AZ

İsveçrə Azərbaycan reallıqlarını tanıdı, təxribatçı sənədləri rədd etdi TƏHLİL

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci il avqustun 11-də İsveçrə Parlamentinin Yuxarı Palatası – Dövlətlər Şurasının Xarici Əlaqələr Komitəsində Qarabağ məsələsinə dair müzakirələr keçirildi. İclasda Cenevrə kantonu parlamentinin təqdim etdiyi “Dağlıq Qarabağın ilhaqı. Azərbaycanda siyasi məhbuslar” və “erməni mədəni irsinin qorunması” kimi təşəbbüslər müzakirə olundu.

Bu sənədlərdə Azərbaycana qarşı birtərəfli ittihamlar irəli sürülür, ölkə məhsullarının İsveçrəyə idxalının qadağan edilməsi və Qarabağdakı ermənilərin “öz müqəddəratını təyin etmə hüququ”nun tanınması tələb olunurdu.

İqnazio Kassis: Qarabağda humanitar böhran yoxdur

Komitə bu təklifləri bir tərəfli və qərəzli hesab edərək plenar iclasa çıxarmamaq qərarı verdi. Rəsmi mövqeyə görə, belə sənədlər İsveçrənin balanslı və neytral xarici siyasət prinsiplərinə ziddir. Bu addım həm də İsveçrənin münaqişədə tərəfsiz mövqeyini qorumaq niyyətini təsdiqlədi.

İclasda çıxış edən xarici işlər naziri İqnazio Kassis Qarabağda humanitar böhran səviyyəsində vəziyyət olmadığını vurğuladı. O, İsveçrənin tərəflər arasında dialoqu təşviq edəcəyini, lakin Azərbaycana qarşı mövqe tutmayacağını bildirdi.

Qərəzli sənədlər rədd edildi

Qeyd edək ki, 2024-cü ilin dekabrında Milli Şura “Dağlıq Qarabağdakı ermənilərin təhlükəsiz qaytarılması üçün sülh forumu” təşəbbüsünü dəstəkləmiş, 2025-ci ilin martında Dövlətlər Şurası Motion No. 24.4259-u qəbul etmişdi. Bu qərar əsasında “Swiss Peace Initiative” adlı çoxpartiyalı komitə yaradılmışdı.

Son iclasda isə qərəzli sənədlərin rədd edilməsi göstərdi ki, İsveçrə parlamenti daxili siyasi və diaspora təzyiqlərinə baxmayaraq, beynəlxalq hüquq və neytrallıq prinsiplərinə sadiq qalır. Bu mövqe İsveçrənin gələcəkdə vasitəçilik missiyaları üçün etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

700 min azərbaycanlının didərgin düşməsi sənəddə əksini tapmayıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov APA-ya açıqlamasında bu layihənin Azərbaycan dövlətinə və xalqına qarşı çirkin iddialarla zəngin olduğunu qeyd edib.

“İsveçrə parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi 11 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının keçmiş işğal olunmuş torpaqları ilə bağlı “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması” adlı qətnamə layihəsini rədd edib. Bu layihə Azərbaycan dövlətinə və xalqına qarşı çirkin iddialarla zəngin idi. Qətnamə layihəsində Azərbaycan torpaqlarının 30 il ərzində işğalda qalması faktı nəzərə alınmamış, bu məsələyə heç bir diqqət yetirilməmişdi. Azərbaycan vətəndaşlarından 700 minə yaxın insanın ata-baba yurdlarından didərgin salınması, onların işğaldan azad edilmiş torpaqlara qayıtması üçün yaranmış çətinliklər, həmin torpaqların minalanması, insanların evlərinin və yurd yerlərinin dağıdılması kimi faktlar qeyd edilməmişdi. Əvəzində isə qondarma bir rejimə istinad edilərək guya Azərbaycanın həmin ərazilərdə yaşayan erməniləri zorla çıxardığı və ya onlara qarşı etnik təmizləmə həyata keçirdiyi iddia olunurdu. Bu kimi əsassız iddialar layihədə əksini tapmışdı,” dyə o, bildirib.

İsveçrə Azərbaycan reallıqlarını qəbul edir

Ekspert xatırladıb ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin birbaşa müdaxiləsi və səyləri nəticəsində layihə qəbul edilmədi: “Burada mühüm məqam ondan ibarətdir ki, bu sənəd Ermənistandakı radikal qrupların nümayəndələrinin birbaşa iştirakı, ermənipərəst deputat və parlamentarilərlə əlaqələri, habelə erməni lobbiçilərinin fəaliyyəti nəticəsində irəli sürülmüşdü. Bu ilin əvvəlində Ermənistan mətbuatı yazırdı ki, radikal erməni qrup nümayəndələri dəfələrlə İsveçrəyə səfər edərək orada parlamentarilərlə görüşmüş, hətta bu görüşlər nəticəsində “Azərbaycan və ‘Dağlıq Qarabağ nümayəndələri’ arasında Dialoq platformasının yaradılması” təklifi hazırlanmış və 2025-ci ilin mart ayında İsveçrə parlamentində irəli sürülməsi planlaşdırılmışdı.”

Vasif Hüseynov qeyd edib ki, İsveçrə parlamentində Cənubi Qafqazdakı sülh prosesinə mane olacaq, tamamilə qərəzli və həqiqətdən uzaq təşəbbüslərin ortaya atıldığı açıq görünürdü: “Lakin 10 avqust tarixində sonuncu qətnamənin parlament tərəfindən rədd edilməsi göstərdi ki, artıq Azərbaycan Respublikasının yaratdığı yeni reallıqları bütün dünya dövlətləri, o cümlədən İsveçrə qəbul edir. Onlar anlayırlar ki, radikal erməni qruplarının təşəbbüsü ilə ortaya çıxan bu kimi sənədlər Cənubi Qafqazda sülhə töhfə vermir, əksinə, İsveçrənin region ölkələri, xüsusilə də Azərbaycanla münasibətlərinə zərər vurur. Xüsusilə də 8 avqust tarixində Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra bu cür bəyanat və qətnamələrin qəbul edilməsi yalnız Cənubi Qafqazda sülhə və sabitliyə təhdid xarakteri daşıyan məkrli layihələr kimi qiymətləndirilə bilər və onların sülhpərvər addımlar kimi təqdim edilməsi mümkün deyil.”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
apa.az

2Mənbələr