İlqar Hüseynli: “Dövlət sektorunda çalışan işçilərin sayının azalması tendensiya xarakterlidir”
Son bir ildə Azərbaycanda dövlət işçilərinin sayı 23 min azalıb. Bunu Dövlət Statistika Komitəsinin məlumatlarının təhlili üzə çıxarıb.
Komitə bildirir ki, 2025-ci il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 770.8 min nəfər olub. Onlardan 864.2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2024-cü il iyulun 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 23.3 min azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 33.3 min nəfər artıb. Beləliklə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 10 min nəfər artıb.
Düzdür, muzdla çalışanların sayı artıb, amma o da məlumdur ki, bu sahədə açılan iş yerləri dayanıqlı olmur. Tez-tez bu sahədə iş yerləri bağlanır və yaxud da mövsümü xarakterli olur. Bu baxımdan dövlət işçilərinin sayının 23 min azalması işsizliklə bağlı vəziyyətə mənfi mənada necə təsir edir?
“O baxımdan azalır ki, 65 yaşına çatdıqda o sahədə çalışan işçilərin əmək müqavilələrinə xitam verilir”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “Ümumiyyətlə, dövlət sektorunda çalışan işçilərin sayının azalması tendensiya xarakterlidir. Məsələn, səhiyyə, təhsil sektorunda çalışan işçilərin sayı o baxımdan azalır ki, 65 yaşına çatdıqda o sahədə çalışan işçilərin əmək müqavilələrinə xitam verilir. Bəzi istisna hallarda müvəqqəti bir illik müqavilələrlə və yaxud da maksimum 5 il müqavilə müddətini artırmaqla işlərinə davam edirlər. Ancaq belədə əksəriyyəti, demək olar ki, işdən azad edilir. Eyni zamanda həm müəllimlər, həm həkimlər 5 ildən bir sertifikasiyadan keçirlər və bəzi hallarda müəyyən müəllimlər sertifikasiyadan keçmədikdə işlərini itirirlər. Bu da dövlət büdcəsindən maliyyələşən işçilərin sayının azalmasında rol oynayır. Eyni zamanda kifayət qədər insanlar var ki, dövlət sektorunda çalışarkən aldığı əmək haqqı ilə özəl sektorda çalışarkən aldığı əmək haqqı arasında böyük fərq yarandığına görə seçim edirlər. Yəni özəl sektorda işləməyə üstünlük verirlər. Bu da dövlət sahəsində çalışan işçilərin sayının azalmasına gətirib çıxarır. Başqa bir tərəfdən müəyyən struktur islahatlar gedir. Bu struktur islahatlar çərçivəsində bəzi qurumlar, komitələr birləşdirilir. Bu da işçi sayının azalmasına öz təsirini göstərir. Başqa bir tərəfdən, dövlət qurumlarında bir sıra vakant yerlər boş qalıb. Niyə? Çünki məvaciblər aşağı olduğu üçün cəlbedici deyil. Həmin boş qalan vakant yerlər də dövlət qurumlarında iş yerlərinin azalması kimi qeyd edilir. Deməyim odur ki, bütün bu faktorları ümumiləşdirəndə dövlət qurumlarında işçilərin sayının 23 min azalmasının şahidi oluruq”.
Vidadi ORDAHALLI