AZ

20 yaşlı məğlubiyyətsiz MMA döyüşçümüz: Konor Makqreqorla eyni xarakterə sahibik

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Uduzmaqdan qorxmaq yox, hazırlıqlı olmaq lazımdır".

Bunu Oxu.Az-a müsahibəsində məğlubiyyətsiz MMA döyüşçüsü, 20 yaşlı Məhəmmədəli Osmanlı deyib. O, bu idman növünə yanaşmasından, döyüşə başladığı ilk müddətdən və Azərbaycanda bu idman növünə olan maraqdan bəhs edib.

Onunla müsahibəni təqdim edirik:

- Əvvəla müsahibəni qəbul etdiyiniz üçün təşəkkür edirəm. İlk sualım belədir: Döyüş idmanına marağınız necə və nə zaman başladı? Bu yola çıxmağınıza nə və ya kim səbəb oldu?

- Mən bu idman növünə 7 yaşımda başlamışam. Dayım Əhəd Məmmədov peşəkar döyüşçü olub. O, mənə çox kömək etdi. Döyüş sənətləri ilə marağım elə o vaxtlardan başladı və tədricən formalaşdı.

- İlk dəfə rinqə çıxdığınız zaman nə hiss etdiniz? Qorxu, həyəcan, yoxsa başqa duyğular?

- Uşaq olanda, təbii ki, həyəcan olurdu. Amma zamanla, təcrübə topladıqca qorxu yox oldu. Mən özümü rahat hiss etməyə başladım və döyüşə daha hazır idim.

- Bəs ilk peşəkar döyüşünüz necə keçdi?

- Peşəkar döyüşlərə 15 yaşımda başladım. O vaxtlar çox həyəcanlı olmasam da, hazırlığım yaxşı deyildi. Təcrübə və düzgün məşq olmadığı üçün məğlubiyyətlərim də oldu. Lakin bu məğlubiyyətlər mənim üçün böyük dərs oldu.

- Məğlubiyyətlə barışmaq sizə nə öyrətdi?

- Məğlubiyyətlərdən dərs almaq və onları öz inkişafım üçün motivasiya kimi istifadə etmək lazım olduğunu öyrəndim. Məğlub olmaq idman həyatının bir hissəsidir, əsas odur ki, ondan güclü çıxasan.

- Döyüşdən öncə psixoloji hazırlığı necə edirsiniz?

- Döyüşçünün komandası çox önəmlidir. Mənim qardaşım və yaxın dostlarım yanımda olurlar, onlar mənə böyük motivasiya verirlər. Psixoloji dəstək mənim üçün çox vacibdir.

- Ümumiyyətlə, döyüşçünü digərlərindən fərqləndirən ən vacib keyfiyyət nədir? Fiziki güc, taktika, yoxsa psixoloji davamlılıq?

- Fiziki güc və taktika əlbəttə önəmlidir, amma ən əsası psixoloji davamlılıqdır. İdmanda güclü olmaq üçün insanın psixoloji cəhətdən də hazırlıqlı olması lazımdır. Məncə, qorxu və stresi idarə edə bilmək əsas amildir.

- İndiyə qədərki döyüşlərin arasında sizə ən çətin və yaddaqalan olanı hansıdır?

- Ən yaddaqalan döyüşüm Azərbaycanda keçirdiyim bir görüş oldu. O döyüş çox maraqlı və gərgin keçdi. Azərbaycanda belə yüksəksəviyyəli döyüşlər az olur, buna görə də xüsusi əhəmiyyət kəsb edir.

- Sizin üçün ilham mənbəyi olan idmançılar kimlərdir? Yerli və beynəlxalq səviyyədə kimləri nümunə götürürsüzün?

- Azərbaycanda nümunə götürəcəyim çox adam yoxdur, amma bəzi yerli idmançılar, məsələn, Vüqar Kərimov və Rafael Fiziyev kimi döyüşçülər mənim üçün önəmlidir. Beynəlxalq səviyyədə isə psixoloji baxımdan güclü idmançılardan ilham alıram. Daha çox Konor Makqreqorun döyüşlərini izləyirəm. Düşünürəm ki, biz onunla eyni xarakterə sahibik.

- Gələcəkdə idman karyeranızı necə görürsünüz? Döyüşçülükdən sonra məşqçi kimi davam etməyi düşünürsünüz?

