AZ

Bakıda “Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 14 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilati dəstəyi ilə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) tərəfindən maliyyələşdirilən “Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “Investment Readiness” adlı “bootcamp” keçirilir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Mərkəzi Asiya+ Akselerasiya” proqramının əsas məqsədi regionun yüksək potensiallı innovativ startaplarının beynəlxalq bazarlara çıxış imkanlarını artırmaq, onları investisiya cəlb etməyə hazırlamaq və marketinq, maliyyə planlaşdırılması, hüquqi biliklər, eləcə də strateji yönləndirmə sahələrində inkişaf etdirməkdir. Bu təşəbbüs Azərbaycanın 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında qeyd olunan elm və sənaye 4.0 klasterinin formalaşdırılması, ölkəyə xarici istedadların cəlb olunmasının stimullaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Açılış nitqində 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov bildirib ki, Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində artan potensialı, bu tip beynəlxalq proqramlarla daha da sürətlənir. “Bu proqram yerli və regional sahibkarların investorlarla əlaqələr qurmasına, startaplarını genişləndirməsinə və sənaye subyektləri ilə əməkdaşlıq etməsinə imkan yaradır. Tədbirdə müxtəlif ölkələrdən startapların təmsil olunması bizə, həmçinin Azərbaycanın xarici istedadlara yönəlik imkanlarını təqdim etmək üçün də fürsət rolunu oynayır”. Qeyd olunub ki, bu “bootcamp” tədbiri Azərbaycanın təkcə regionun deyil, həm də Mərkəzi Asiyanın texnoloji gələcəyində aktiv oyunçu olmaq gücündə olduğunu göstərir.

UNESCAP-ın Birbaşa Xarici İnvestisiyalar (FDI) proqramlarının rəhbəri Hizer Teylor-Straus innovativ startapların böyüməsi və yeni bazarlara çıxış imkanlarının artırılmasında regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, 4SİM, SABAH.HUB, ITFC, GUIDE və bütün regional tərəfdaşlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirərək, bu əməkdaşlığın təşəbbüslərin təsirini və aktuallığını gücləndirdiyini qeyd edib, regiondakı bütün iştirakçıların ekosistemlərini dəstəkləmək üçün əməkdaşlığa hazırlığını və təşəbbüskarlığını yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən SABAH.HUB İnnovasiya Mərkəzinin İdarə Heyətinin üzvü Orxan Abbasov isə proqramın startap icması üçün yaratdığı imkanları yüksək qiymətləndirib. Belə proqramların gənc texnologiya sahibkarları üçün yalnız mentorluq və təlim imkanları deyil, eyni zamanda, qlobal bazarlara çıxış və real investisiya imkanları yaratdığı bildirilib. Daha sonra Sabah.city layihəsi tədbir iştirakçılarına təqdim olunub və burada yalnız yerli deyil, həmçinin beynəlxalq startap və innovasiya ekosistemi üçün nəzərdə tutulan imkanlar barədə məlumat verilib.

İki gün davam edəcək “bootcamp”da Mərkəzi Asiya və Azərbaycandan ümumilikdə 14 startap iştirak edir. Onlar praktiki sessiyalar, investor-startap rol oyunları və təqdimatlar sayəsində həm nəzəri biliklərini artıracaq, həm də real bazar ssenariləri üzərində təcrübə qazanacaqlar.

Proqramın ən uğurlu iştirakçıları isə 2026-cı ilin yazında Honkonqda keçiriləcək “Jumpstarter” startap sammitində iştirak hüququ qazanacaqlar. Bu isə onların investorlar, texnoloji şirkətlər və Asiyanın innovasiya liderləri ilə birbaşa təmas qurmasına imkan yaradacaq.

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı “UNESCAP”, “ITFC” və startap ekosisteminin inkişafına dəstək göstərən “GUIDE” təşəbbüs inkişaf qurumu tərəfindən dəstəklənir. “Gobi Partners” vençur kapital şirkəti proqramın investisiya tərəfdaşıdır. Azərbaycanda proqramın icraçısı və strateji tərəfdaşı 4SİM-dir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
3
azertag.az

4Mənbələr