaq prizması olmalı, davamlı münasibət qurulmalıdır. Mütəmadi olaraq uşaqla bağlı inkişaf etdirici işlər aparılmalıdır. Narkomaniya durduğu yerdə yaranmır. Şəxs özündə tapmadığı hissi, duyğunu, boşluğu narkotikdə tapır. O həzz beyində proqramlaşır və şəxs yenidən ona can atır.

Bu iş çox ciddi məsələdir, mən neçə illərdir bununla bağlı danışıram. Əlbəttə, vəziyyət çox gərgindir. Dövlətimiz də, sektorlar da əlindən gələni edir. Bu, tək Azərbaycanın yox, bütün dünyanın problemidir. Amma tək istəyim odur ki, bu məsələdə mütləq mütəxəssislərə yer verilməlidir. Araşdırmış, oxumuş, bu işin içindən çıxmış insanlara yer verilməlidir. Onlar dövlətimizə, vətənimizə, millətimizə faydalı ola bilərlər.

Bu işlə bağlı heç bir təcrübəsi olmayan insanlar narkomaniya ilə mübarizədə ön plana çıxarsa, biz vətənimizə faydalı ola bilmərik. Hər işin öz mütəxəssisi var".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən bu il yeni qeydiyyatdan keçən narkotik istifadəçilərinin sayı kəskin artıb.

Əfsanə Kamal 
Demokrat.az
Seçilən
0
1
demokrat.az

2Mənbələr