- İdman mənim üçün həyat fəlsəfəsidir. Yaşım əlverişli olduğu müddətcə döyüşməyə davam edəcəyəm, sonra isə məşqçi kimi fəaliyyət göstərmək istəyirəm.

- Bəs sizin gələcək planlarınız nədir? Özünü 3-5 ildən sonra hansı liqalarda və hansı səviyyədə görürsünüz?

- Məqsədim bu idmanla bağlı xəyalımı reallaşdırmaqdır. Sadəcə özümü inkişaf etdirmək istəyirəm.

- Azərbaycanda ilk dəfə UFC yarışı keçirildi. Siz həmin yarışları izləmisiniz? Orada döyüşənlərdən biri olmaq istəyərdiniz?

- Bəli, mən orada idim və izlədim. Təbii ki, mən də orada iştirak etmək istərdim.

- Azərbaycanda gənc döyüşçülər üçün kifayət qədər dəstək varmı? Hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Məncə, idmançılar üçün əlavə imkanlar yaradılmalıdır ki, həqiqətən potensiallarını göstərə bilsinlər. Ümumilikdə inkişaf gedir, əvvəlki illərlə müqayisədə vəziyyət yaxşılaşıb, amma hələ çox iş görülməlidir.

- Sosial şəbəkələrdə və xarici ölkələrdən dəstək alırsınız?

- Bəli, Türkiyədən çox böyük dəstək gəlir. Oradakı insanlar və kanallar mənə çox motivasiya verirlər.

- Xarici ölkələrdə çıxış etmək barədə fikriniz necədir?

- Hazırda karyeramı elə Azərbaycanda davam etdirmək istəyirəm. Amma təklif olsa, xarici ölkələrdə də döyüşməkdən çəkinmərəm. Əsas məqsədim Azərbaycanı ən yaxşı şəkildə təmsil etməkdir. Mən həmişə istəyirəm ki, Azərbaycanın bayrağını qaldırım. Türkiyə qardaş ölkədir və oradakı dostlarımı çox sevirəm. Amma mənim üçün Azərbaycan bayrağı hər şeydən önəmlidir. Bu mənim üçün həm məsuliyyət, həm də şərəfdir.

- Azərbaycanı beynəlxalq aləmdə təmsil etmək sizə necə bir məsuliyyət yükü gətirir?

- Bu, çox böyük məsuliyyətdir. Azərbaycanı təmsil etmək həm şərəf, həm də böyük vəzifədir. Mən həmişə bu vəzifənin fərqindəyəm və üzərimə düşən işi layiqincə yerinə yetirməyə çalışıram. Azərbaycanda MMA-nı beynəlxalq arenada təmsil etmək böyük məsuliyyət yükü gətirir. Bəzən müəyyən problemlər olur, ya hər şey istədiyimiz kimi getmir, amma sən çıxıb döyüşməlisən, bayrağımızı yüksəltməlisən. Mən demirəm ki, hər zaman qalib gəlməlisən, uduzmaq da idmanın bir hissəsidir. Amma həmişə yaxşı hazırlaşmalısan. Bəzən görürsən ki, bəzi döyüşçülər pul üçün, az miqdarda haqq alaraq çıxıb döyüşürlər. Bu, həm Azərbaycanda, həm də qonşu ölkələrdə olur. Amma bu, düzgün deyil və mən bunu heç vaxt qəbul etməmişəm. Hətta bu barədə iki dəfə mübahisə etmişəm. Bu, həm özünə, həm də idmana hörmətsizlikdir. Mən çox çalışıram, özümə ciddi yanaşıram. Məşqlərə gedirəm, bəzən yorğun oluram, bədənim ağrıyır, amma davam edirəm. Çünki məqsədim uduzmamaq, məğlubiyyətlə barışmamaq, çempion olmaqdır. Əfsanə olmaq istəyirəm. Bu işdə yalnız hazırlıqla qalib gəlmək mümkündür. Heç kim sənin dəstəyin olmadan sənə uğur qazandırmaz. Sən yaxşı hazırlaşmalısan və uğur üçün çalışmalısan. Bəzən məşhur döyüşçülər yarışa az müddət qalmış zədələnirlər və döyüşə gedirlər. Bu, düzgün deyil, belə şeylər idman etikası ilə uzlaşmır.

