Bakı, 14 avqust, AZƏRTAC
Harvard Universitetindən Tomer Ullman və komandası müəyyənləşdirib ki, insanlar gözlə görünməyən bir hərəkətli topun trayektoriyasını asanlıqla təsəvvür edə bilirlər. Lakin iki topu eyni anda izləməkdə çətinlik çəkirlər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırma barədə “Nature Communications” jurnalında məlumat dərc olunub.
Məlumata görə, iştirakçılara əvvəlcə bir, sonra isə fərqli formalarda hərəkət edən iki top göstərilib. Toplar yoxa çıxdıqdan sonra iştirakçılar onların yerini müəyyənləşdirməli olublar. Bu zaman bir topun izlənilməsi uğurlu alınıb, amma iki top izlənərkən dəqiqlik xeyli azalıb.
Alimlər bunun səbəbini beynin obyektləri paralel deyil, ardıcıl şəkildə izləməsi ilə izah ediblər.
Tomer Ullman bildirib ki, bu araşdırma təxəyyülün sərhədlərinin müəyyənləşdirilməsində yeni imkanlar açır və gələcəkdə bu sahədə daha çox tədqiqatın aparılması planlaşdırılır.