AZ

Xankəndidə Qırmızı Ayparanın bərpası ziddiyyətli qarşılanır...


Məlum olduğu kimi, 2025-ci il 11 avqust tarixində Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyevin rəhbərliyilə, QAC Qarabağ Regional Mərkəzinin Koordinatoru Afaq Hüseynzadə və Təchizat Sektorunun rəhbəri Samir Vasilkinin daxil olduğu nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.

Cəmiyyətin yaydığı məlumatda bildirilir ki, səfərin əsas məqsədi Cəmiyyətin fəaliyyətini Xankəndi şəhərində bərpa etməkdən ibarət olub.

Maraqlıdır, Xankəndidə QırmızıAypara Cəmiyyətinin ofisinin açılmasına nə dərəcədə ehtiyac var?Məlumdur ki, işğaldan azal edilən bütün bölgələrdə, o cümlədən, Xankəndidə bütün işlər dövlət tərəfindən həyata keçirilir. Belə olan halda bu təşkilatın fəaliyyətinə ehtiyac varmı?

Onu da deyək ki, Xankəndidə Qırmızı Aypara Cəmiyyətinin ofisinin açılması ictimaiyyət tərəfindən ziddiyyətli qarşılanır, Bir qisim ofisin açılmasını düzgün hesab etmir, başqaları isə bunun vacib olduğunu düşünür.

Tural İsmayılov: “Qırmızı Ayparanın fəaliyyəti yerli əhali ilə daha yaxın təmas imkanı yaradacaq”

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Xankəndidə ofis açmaq təşəbbüsü post-münaqişə bölgəsində humanitar fəaliyyətin genişləndirilməsi baxımından diqqətəlayiqdir: “Xankəndi işğaldan azad olunduqdan sonra əsas infrastruktur, sosial təminat və idarəetmə işləri dövlət tərəfindən həyata keçirilib. Bununla belə, milli humanitar təşkilatların bölgədə iştirakı dövlət fəaliyyətinə əlavə dəstək verə bilər. QırmızıAypara Cəmiyyəti təbii fəlakətlər, tibbi yardım, sosial təminat və humanitar böhran hallarında operativ müdaxilə imkanları ilə tanınır. Belə bir təşkilatın Xankəndidə mövcudluğu təcili yardımın koordinasiyasında və sosial həssas qruplara dəstəkdə əhəmiyyətli rol oynaya bilər.

Eyni zamanda, Qırmızı Ayparanın beynəlxalq şəbəkəyə bağlı olması onun fəaliyyətinə əlavə etimad qazandırır. Bu, həm bölgə əhalisinin sosial adaptasiyası, həm də beynəlxalq ictimaiyyətə verilən şəffaflıq siqnalları baxımından əhəmiyyətlidir. Xankəndi post-konflikt zona olaraq yalnız inzibati tədbirlərlə deyil, həm də humanitar yanaşma ilə sabitliyə qovuşa bilər. Belə bir ofis həm dövlət strukturları, həm də beynəlxalq təşkilatlar arasında əlaqələndirici rol oynaya bilər. QırmızıAyparanın fəaliyyəti yerli əhali ilə daha yaxın təmas imkanı yaradacaq. Bu, xüsusilə sosial dəstəyə ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi və onlara operativ yardım göstərilməsi üçün vacibdir. Bu yanaşma sosial etimadın güclənməsinə və reinteqrasiya prosesinin sürətlənməsinə şərait yarada bilər. Təşkilatın bölgədə varlığı, həmçinin, “Xankəndi Azərbaycan humanitar məkanının bir hissəsidir” mesajını gücləndirəcək. Bununla belə, fəaliyyətin səmərəli olması üçün dövlət strukturları ilə sıx koordinasiya vacibdir. Əks halda, eyni funksiyaların təkrarı və resursların səmərəsiz istifadəsi riski yarana bilər. Bu baxımdan, Qırmızı Ayparanın missiyası konkret ehtiyaclar əsasında formalaşdırılmalıdır. Belə bir ofisin açılması həm humanitar diplomatiya baxımından, həm də bölgədə sosial stabilliyin möhkəmlənməsi üçün strateji addım hesab edilə bilər. Əgər fəaliyyət düzgün planlanarsa, bu təşəbbüs həm yerli əhali üçün real fayda verəcək, həm də Azərbaycanın reinteqrasiya siyasətinə əlavə dəyər qatacaq”.

Şakir Ağayev: “Bütün işlər Azərbaycan hökuməti tərəfindən icra edilirsə, fövqələdə bir hadisə yoxdursa, hazırda Qırmızı Aypara Cəmiyyətinin Xankəndində ofisinin açılması lüzumsuzdur”

“Novoe vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qırmızı Aypara Cəmiyyəti öz funksiyasına uyğun olaraq, yardıma ehtiyacı olan yerlərdə ofis açır: “Bu gün işğaldan azad edilən Qarabağın bütün bölgələrində görülən hər bir iş Azərbaycan dövləti, dövlət büdcəsi hesabına həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin tapşırığı və nəzarəti ilə o torpaqlar yenidən canlanır. Bu işlər sürətli şəkildə həyata keçirili, tikinti, infrastruktur layihələri uğurla icra edilir. Demək olar ki, hər gün bərpa olunan yerlərə sakinlər köçürülür. Bu işlər Azərbaycan hökuməti tərəfindən icra edilirsə, fövqələda bir hadisə yoxdursa, hazırda QırmızıAypara Cəmiyyətinin Xankəndidə ofisinin açılması lüzumsuzdur”.

Günel CƏLİLOVA

Seçilən
13
baki-xeber.com

1Mənbələr