AZ

Azərbaycanda görün adamlar ən çox nə yeyir: STATİSTİKA

  Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, ölkədə adam başına düşən illik orta istehlak miqdarında süd və süd məhsulları liderlik edir – 244,9 kiloqram. Onun ardınca yumurta (163 ədəd), çörək məhsulları (131,5 kq), tərəvəz (113,4 kq), kartof (77,8 kq) və ət məhsulları (36,1 kq) gəlir. Ən az istehlak edilən qida isə balıqdır – cəmi 7,8 kq.

Niyə ət və balıq qida rasionunda azlıq təşkil edir? Bu, ət məhsullarının qiymətinin yüksək olması ilə bağlıdır, yoxsa başqa səbəblər də var?

İnsanların sağlam yaşaması və xəstəliklərin qarşısının alınması üçün düzgün və balanslı qidalanma əsas şərtlərdən biridir. Dünyanın aparıcı səhiyyə qurumları – o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), ABŞ-ın Kənd Təsərrüfatı Departamenti (USDA) və digər milli qida təhlükəsizliyi qurumları insan rasionunun tərkibinə dair ümumi və elmi əsaslara söykənən tövsiyələr irəli sürürlər.

Bu tövsiyələrə əsasən, sağlam bir insanın gündəlik və illik qida qəbulunda müxtəlif qida qrupları arasında tarazlıq olmalı, rasion həm enerji, həm də vitamin-mineral ehtiyaclarını qarşılamalıdır. ÜST-ün və digər təşkilatların tövsiyələrinə görə, sağlam qidalanmanın əsasını meyvə və tərəvəzlər, tam taxıllar, zülal mənbələri (ət, yumurta, süd məhsulları, paxlalılar), sağlam yağlar və bol su təşkil etməlidir. Şəkərin, duzun və trans yağların miqdarı isə ciddi şəkildə məhdudlaşdırılmalıdır.

Orta fiziki aktivlik göstərən, gündəlik 2000–2500 kilokalori enerji ehtiyacı olan yetkin bir insan üçün illik qida qəbulu təxmini olaraq belədir:

Taxıl məhsulları (çörək, düyü, yulaf və s.) – 90–120 kq (gündə 250–330 qram)
 

Meyvə və tərəvəzlər – 220–270 kq (meyvə 100–120 kq, tərəvəz 120–150 kq)

 

Ət məhsulları – 25–35 kq

 

Balıq – 10–15 kq

 

Yumurta – ildə 180–220 ədəd (təxminən 10–12 kq)

 

Süd və süd məhsulları – ildə 180–220 litr/kq

 

Bitki yağları – ildə 10–12 kq

 

Paxlalılar – ildə 8–12 kq

 

Şəkər – ildə 10–15 kq (gündəlik kalorinin 10%-dən çox olmamalıdır)

 

Duz – ildə 1,5–2 kq (gündə 4–5 qram)

 

Su – ildə 550–1000 litr (gündə 1,5–3 litr)



İlkin Şirinov 

Referans xəbər verir ki,  Qida eksperti İlkin Şirinov Musavat.com-a açıqlamasında bildirib ki, bu göstəricilərdə bir neçə mühüm amil rol oynayır:
“Ənənəvi Azərbaycan mətbəxində tərəvəz, süd və süd məhsulları hər zaman üstünlük təşkil edib. Bu məhsullarla yemək hazırlamaq həm daha asan, həm də daha ucuz başa gəlir. Ət və balığın az istehlak olunması məsələsi son dövrlərdə daha çox müzakirə edilir. Burada xüsusilə gənclər arasında bəzən ‘veqanlıq’ və ya ‘vegetarianlıq’ meylləri səslənir. Yəni sanki ət yeməklərinə qarşı xüsusi bir baxış formalaşıb və gündəlik menyudan çıxarılır”.

Ekspertin sözlərinə görə, digər əsas səbəb qiymət amilidir: “Son illərdə ətin və balığın qiymətləri ciddi şəkildə artıb – bəzi yerlərdə balıq 10–15 manata, ət isə 15–25 manata satılır. İnsanlar büdcələrinə uyğun olaraq tərəvəz və süd məhsullarına daha çox üstünlük verirlər. Balığın qiyməti ilə müqayisədə tərəvəz, süd, qatıq məhsulları, yumurta və digər kənd təsərrüfatı məhsulları daha ucuzdur. Bu da birbaşa insanların qidalanma vərdişlərinə təsir edir. Üstəlik, pəhriz və dietoloq tövsiyələrində də bu məhsulların payı daha yüksəkdir”.

İqlim şəraiti də mühüm amildir. Məsələn, balıq hər fəsildə yeyilmir. Yay mövsümündə isə ət və ət məhsullarının istehlakı azalır. Digər tərəfdən, insanların pəhriz saxlaması və dietoloqların tövsiyələri də nəzərə alınarsa, burada ət və balıq məhsullarına daha az önəm verilir, daha çox tərəvəz, qatıq və süd məhsullarına üstünlük verilir.

Bu kimi amillər insanların qidalanma seçimlərinə birbaşa təsir göstərir.  

Seçilən
27
referans.az

1Mənbələr