- Sizcə, bu idman növünə hansı yaş aralığında başlamaq daha yaxşıdır?

- Məncə, uşaqlıqdan başlamaq faydalıdır, amma hər kəs öz bədəninə və şəraitinə görə başlamalıdır. Məsələn, boks və güləş kimi əsas idman növləri ilə məşğul olmaq yaxşı təməl yaradır. Hər kəsin həyat şəraiti fərqlidir, amma əsas olan psixoloji və fiziki güclənmədir. Güləşdə olan bacarıqlar MMA üçün çox önəmlidir. Mən güləşçi olduğum üçün çox vaxt rəqiblərim məni yerə yıxa bilmirlər, bu, mənim üçün üstünlükdür. MMA-da çıxış edərkən özümü rahat hiss edirəm. Güləş təcrübəm psixoloji olaraq da güc verir. Rəqiblərimə qarşı üstünlük yaradır. Bəzi insanlar qələbələrini çox qabardırlar, amma mən düşünürəm ki, qələbə yalnız fiziki deyil, həm də psixoloji güc tələb edir. Qələbə qazanan idmançıların arxasında böyük səbəblər və məşq prosesi dayanır. Psixoloji hazırlıq da çox önəmlidir. Məsələn, spirtli içki, siqaret və narkotik maddələr kimi zərərli vərdişlərə icazə yoxdur. Əgər sən özünü bu cür şeylərdən uzaq tutmasan, təbii ki, nəticə yaxşı olmayacaq.

Konor Makqreqorun çıxışı ilə bağlı da çox müzakirələr oldu. Onun oktaqona iki il sonra qayıtması və sonradan aldığı nəticələr bəziləri tərəfindən fərqli qiymətləndirildi. Amma o, özünü yaxşı göstərdi. Mən həmişə dürüstlüyə önəm verirəm. Zədə idmanın ayrılmaz hissəsidir və ən ağır zədələr də olur. Mən də öz karyeramda ciddi zədələr almışam, məsələn, dizimdə ciddi problem yaşamışam və uzun müddət müalicə almışam. Psixoloji dəstək də çox önəmlidir. Zədə sonrası bərpa prosesində psixoloji yanaşma idmançının geriyə dönməsində böyük rol oynayır. Uzun müddət döyüş meydanından uzaq qalmaq idmançının karyerasına mənfi təsir göstərə bilər. Belə hallarda karyeranı bitirmək barədə düşünmək lazım gəlir. İdmanda uğur qazanmaq üçün ciddi hazırlıq və davamlılıq vacibdir. Əgər idmançı bu səyləri göstərmirsə, o zaman əfsanə olmaq çox çətindir və o, digər ulduz idmançıların kölgəsində qala bilər.

Azərbaycan döyüşçülərindən biri kimi Vüqar Kərimovu misal çəkə bilərik. O, ölkəmizin ulduz döyüşçülərindən biridir. Bəzi döyüş növlərində Azərbaycan idmançılarını daha az görürük, amma digər növlərdə performansları kifayət qədər yaxşıdır. Hər idmançının fərqli inkişaf yolu və yanaşması olur. Mən deyə bilərəm ki, bəzən idmançılar fərqli həyat seçimləri edirlər. Bəlkə istəsələr, daha yaxşı nəticələr göstərə bilərlər, amma müəyyən məqamlarda fərqli yanaşma və strategiyaya ehtiyac var.

- Sizcə, Tofiq Musayev Azərbaycanda keçirilən ən yüksəksəviyyəli yarışlardan birində necə çıxış etdi?

