AZ

Əliyev ABŞ-da ikən ermənipərəst konqresmenlərin səsini batırdı, adları çəkilənlər də susdu...


Bəhruz Quliyev: "...Azərbaycan reallığı - Qafqazda bir güclü dövlət faktoru artıq dünya gündəmində öz yerini tutub"

2025-ci ilin aprelində 36 ABŞ nümayəndəsi, həm Demokrat, həm də Respublikaçılar partiyalarından, Xarici işlər naziri Marco Rubioya ünvanladıqları məktubla, Azərbaycan rəsmilərinə qarşı Global Magnitsky İnsan Haqları Sanksiyalarının tətbiq edilməsini tələb etdilər.

Onlar bu addımı, guya "erməni müharibə əsirləri" və "siyasi tutulmuş şəxslərə" qarşı törədilən insan haqları pozuntularına cavab olaraq atdılar.

2024-cü ilin oktyabrında 60 senator və nümayəndə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini və "erməni girov"ların azad edilməsini tələb edən bir məktub imzaladılar. Bu çağırış COP29 iqlim sammitindən əvvəl baş verdi.

İlham Əliyevin Vaşinqtonda mediaya verdiyi müsahibədə erməni diasporu və lobbisinin təsiri altında fəaliyyət göstərən ABŞ siyasətçiləri olaraq aşağıdakı konqresmen və Nümayəndələr Palatası üzvlərinin adı çəkildi: Robert Menendez (Senator), Adam Schiff (Nümayəndələr Palatası üzvü), Nancy Pelosi (sabiq Nümayəndələr Palatası sədri və keçmiş spiker), Brad Sherman (Nümayəndələr Palatası üzvü), Ed Markey (Senator) və Christopher Smith (Nümayəndələr Palatası üzvü).

Bu adları İlham Əliyev müsahibəsində ABŞ media institutları, bəzi siyasi və humanitar qrupların Azərbaycanla bağlı yaradılmış "anti-Azərbaycan" narrativlərini formalaşdırdığını bildirərək qeyd etmişdi.

Prezidentin Vaşinqtonda əldə etdiyi nəticələrə rəğmən, ABŞ-da ermənilərin yolunda dəridən-qabıqdan çıxan konqresmenlərin və numayəndələrin səsi niyə çıxmadı, niyə susdular?

"Bəli, Azərbaycana qarşı bəzi qərəzli qüvvələrin hücuma keçdiyi bir dövrdə, yəni 2025-ci ilin aprelində 36 ABŞ Nümayəndəsi, həm Demokrat, həm də Respublikaçı partiyalarından, Xarici işlər naziri Marco Rubioya müraciət edərək, Azərbaycana qarşı “Global Magnitsky” sanksiyalarının tətbiqini tələb edirdilər. Onların bu addımı uydurma “erməni müharibə əsirləri” və “siyasi məhbuslar” mövzusu üzərində qurulmuş, erməni lobbisinin sifariş verdiyi köhnə ssenarinin davamı idi. Əslində isə bu, Ermənistanın işğal siyasətinə illərlə göz yuman, indi isə Azərbaycanın legitim hüquqlarını həyata keçirməsini həzm edə bilməyən dairələrin növbəti təzyiq aləti idi". Bunu "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev baki-xeber.com-a deyib.

"Xatırladaq ki, 2024-cü ilin oktyabrında 60 senator və konqresmen COP29 iqlim sammiti ərəfəsində Azərbaycana qarşı sanksiyalar tətbiqi və “erməni girov”ların azad olunması tələbi ilə çıxış etmişdi. Amma o zaman təzyiq təkcə ABŞ-dan deyildi, Avropanın bəzi dairələri də bu kampaniyaya qoşulmuşdu. O zaman da məqsəd eyni idi. Azərbaycanın beynəlxalq mövqeyini zəiflətmək, ölkəmizi təzyiq altında saxlamaq", - deyə ekspert əlavə edib.

B. Quliyev qeyd edib ki, lakin İlham Əliyevin Vaşinqton səfəri zamanı vəziyyət tam dəyişdi. Prezident ABŞ mediasına verdiyi müsahibədə Robert Menendez, Adam Schiff, Nancy Pelosi, Brad Sherman, Ed Markey və Christopher Smith kimi erməni lobbisinin əsas dayaqlarını açıq şəkildə ifşa etdi. İlham Əliyev göstərdi ki, Azərbaycana qarşı “anti-Azərbaycan” narrativi müəyyən siyasi, media və “humanitar” qrupların sifarişi ilə formalaşdırılır.

Bu ifşa ABŞ ictimaiyyətində və siyasi dairələrdə ciddi rezonans doğurdu. Bir zamanlar hər fürsətdə səs-küy salan, erməni diasporunun “xüsusi missiya”çıları rolunda çıxış edən həmin konqresmenlər və senatorlar birdən-birə susmağa məcbur oldular. Onların Vaşinqton səfərindən sonra səslərinin çıxmaması da təsadüfi deyil. Çünki İlham Əliyevin yerində və zamanında etdiyi siyasi manevr erməni lobbisinin təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırdı.

"Deyərdim ki, bu gün ABŞ-da erməni diasporu əvvəlki qədər güclü deyil. Bəli, onların maliyyə resursları və əlaqələri hələ də var, amma Azərbaycan reallığı, Qafqazda bir güclü dövlət faktoru artıq dünya gündəmində öz yerini tutub. Azərbaycanın beynəlxalq nüfuzu, qlobal enerji və nəqliyyat layihələrindəki rolu, sülh təşəbbüslərindəki mövqeyi ABŞ siyasətçilərinə aydın mesaj verdi: Bakı ilə münasibətlər pozularsa, itirən Vaşinqton olacaq.

Vaşinqtonda İlham Əliyevin əldə etdiyi nəticə bir daha sübut etdi ki, qətiyyətli mövqe, diplomatik çeviklik və milli maraqların prinsipial müdafiəsi ən güclü lobbi şəbəkələrini belə susdura bilir. Bu gün Qafqazda real vəziyyəti təhlil edən istənilən qrup, lobbi və ya siyasətçi reallıqla barışmalıdır", - deyə ekspert bildirib.

Akif NƏSİRLİ

Seçilən
84
baki-xeber.com

1Mənbələr