“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyi (TTXMİDİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Bakıdakı Yunus Əmrə İnstitutunun tərəfdaşlığı ilə icra edilən “Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihənin başa çatmasına az vaxt qalıb.
QHT.az xəbər verir ki, ixtisaslı təlimçilər tərəfindən kursa gələn 1-ci və 2-ci qrup fiziki qüsurlu xanımlara, evdar, işsiz qadınlara, məktəblilərə bu qədim sənətlərin sirrləri öyrədilir. Kursların keçirildiyi Bakıdakı Yunus Əmrə İnstitutunda bu gün hər iki təlimçilər tərəfindən bir növ master-klass (ustad dərsləri) keçirildi. Bundan əlavə hər iki kursun tələbələrinə hazırladıqları əl işlərinin satış-sərgisini təşkil etmək, bazara çıxarmaq üçün lazımi biliklər verildi. Sosial şəbəkələrdə özlərinə hesab açıb sənət nümunələrini paylaşmaqla tanıtmağın vacibliyi, bununla özlərinə kiçik biznes qurmağın yolları haqqında danışdılar. Layihə rəhbəri Zərnişan Turan deyir ki, bununla xanımlar həm də ailə büdcələrinə nisbətən dəstək olarlar. Layihənin əsas məqsədi də bundan ibarətdir.
Layihə iştirakçıları-Zeynəb Cəmaləddin, Sevda Məcidova, Nərgiz Mirzəliyeva, Vəfa Rasimqızı, Mehri Əbilova bu layihənin onların məşğulluğuna dəstək olmasından danışdılar, layihəni dəstəkləyən Agentliyə və Yunus Əmrə İnstitutuna təşəkkürlərini bildirdilər.