AZ

“Vaşinqton razılaşması kənar güclərin Cənubi Qafqaza müdaxilə imklanını minimuma endirib”

“Vaşinqton görüşündən sonra Cənubi Qafqazda yeni mərhələ başlayıb. Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanan hüquqi sənədlər Cənubi Qafqazın gələcək taleyini daha fərqli istiqamətlərə yönəltmək baxımından həlledicidir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib. Ekspertin sözlərinə görə, Vaşinqton görüşü və bu görüşdə əldə edilən razılaşmalar kənar güclərin Cənubi Qafqaza müdaxilə imkanlarını əhəmiyyətli dərəcədə əngəlləyib:

“İndi Cənubi Qafqazın inkişaf perspektivlərinin önü tamamilə açılıb. Ən əsası isə, Cənubi Qafqaza kobud kənar müdaxilə imkanları ciddi şəkildə məhdudlaşıb. ABŞ prezidenti Donald Trampın üçtərəfli anlaşmada imzasının olması o deməkdir ki, ABŞ Cənubi Qafqaza dolayısı ilə sülh və təhlükəsizlik təminatı verib. Bu baxımdan da regiona kobud müdaxilə imkanları böyük ölçüdə məhdudlaşıb. Bundan sonra Rusiyanın, İranın Cənubi Qafqaza müdaxilə etmək şansları minimuma enib. Təbii ki, müəyyən cəhdlər göstəriləcək. Lakin həm Rusiya, həm də İranın regional təsir mexanizmləri artıq öz əhəmiyyətini itirməyə başlayıb.

Digər tərəfdən Cənubi Qafqazda yeni situasiyanın yaranması, Fransa və Fransa kimi ermənpərəst Qərb siyasi dairələrinin də Cənubi Qafqaza müdaxilə imkanlarını məhdudlaşdırıb. ABŞ prezidentinin də iştirakı ilə Azərbaycan və Ermənistan arasında əldə edilən anlaşma sülhün bərqərar olması istiqamətində atılmış həlledici addımdır. Qərbdə artıq bu addıma qarşı çıxmağa əsla cəsarət göstərməyəcəklər.

Zaman keçdikcə, məlum olmağa başlayacaq ki, erməni diasporunun da sıradan çıxması qaçılmazdır. Qlobal məkanda erməni diasporunun təsiri öz əhmiyyətini itirəcək. Bunun ilkin əlamətləri artıq görünməkdədir. Erməni diasporunun rüşvət və təsiri ilə hazırlanann Azərbaycan əleyhinə bir neçə sənədin İsveçrə parlamentində rədd edilməsi bunun göstəricisidir. Görünür ki, erməni diasporu əvvəlki dönəmdən fərqli olaraq anti-Azərbaycan fəaliyyətini reallaşdıra bilməyəcək.

Böyük ehtimalla, bir çox Avropa dövlətləri ABŞ-ın Cənubi Qafqazda sülhyaratma təşəbbüslərindən ciddi şəkildə təsirləniblər. Buna görə də bu prosesə əngəl törədə biləcək addımlar atmaqdan çəkinirlər. Buna görə ermənilərin verdiyi rüşvətlərlə hazırlanan sənədlərin Avropa dövlətlərinin parlamentlərində Azərbaycana qarşı yönəldilməsi dövrü də artıq başa çatır. Fransanın bundan sonra birbaşa ermənipərəst siyasət yürütmək imkanları məhdudlaşır. Çünki Cənubi Qafqazda əsas geopolitik oyunçuları sırasına ABŞ da daxil olduğu üçün Fransa Ermənistan üzərindən aranı qarışdırmaq və bu yolla regiona yerləşmək cəhdlərinin uğursuz olacağını anlayır.

ABŞ-ın əsas oyunçulardan olduğu bir regionda Fransanın təmsilçiliyi demək olar ki, mümkün deyil. Bütün bunları ümumiləşdirəndə belə qənaətə gəlmək olar ki, Vaşinqton görüşü və bu görüşdə imzalanan sənədlər Cənubi Qafqazın gələcəyini ciddi şəkildə dəyişib və bu regionda olduqca önəmli yeni inkişaf mərhələsinə start verib. Bu mərhələdə də nə Rusiya, nə İran, nə Fransa, nə də Avropanın qərəzli qurumlarının Cənubi Qafqaza kobud müdaxiləsi mümkün deyil”.

Seymur ƏLİYEV

 

Seçilən
37
moderator.az

1Mənbələr