- Məncə, o, bu döyüşə çox yanlış hazırlaşmışdı. Qarşıdakı rəqibi ilə döyüşə güləş üslubunda hazırlaşmaq əvəzinə fiziki güclə qalib gəlmək üçün hazırlaşdı. Nəticədə də məğlub oldu. Tofiqin fiziki gücü çox önəmlidir. Döyüş zamanı vurulan və ya aldığın zərbələr bəzən ciddi olur. Tofiq dedi ki, rəqibim 5 kiloqram ağırdır. Çəki fərqi 1-2 kiloqram olsa, elə də böyük problem deyil, hətta 5 kiloqram artıq çəki də böyük fərq yaratmır. Mən belə düşünürəm ki, 4 dəfə uduzsam da, bəhanə gətirmərəm. Deyərəm ki, yaxşı hazırlaşmamışam. Döyüş elə bir andır ki, orada 5 kiloqram fərq hiss olunmur. Azərbaycan döyüşçüləri dünya çempionatlarında güclüdürlər. Fiziki cəhətdən yaxşı hazırlaşırlar. Ora çıxanda 5 kiloqram çəki fərqini hiss etmək olmur. Çünki döyüş çox sürətli və intensiv keçir. Bəzi idmançılar çəki məsələsini bəhanə kimi istifadə edirlər. Amma əgər yaxşı hazırlaşırsansa, fərq etməz. Döyüş zamanı hiss eləmirsən ki, rəqibin çəkisi nə qədərdir. Atmosfer o qədər gərgindir ki, döyüş zamanı heç nə hiss etmirsən. Sadəcə bədən yorulduqda sonra ağrılar başlayır.

- Bir az da şəxsi həyatınızla bağlı danışmaq istəyirəm. Döyüş meydanından kənarda sizi necə insan kimi tanıya bilərik?

- Mən artıq çox yerlərdə gəzmirəm, çayxanalara da getmirəm. İdmançı kimi fərqlənmək istəyirəm, çox göz önündə olmaq istəmirəm. Sadəcə yaxın dostlarımla vaxt keçirirəm. Ətrafında az insan olmalıdır. Güvəndiyin, səni arxandan vurmayacaq insanlar yanında olmalıdır. Ona görə də ətrafımı təmizləmişəm. Yaxın dostlarım və qardaşlarım var. Şəhərə çıxanda sadəcə onlarla oluram, başqa kimsə yanımda olmur.

- Öz ad-soyadınız çox fərqli və diqqətçəkəndir - "Osmanlı" soyadı sizə hansı mənəvi yükü verir?

- Məmmədəli adını atam qoyub və ona çox hörmət edirəm. Bu ad mənə xüsusi mənəvi yük verir. Atam idmana çox önəm verirdi, həmişə məni idmanla məşğul olmağa təşviq edirdi. Amma təhsilə də diqqət yetirməyimi istəyirdi. Təhsilə isə marağım yoxdur, amma yenə də önəmli olduğunu bilirəm.

- Gənclərə və bu idmanla maraqlanan yeniyetmələrə hansı mesajı vermək istərdiniz?

- Xəyal qura, düşünə və bunu dilə gətirə bilirsənsə, demək ki, bunu edə bilərsən, hər istədiyini həyata keçirə bilərsən. Çünki bu, həqiqətən bir fəlsəfədir və diqqətlə yanaşsaq, uğur gətirər. Mən istəyirəm ki, mənim yaşıdlarım, məndən kiçik və yaxud böyük olanlar idmana başlamaq istəyirlərsə, bunu düşünmədən etsinlər. Amma bu yolda çox əziyyət çəkəcəklər. Əgər əziyyətə hazır deyillərsə, başqa yol axtarsınlar. Az əziyyət çəkən heç nə əldə edə bilməz. Biz bu dostluğu, canlılığı itirməməli, psixologiyamızı və düşüncəmizi qorumağı bacarmalıyıq. Bu, həqiqətən belədir.

"TikTok"da özünü böyük göstərməyə çalışanlara baxıb deyirəm ki, mən yalnız döyüşlərimdən videolar paylaşır və həmişə reallığı göstərirəm. Yolumu paylaşmaq istəyirəm, amma özünü göstərmək yox. Bəzi məşqçilərin peşəkar lisenziyası yoxdur, bu düzgün deyil. Azərbaycanda bunun qarşısı alınmalıdır. Bizim idmançılar buna diqqət etməlidirlər. Mənə çox dəstək olan insanlara təşəkkür edirəm. Düz olan idmançı yüksələndə ona dəstək olmalıdırlar, onu kölgədə qoymamalıdırlar. Mənim arxamda dayananlar göz önündə olmalıdırlar, çünki onlar məni irəli aparırlar. Yarışlardan əvvəl motivasiya üçün xüsusi dəstək alıram və buna görə Zabit Səmədova və onun köməkçilərinə minnətdaram.

Anar Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
oxu.az

3Mənbələr